O ilana ulduzu mütləq göstərmək lazımdır

O ilana ulduzu mütləq göstərmək lazımdır

O ilana ulduzu mütləq göstərmək lazımdır

“Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bir neçə ay əvvəl Kəlbəcərdə Azərbaycan bayrağını ucaldarkən demişdi. Dəqiq ifadə idi. Hamıya inanmaq mümkündür, amma erməniyə yox. Onlara inandıq və bir əsrdə 3 dəfə uşaqlarımızı qundaqda qətlə yetirdilər, diri-diri dərilərini soydular, ən qəddar təcrübələri həyata keçirdilər.

Bəşəriyyəti bu illətdən qurtarmaq üçün ötən ilin bu vaxtları əlimizə böyük imkan düşmüşdü. Onlara tarixin ən böyük dərslərindən birini verdik. Qol-budaqlarını kəsdik. Gizləndikləri lağımlara tüstü qoyduq, bizim 30 il əvvəl yaşadıqlarımızı birbəbir onlara yaşatdıq. Onların da anaları gözü yaşlı qaldı, necə ki, illərlə bizim analar oğul dağının acısını dadmışdılar. Amma bu ilanın başını əzmədik, bu yaranı tam olaraq kəsib atmadıq. 

İndi aradan bir il keçib. Ermənilər bu dərsdən nəticə çıxarmayıblar. Yenə də imkan düşdükcə ara qarışdırmağa, təxribat törətməyə çalışırlar. Erməni təbliğatı əvvəlki qaydada davam edir. Yenə də uşaqlarına “türklər düşməndir” deyə tərbiyə verirlər. Xankəndidəki separatçılara yenə də yardımlar gəlir. 

İki gün əvvəl Ermənistanın müdafiə naziri hansısa yolla Xankəndiyə gəlmişdi. Baxmayaraq ki, Azərbaycan birmənalı olaraq Ermənistan rəsmilərinin Qarabağa gəlməsinə qadağa qoyub və bu qadağanın həyata keçirilməsinə rus sülhməramlıları nəzarət etməli idi. Amma görünən odur ki, rus-erməni qardaşlığı yenə də bizim əleyhimizə inkişaf etməkdədir.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan isə daha açıq danışır. Deyir ki, Azərbaycanla heç bir sülh ola bilməz. Paşinyanı da hədələyir ki, əgər sülh müqaviləsi imzalamaq istəsə, onu hakimiyyətdən qovacaq.

Bir il sonra hansı hadisələr baş verəcək, bilmirik. Biz bəzən o qədər uzağı görə bilmirik. Hətta görə bilsək belə, lazım olan addımı atmırıq. Düşmənlə yalnız düşmən kimi danışmaq və davranmaq lazımdır. Ermənilər bizə düşmən olduğunu daha hansı yolla isbat etməlidir ki, biz onların düşmənçiliyinə inanaq. Və bu inama da əsaslanaraq tədbirimizi görək.

İnsan psixologiyasının mahir bilicisi Robert Qrin “Hakimiyyətin 48 qanunu” əsərində yazır ki, düşməni tamamilə darmadağın et: “Necə ki onlar sizi imkan olsa, məhv edərdilər. Düşmənlərinizin sizin sakitliyinizi və təhlükəsizliyinizi təmin edə biləcəkləri yeganə hal onların yox olmasıdır”.

Daha sonra qızıl kimi tövsiyə verir: “Düşmənə şans verməyin. Onu məhv edin. Bu zaman onun ərazisi sizin sərəncamınıza keçəcək...

Danışıqlar məkrli ilan kimidir, sizi qələbənizlə birlikdə udub elə həzm-rabedən keçirəcəklər ki, heç gözünüzə də görünməyəcək. Qoy düşmənin müzakirə etməyə heç nəyi qalmasın, ona manevr üçün məkan saxlamayın. Düşmən diz çökdürülüb və bununla hər şey deyilib”.

Həqiqətən də, bu sitatları oxuyarkən sanki baş verənləri güzgüdə görürük. Bəzən deyirlər ki, Ermənistanın özünə gəlməsi üçün ən azı 30 il lazımdır. Yaxşı, bəs 30 il sonra?! Zaman dəyişir, coğrafiya dəyişir, hətta sərhədlər də dəyişir. Çox demirəm, 100 il bundan əvvəlki dünya ilə bugünkü dünya xəritələrini müqayisə edin. Görün, dəyişməyən sərhəd tapa biləcəksinizmi?! 

Amma İlham Əliyev demişkən, erməni dəyişməyəcək. Gözümüz açıq, qulağımız həssas olsun. İlanın bədənini darmadağın etsək də, başını əzməmişik. O ilana ulduzu mütləq göstərmək lazımdır...

Elnur Məmmədli

O ilana ulduzu mütləq göstərmək lazımdır