Brüssel görüşü: Əliyev-Paşinyan ünsiyyətindən hansı nəticəni gözləməliyik?

Brüssel görüşü: Əliyev-Paşinyan ünsiyyətindən hansı nəticəni gözləməliyik?

Brüssel görüşü: Əliyev-Paşinyan ünsiyyətindən hansı nəticəni gözləməliyik?

Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Bəzi ekspertlər isə görüşlə bağlı bədbin fikirdədirlər. Onların fikrincə, Brüssel görüşü nəticəsisiz olacaq.

Polemika.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İlyas Hüseynov bildirib ki, Ermənistan gec-tez Azərbaycanın qoyduğu şərtlərlə razılaşacaq:

“Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasında görüş Aİ-nin Şərq Tərəfdaşlığı Proqramında hər iki ölkənin lideri çıxış edəcək və bu əsnada bölgədə yaranmış problemlərin həlli üçün görüşün keçirilməsi əlamətdar bir hadisədir. Çünki siyasi təmasların qurulması eskalasiya riskini minimallaşdırır, təhlükəsizliklə bağlı təhdidlərin qarşısını alır və sülh razılaşmasına gətirə bilən ilkin elementləri formalaşdırır”.

Politoloq əlavə edib:

“Gözlənilirdi ki, noyabr ayının ilk ongünlüyündə üçtərəfli görüş keçiriləcək. Bununla bağlı Kremlin mətbuat katibi Dmitri Peskov da anons vermişdi. Hətta görüşün onlayn formatda keçirilməsi ilə bağlı da məlumat vardı. Lakin görüş Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından baş tutmadı..

Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Azərbaycan və Ermənistan arasında görüşün vacibliyi barədə bəyanatlardan sonra Aİ prezidenti Şarl Mişel Brüssel görüş ilə bağlı öz “Twitter” səhifəsində məlumat paylaşıb. Məlum olan əsas məsələ bundan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında hərbi sahədə rabitə əlaqəsinin təmin olunması ilə bağlı razılıq əldə olunub. Bu əlaqə tərəflər arasında yeni müəyyənləşmiş sərhədlərin və geosiyasi reallıqların dayanıqlı şəkildə təmin olunmasına hesablanıb”.

Siyasi şərhçi qeyd edib ki, 10 noyabr tarixində keçirilməli olan görüşdə iki əsas tezis müzakirə olunacaqdı:

“Birincisi, sərhədlərin delimitasiyası və demarkasiyası; ikincisi, kommunikasiyaların bərpası. Ermənistan hər vəchlə bu iki məsələdən yayınmağa çalışır. Düşünmürəm ki, Brüssel görüşündə hər hansı köklü bir razılıq olsunsun. Görüş deklorativ xarakter daşıyacaq, hər hansısa hüquqi sənədin imzalanması, yaxud siyasi bəyanat olmayacaq”.

Analitik qeyd edib ki, siyasi atmosferin daha da dərinləşməsi, tərəflər arasında dialoq mühitinin formalaşması, görüşlərin mütəmadi xarakter alması üçün bu görüşü “ilk addım” adlandırmaq olar:

“Ermənistan tərəfi kommunikasiya xətlərinin açılması, həm də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı prosesin yubadılmasında maraqlıdır. O hələ də sülhə hazır deyil. Azərbaycan tərəfi öz şərtlərini Ermənistana irəli sürüb və tezislər əsas etibarilə sülhün daha da dayanıqlı şəkildə qorunmasına xidmət edən addımlardır. Düşünürəm ki, Azərbaycanın irəli sürdüyü şərtlərlə təhlükəsizlik arxitekturası daha da güclənəcək və regionda yaşayan xalqların rifahı təmin olunacaq. Ermənistan tərəfi bu şərtləri qəbul etməlidir ki, daxili ictimai-siyasətdə də olan neqativ mühitin və ünsürlərin qarşısı alınsın”, - deyə mütəxəssis fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

Brüssel görüşü: Əliyev-Paşinyan ünsiyyətindən hansı nəticəni gözləməliyik?