“Lazım gəlsə, ermənilərə kömək edə bilərik” - “...onlar bizim qonşumuzdur”

“Lazım gəlsə, ermənilərə kömək edə bilərik”

“Lazım gəlsə, ermənilərə kömək edə bilərik” - “...onlar bizim qonşumuzdur”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumunda iştirak etdi. Mirzoyan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa, hətta sərhədləri açmağa hazır olduğunu dedi. 

Bununla paralel olaraq, rəsmi Bakı da öz təkliflərini Ermənistana təqdim etdi. Rəsmi İrəvan Azərbaycanın təkliflərinə müsbət yanaşdı. Müzakirələrə hazır olduğunu bildirdi.

Son günlər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində yumşalmalar müşahidə olunur. Analitiklər münasibətlərin daha da inkişaf edəcəyini, tezliklə ölkələr arasında əlaqələrin qurulacağını proqnozlaşdırırlar.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Polemika.az-a açıqlamasında deyib ki, Ermənistanla gec-tez münasibətlərimiz normallaşacaq:

“Faşist Almaniyası nələr etmişdi. Şəhərləri bərbad edib, insanları öldürmüşdü. Buna baxmayaraq bu gün yəhudilər Almaniyaya gedib orada yaşayırlar. Üstəlik, İsrail Almaniyanın qonşusu deyil, lakin biz istəsək də, istəməsək də ermənilər bizim qonşumuzdur. Münasibətlər onsuz da normallaşacaq”.

Hüquq müdafiəçisi qeyd edib ki, lazım olsa, onlara kömək də edə bilərik:

“Ermənilər birdəfəlik başa düşsünlər ki, özgə torpağına göz dikmək olmaz. Öz torpaqlarında otursunlar. Lazım olsa, onlara kömək də edə bilərik. Xankəndində ermənilər yaşayır. Azərbaycanı, onun bayrağını qəbul etsinlər. Guya onlarla indiyənə qədər yaşamamışıq. İlk dəfə deyil ki.

Bizim millətimiz dünyəvidir. Biz dünya ölkələri ilə normal münasibət qurmaq üçün çalışmalıyıq. Hətta düşmənlə belə. Lakin onlar bizə təcavüz edir, torpaqlarımızı istəyir, aşağılayır və o zaman bizim millət bir yumruq kimi birləşir.

44 gün boyunca bizim cavanlarımız nələr etdilər. 30 il düşmən tapdağında olan torpaqlarımızı 44 günə azad etdilər. Ümumiyyətlə, biz düşmənçilik edən insan deyilik”.

N.Cəfəroğlunun sözlərinə görə, ermənilər özləri Azərbaycanla münasibət qurmağa çalışırlar:

“Naxçıvana İrandan da gedə bilərik. Ermənilər özləri də məğlub olduqlarını etiraf edirlər. Hamı o dəhlizdən keçməyə can atır. Ermənilər kənarda qalacaq.

Onlar da Azərbaycanla münasibət qurulmağını istəyirlər. Buna zaman lazımdır. Amma heç vaxt onların bizə elədikləri xatirimizdən silinməməlidir. Yaddaşımızda əbədi olaraq qalmalıdır”.

Nəzrin Vahid

 

 

“Lazım gəlsə, ermənilərə kömək edə bilərik” - “...onlar bizim qonşumuzdur”