Bakıda böyüyən köçkünlər Qarabağda nə iş görəcəklər?

Bakıda böyüyən köçkünlər Qarabağda nə iş görəcəklər?

Bakıda böyüyən köçkünlər Qarabağda nə iş görəcəklər?

İşğaldan azad edilən torpaqlarımızda məskunlaşdırma prosesinə hazırlıq gedir. İlkin olaraq yaxın 2-3 ay ərzində Zəngilan rayonunun Ağalı kəndinə 250-300 ailənin köçürülməsi nəzərdə tutulub. Bununla paralel olaraq Şuşaya və Qarabağın digər bölgələrinə sakinlərin köçürülməsi planlaşdırılır. 

Hazırda ən çox maraq doğuran məsələlərdən biri Qarabağa köçəcək əhalinin məşğuliyyət problemidir. Bakıda doğulan və yaxud uşaq vaxtlarından Qarabağı tərk edən insanların kənd təsərrüfatı sahəsində hər hansı təcrübəsinin olmadığı heç kimə sirr deyil.

Həmin şəxslər üçün hansı məşğuliyyətlər tapmaq və yaratmaq lazımdır?

Millət vəkili Elman Məmmədov Polemika.az-a danışaraq məsələyə aydınlıq gətirib. O, bütün problemlərin həll olunacağını deyib. Qeyd edib ki, hazırda prioritet vəzifə dogma yurd-yuvaya qayıtmaqdır:

“Azad edilmiş ərazilərə qayıdacaq insanlardan biri də mənəm, mənim ailəmdir. İllərdir şəhərdə yaşayırıq, şəhərdə yaşamaq o demək deyil ki, biz doğma yurd-yuvamızı, ata-babadan bizə qalan ənənəvi işimizi tamamilə unutmalıyıq. Doğma yurd, Qarabağa qayıtmaq hər şeydən əzizdir.

Biz şəhərə gəldiyimiz zaman şəhərli kimi yaşamırdıq. Sonradan vərdişlər yaranır. Gənc nəsil dogma yurda qayıdan zaman tədricən orada olan işlərə öyrəşəcək. Əgər dogma ata-baba yurdu onlar üçün əzizdirsə, orada olan bütün çətinliklərə dözməyi bacaracaqlar”.

Deputat işğal dövrünə qədər həmin ərazilərdə kənd təsərrüfatının üstünlük təşkil etdiyini bildirib:

“Əvvəllər Qarabağda məşğulluq sahəsində üstünlük kənd təsərrüfatına məxsus idi. Əhali taxılçılıq, heyvandarlıq, bitkiçiliklə məşğul olurdu. Az da olsa sənaye müəssisələri də var idi.

İndi isə həmin bölgələrdə iqtisadiyyatın yeni sahələri yaradılacaq. Turizm, sağlamlıq mərkəzləri, sənayenin müxtəlif sahələri və s. Qarabağa qayıdan əhali yalnız kənd təsərrüfatı ilə məşğul olmayacaq. Həmin ərazilərdə müasir dövrə məxsus şaxələndirilmiş sahələr yaradılacaq. Gənclər üçün də müasir məşğulluq sahələri mövcud olacaq”.

Mehri Qurban 

Bakıda böyüyən köçkünlər Qarabağda nə iş görəcəklər?