“Mən istəmirəm yoldaşımın qanı yerdə qalsın” – Metrodakı intiharın pərdəarxası

“Mən istəmirəm yoldaşımın qanı yerdə qalsın” – Metrodakı intiharın pərdəarxası

“Mən istəmirəm yoldaşımın qanı yerdə qalsın” – Metrodakı intiharın pərdəarxası

Bir neçə il əvvəl Bakıda şantaj yolu ilə bir nəfərin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan dəstənin üzvlərindən biri Fərid Qasımovun anası Kəmalə Qasımova oğluna şər atıldığını iddia edir.

Bildirək ki, təqsirləndirilən şəxslər Samir Mahmudov, Zaur Əliyev, Elvin Zahidov, Fərid Qasımov və Yaqut Kərimovadır. İttihama görə, təqsirləndirilən şəxslər Fərman Fərmanzadə adlı şəxsi hədələyərək ondan külli miqdarda pul alıblar. Fərid Qasımov zərərçəkmişə Mərdəkan qəsəbəsində torpaq sahəsi satmaq üçün vəd verib. Həmin torpaq sahəsinə sənəd almaq üçün ondan müxtəlif məbləğlərdə pul tələb edib. Daha sonra isə onu şantaj edib.

İttiham aktında qeyd olunur ki, Fərid Qasımov torpaq sahəsi üçün saxta sənədlər hazırladığını, buna görə Fərman Fərmanzadənin də məsuliyyət daşıdığını deyib. Bununla da ondan pul tələb edib. Pulu verməyəcəyi təqdirdə isə polisə məlumat verəcəyini deyib. 

Ondan 50 min, daha sonra isə 15 min manat tələb edildiyi bildirilir. Pulu verməyəcəyi təqdirdə digər şəxslərin Fərman Fərmanzadəni döyməklə, işgəncə verməklə hədələdiyi söylənilir. Həmçinin F.Fərmanzadəni qadınla intim əlaqəyə girməyə məcbur edərək bunu lentə almaq istəyiblər. Şantajlardan sonra pulu verə bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. 

Şikayət əsasında dəstə üzvləri həbs edilib. İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci ( külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə 12 il həbs cəzası alan Fərid Qasımovun anası Kəmalə Qasımova Polemika.az-a müraciət edib. O, oğlunun heç bir günahı olmadığını, evini sataraq oğlunun övladının borcunu ödədiyini bildirir: 

“Oğlum Qasımov Fərid İlham oğlu 4 il bundan öncə 2017-ci ildə həbs olunub. Fərman Fərmanzadənin atalığı Rafiq Bədəlov adlı şəxs oğlumu şərlədi. 

Oğluma hədə qorxu ilə pul tələb etmək ittihamı verildi. Guya Rafiq Bədəlovun oğlu Fərman Fərmanzadədən pul tələb edib. Məhkəmədə həmin oğlandan (Fərman) soruşublar ki, sənə kimin yanında hədə qorxu gəlib, kimin yanında pul istəyib? Deyir, heç kimin.

Mənim oğlumu hüquq-mühafizə orqanlarında döyüb 58 min manata qol çəkdirdilər. Rafiq Bədəlov (Fərman Fərmanzadənin atalığı) oğlum həbs olunandan yoldaşımı və məni çağırdı dedi ki, 58 mini mənə ödəməlisiz. Ödəməsəniz Fərid həbsdən çıxmayacaq. Mən evimi satıb 60 min manat Rafiq Bədəlova qaytarmışam. Niyə oğluma 12 il iş verilməlidir?

Yoldaşımın bu hadisələrdən sonra sinirləri pozuldu. Apellyasiya Məhkəməsi də oğlumuzun həbs qərarının dəyişməyəcəyini elan edəndən sonra yoldaşım intihar etdi. 2021-ci il dekabrın 5-də özünü Nərimanov metrosunda qatarın altına atdı. Mən də dəfələrlə inthar etmək istəmişəm. Sonuncu dəfə iki il öncə Koroğlu körpüsünə çıxdım ki, özümü atım polislər görüb müdaxilə etdilər. Apardılar polis bölməsinə orada dedilər ki, səni bu hala salan şəxs həbs edilməlidi. Lakin nə baş verdisə, oğlumu şərləyənlər bu məsələdən də sıyrıldı. 

Mən istəmirəm yoldaşımın qanı yerdə qalsın. Oğluna görə özünü atdı qatarın altına. Dedilər ki, dəli oldu atdı özünü, məsələni bağladılar. Bu nə dərəcə də doğrudur?

İstəyirəm ki, iş yenidən araşdırılsın, oğlumu şərləyənlər məsuliyyətə cəlb olunsun. Həm də həyat yoldaşımı özünü öldürmə həddinə çatdıranlar cəza alsınlar”.

Şikayətdə səslənən ittihamlarla bağlı qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq.

 

“Mən istəmirəm yoldaşımın qanı yerdə qalsın” – Metrodakı intiharın pərdəarxası