Medianın 2021-ci ili: Bu mətbuat xidmətləri fərqləndi 

Medianın 2021-ci ili: Bu mətbuat xidmətləri fərqləndi 

Medianın 2021-ci ili: Bu mətbuat xidmətləri fərqləndi 

Hər ilin sonunda media nümayəndələri onlarla əməkdaşlıq edən, jurnalistlərə açıq və qapalı olan, sorğulara vaxtında cavab verən dövlət qurumları ilə bağlı dəyərləndirmələr aparır. İllər öncə bu məsələ xüsusilə aktual idi. Çünki jurnalistlər dövlət qurumlarından hər hansı informasiya almaq üçün həqiqətən də böyük maneələrlə üzləşirdilər. Bu üzdən də ilin sonunda hazırlanan dəyərləndirmələrdə neqativ notlar daha çox olurdu.

Amma son illərdə bu neqativ amillərin sayı kifayət qədər azalıb. “Polemika.az” 2021-ci ildə media ilə sıx əməkdaşlıq edən, jurnalistlər üçün açıq olan dövlət qurumları haqda material hazırlayıb. Təbii ki bu, subyektiv dəyərləndirmədir və qeyd olunanlar bütün media adından deyil. Yazı sadəcə  bir redaksiya əməkdaşlarının müşahidələrinə əsasən hazırlanıb.

İllərdir ki, ölkədə jurnalistlərlə sıx əməkdaşlıq edən qurumlar içərisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti bu il də öz mövqeyini qoruyub saxladı. Əslində, bu nazirlikdə mətbuatla səmərəli əməkdaşlıq ənənəsi illər öncə İradə İbrahimova tərəfindən qurulub və hətta nazirliyin rəhbərliyi dəyişsə də, ənənə saxlanılır. Bu üzdəndir ki, neçə illərdir media-nazirlik əməkdaşlığı mövzusunda keçirilən sorğularda ETSN-nin adı hər zaman ilk sıralarda olub. 2021-ci il isə xüsusilə fərqləndi. O baxımdan ki, torpaqlarımız işğaldan azad olunmuşdu və nazirliyin iş yükü də artmışdı. Eyni gündə nazirlik bir neçə zonada keçirilən tədbirlərin hər biri haqda informasiya, foto və videolar yaymaqla fəaliyyətini medianın gündəmində saxlamağı bacardı. 

Mətbuatla əməkdaşlıqda xüsusilə fərqlənən qurumlardan biri Daxili İşlər Nazirliyinin mətbuat xidmətidir. Xüsusilə Elşad Hacıyevin Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunmasından sonra jurnalstlər tərəfindən edilən müracilətlərə vaxtında cavab verilməsi neqativ halları sıfıra endirib. Təkcə nazirliyin mərkəzi qərargahı deyil regional idarələrinin də mətbuat xidmətləri geri qalmır. Demək olar ki, DİN-media əməkdaşlığında bu bir il ərzində yaddaqalan heç bir problem olmayıb.

Uzun illər jurnalistlərin ən “yaralı” yeri olan Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətində də durum 180 dərəcə dəyişmiş vəziyyətdədir. Yəqin ki, çoxunun xatirində olar. Bu qurumun mətbuat xidməti dəfələrlə “ən pis mətbut xidməti” sorğularına liderlik edirdi. İH-dəki kadr dəyişikliklərindən sonra isə vəziyyət təkcə medianın deyil elə BŞİH-nin özünün də xeyrinə dəyişib.

Respublika Baş Prokurorluğunun mətbuat xidməti də operativlik və aktivlik baxımından son 1-2 ildə öz işində böyük dəyişiklik yarada bilib. İndi bu qurumun mətbuat xidməti dar bir çərçivədə deyil, bütün media qurumlarına əməkdaşlıq üçün bərabər şərait yaradıb. Bundan başqa baş vermiş hadisələrlə bağlı edilən müraciət və sorğuların cavablandırılması işi də müsbət qurulub.

ASAN Xidmət, İqtisadiyyat Nazirliyi, Azərişıq, Azəriqaz və daha bir neçə dövvlət qurumunun da media ilə işinin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyə bilərik.

Bütün bunlarla bərabər yenə də subyektiv müşahidələrimizə görə media ilə əməkdaşlığı get-gedə zəifləyən, informasiyanın yayılmasını təmin etməyən və hətta bəzən bunun qarşısını almağa çalışan qurumlar da mövcuddur ki, bu yazıda onlara toxunmamaq fikrindəyik.

2022-ci ildə müsbət tendensiyanın davam etməsini arzulayırıq.

 

Medianın 2021-ci ili: Bu mətbuat xidmətləri fərqləndi