“İnstagram”da tanış olduğu qadını, bacısını və qardaşını elə tora saldı ki… - TƏFƏRRÜAT

“İnstagram”da tanış olduğu qadını, bacısını və qardaşını elə tora saldı ki…

“İnstagram”da tanış olduğu qadını, bacısını və qardaşını elə tora saldı ki… - TƏFƏRRÜAT

“İnstagram”da tanış olduğu şəxsə etibar edən qadın dələduzluqla üzləşib. Qadın “sosial ev” almaq üçün həmin şəxsə pul verib. Bundan sonra isə qohumları da həmin şəxsin dələduzluq əməlinin qurbanı olub.

Polemika.az xəbər verir ki, təqsirləndirilən şəxs 1985-ci il təvəllüdlü Vüqar Şirinov Yasamal rayon Məhkəməsində müttəhimlər kürsüsünə çıxarılıb.

O, Səbinə Məmmədovaya (ad və soy ad şərtidir) qarşı 25 min manatlıq dələduzluq edib. Həmin məbləğin bir qismini “sosial ev” almaq məqsədi ilə, qalan məbləği isə maşınını təmir etdirmək adı ilə alıb. Səbinədən başqa onun bacısı və qardaşı da aldadılıb.

Bu əməllərinə görə Vüqar Şirinova qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin ifadəsindən məlum olub ki, o, zərərçəkmiş kimi tanınan Səbinə ilə 2018-ci ildə sosial şəbəkədə tanış olub. Evli olan təqsirləndirilən şəxs bunu Səbinədən gizlədib. Onun maddi imkanından yararlanıb. Hətta onunla ailə həyatı quracağı vədini verib.

Vüqarın sözlərinə görə tanışlıqdan sonra onlar xarici ölkəyə istirahətə də gediblər. Bu zaman xərcləri Səbinə qarşılayıb. Məlum olub ki, Vüqar evli olmasını Səbinədən gizlədib. Hətta bir gün həyat yoldaşı ona zəng edən zaman Səbinə telefonda yazılan adı görüb. Vüqar ona zəng edən həmin qadının anası olduğunu deyib.

Zərərçəkmiş tərəfin ifadələrindən isə məlum olub ki, Vüqar özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı kimi təqdim edib.

Vüqarın bütün bu yalanlarının üstü isə Səbinənin Əli adlı qohumundan aldığı 10 min manatı qaytarmaması ilə açılıb. Pulunu geri ala bilməyən Əli Səbinəyə Vüqarın evli olduğunu, onu aldatdığını deyib.

Səbinənin ifadəsində diqqət çəkən başqa bir məqam isə Vüqarın özünü şəhid oğlu kimi təqdim etməsi də olub. Elə “sosial ev”i də məhz şəhid oğlu kimi ala biləcəyini söyləyib.

Bundan başqa isə Səbinənin bacısı da “sosial ev” alması üçün Vüqara 6500 manat pul verib. Vüqar 10 min manat istəsə də sonradan Səbinə ilə 6500 manata razılaşıb. Səbinə və bacısı Vüqara verdikləri pulu banklardan kredit götürüblər.

Bu, Səbinənin aldadıldığı sonuncu epizod olmayıb. Vüqar Səbinənin maşınını sürdükdən sonra ona deyib ki, motorunda problem var. Həmin problemi isə ucuz qiymətə yalnız Gürcüstanda həll etmək olar. Buna görə də Səbinədən baş etibarnamə alan Vüqar həmin maşını lombarda girov qoyaraq pul götürüb. Səbinə həmin pulu ödəmək üçün maşınını 18 min manata satıb və 13 min manatını lombarda ödəyib.

Səbinə və bacısı ilə yanaşı qardaşları da Vüqarın toruna düşüb. Təqsirləndirilən şəxs Səbinənin qardaşını aldadaraq onu Türkiyənin Azərbaycandakı səfirliyinə sürücü kimi işə düzəldəcəyini deyib. Bu məqsədlə ondan 12 min manat pul və 3 min manat dəyərində qızıl alıb.

Səbinənin sözlərinə görə bütün bunlardan sonra Vüqar dəfələrlə zənglərə cavab verməyib, onu aldadıb. Səbinə Vüqarla sonuncu görüşə qardaşı ilə gedib. Bu zaman qardaşı ilə Vüqar arasında mübahisə yaranıb. Vüqar qardaşını yumruqla vurandan sonra onlar “102” xidmətinə məlumat veriblər. Səbinə ümumilikdə 75500 manat pulunu Vüqardan tələb edir.

Özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyatçısı kimi təqdim edən Vüqar polis formasında olan şəkillərini də Səbinəyə göndərib. Səbinə istintaq zamanı həmin fotoları və Vüqarın səs yazılarını müstəntiqə təqdim edib. Qeyd edilənlər məhkəmə istintaqı zamanı da araşdırılıb. Vüqar şəkillərin də, səsyazılarının da montaj edildiyini, Səbinənin ailə üzvlərini aldatmadığını deyib. Sadəcə Səbinənin Əli adlı qohumuna borcu olduğu üçün ondan polisə şikayət edildiyini bildirib.

Ekspertiza isə Vüqarın göndərdiyi fotoların, səs yazılarının montaj olmadığını sübuta yetirib. Həmçinin vatsap danışıqlarında Vüqarın Səbinə və ailə üzvlərinə “sosial ev” almaqla bağlı vədlər verdiyi, aldığı pulları etiraf etdiyi qeyd edilib.

Məhkəmə Vüqarın elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirib.

Məhkəmədə Səbinə, bacısı, anası və qardaşı ifadə verən zaman bildiriblər ki, Vüqar onlara 9 qardaş olduqlarını, polis əməkdaşı olduğunu, atasının şəhid olduğunu deyərək etibarlarını qazanıb. Onlar məhkəmədən Vüqara ən ağır cəzanın verilməsini istəyiblər.

Bütün bunları nəzərə alan məhkəmə Vüqarı qeyd edilən maddələrlə təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib./Musavat.com

“İnstagram”da tanış olduğu qadını, bacısını və qardaşını elə tora saldı ki… - TƏFƏRRÜAT