İlham Əliyev NATO baş katibi ilə görüşdən Paşinyan qarşısına yeni şərtlərlə gedir

İlham Əliyev NATO baş katibi ilə görüşdən Paşinyan qarşısına yeni şərtlərlə gedir

İlham Əliyev NATO baş katibi ilə görüşdən Paşinyan qarşısına yeni şərtlərlə gedir

Bu gün Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü keçirildi. Görüşdən sonra mətbuat qarşısına çıxan İlham Əliyev və Yens Stoltenberqin verdiyi mesajlardan duymaq mümkün idi ki, görüş məhsuldar olub.

NATO və Bakı ikitərəfli əsaslarla münasibətlərin inkişafına önəm verir, bu əlaqələrin dərinləşməsi üçün isə etibarlı zəminlər yaradılıb.

Təsadüfi deyil ki, NATO baş katibi bir daha Azərbaycanın enerji təhlükəsizliyində oynadığı roldan, Azərbaycanın Əfqanıstanda NATO-nun fəaliyyətinə dəstək verməsindən danışdı, bunlar təkrar tezislər olsa da, indiki mərhələ üçün özündə mühüm komponentləri birləşdirir.

Azərbaycan isə Avropanın qaz təchizatında mühüm çəkiyə malikdir, İlham Əliyev Azərbaycanın NATO üzvü olan ölkələrin etibarlı qaz təchizatçısı olması deməsi də, bunu şərtləndirir ki, gələcəkdə əməkdaşlıq yeni fazaya daxil olacaq.

İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçiriləcək üçtərəfli görüş öncəsi Azərbaycan - Ermənistan münasibətlərindəki açıq qalan məsələlərə vurğu etməsi danışıqların hansı səmtdə gedəcəyinin anonsudur.

Açıq qalan məsələlər:

1. Ermənistan Zəngəzur dəhlizinin açılması ilı bağlı qeyri-müəyyən mövqe sərgiləyir, ancaq artıq bu, özünün qırılma nöqtəsinə çatıb. Belə ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, dəhlizin tərkib hissəsi olan avtomobil yolunun açılması üçün dəqiq marşrut müəyyən edilməyib ki, bu da İrəvanın sərgilədiyi mövqedən qaynaqlanır. Bununla belə, üçtərəfli görüşlərdə bu məsələ aktuallıq qazanır və deyə bilərik ki, artıq danışıqlar prosesi tam yeni mərhələdədir.

2. Digər bir məsələ isə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə Laçın koridorunun statusunu eyniləşdirməklə bağlı yanaşmasıdır. İlham Əliyev bu mövzu barədə açıq mesaj verdi.

Dövlət başçısı mətbuat konfransında dedi:

“Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”, - dövlət başçısı bildirib.

Bu bəyanat onu göstərir ki, hər iki hal Azərbaycana sərf edir, ancaq bununla belə Zəngəzur dəhlizində nəzarət postlarının qoyulmamasına daha çox üstünlük verir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu axşam Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında keçiriləcək üçtərəfli və ikitərəfli görüşlərdə İlham Əliyev bir daha şərtləri irəli sürəcək.

Təbii ki, Ermənistanın şərtli təkliflərlə çıxış etmək üçün hərbi-siyasi resursu və iradəsi mövcud deyil, ona görə danışıqlarda Azərbaycan tərəfinin təkliflərinə üstünlük veriləcək.

Birgə mətbuat konfransında verilən açıqlamalar Əliyev - Stoltenberq görüşünün bir sıra detallarını da göz önünə gətirmək üçün əsaslar yaradır.

Çünki bəlli məsələdir ki, Azərbaycan müharibədən sonra da yumşaq hərbi güc vasitəsilə Ermənistanı güzəştə məcbur edib, burada Türkiyənin də dəstəyinin rolu böyükdür.

İlham Əliyevin Türkiyənin NATO üzvü olmasına vurğu etməklə Azərbaycan - Türkiyə birgə hərbi təlimlərini keçirməsini söyləməsi, bu təlimlərin sülh və təhlükəsizliyə yönəldiyini bəyan etməsi də də NATO-nun prosesdə daha çox Azərbaycana dəstəyinin indikatoru kimi dəyərləndirilə bilər.  

Düzdür, NATO münaqişə tərəfi deyil, diplomatik bəyanatlarda nə Azərbaycana, nə də Ermənistana  açıq dəstək nümayiş etdirir.

Cənubi Qafqazda sülh və təhlükəsizliyin uzunmüddətli forma halını alması üçün Azərbaycanın təklifləri ən effektiv reseptdir ki, bu da NATO-ya sərf edir.

NATO dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasını dəstəkləyir, bunun üçün coğrafi yaxınlıq təşkil edən üzv ölkələrin resurslarından yararlanmaq istəyir, yəni qısası, söhbət Türkiyədən gedir.

NATO-nun Azərbaycanı dəstəkləməsinin kökündə iqtisadi əsaslar da dayanır: Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün mühüm töhfəverici faktora çevrilib və NATO bunu yüksək qiymətləndirir.

Aqşin Kərimov

İlham Əliyev NATO baş katibi ilə görüşdən Paşinyan qarşısına yeni şərtlərlə gedir