“Hər kəsin ali təhsilə ehtiyacı yoxdur” – Deputat

“Hər kəsin ali təhsilə ehtiyacı yoxdur” – Deputat

“Hər kəsin ali təhsilə ehtiyacı yoxdur” – Deputat

Türkiyənin Yüksək Öyrənim Kurulunun (YÖK) açıqlmasına görə, orada 25 min azərbaycanlı tələbə təhsil alır. Bununla paralel olaraq təxminən eyni sayda tələbə də Ukrayna, Rusiya və Gürcüstan universitetlərində oxuyur. ABŞ, Avropa, İran və Şərq ölkələrində oxuyan azərbaycanlı tələbələrin sayı isə çoxdan 100 mini keçib.

Azərbaycanlı gənclərin ali təhsil almaq üçün xaricə üz tutması birmənalı qarşılanmır. Əksər ekspertlər bu məsələdə Təhsil Nazirliyini və DİM-i günahlandırırlar. Onların fikrincə, Azərbaycanda ali məktəbə qəbul olmaq çətin prosedur olduğu üçün gənclər xaricə üz tuturlar.

Milli Məclisin deputatı Musa Qasımlı da analoji bəyanatla çıxış edib: “Ali təhsil almaq istəyən gənclərə şans vermək, universitetlərin qapısını onlara açmaq lazımdır”.

Son vaxtlar qəbul imtahanlarında fənlərin sayının azaldılmasını, hətta imtahanların ləğv edilməsini təklif edənlərin sayı da çoxalıb. Doğrudanmı Azərbayacanda qəbul imtahanları sərt keçirilir, hansısa dəyişikliklərə ehtiyac varmı?

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı Polemika.az-a açıqlamasında DİM-in imtahan prosesini asanlaşdırdığını qeyd edib:

“Dövlət İmtahan Mərkəzi (DİM) imtahan prosesini xeyli asanlaşdırıb. İmtahanların çətin olması fikirini irəli sürənlər nə etmək istəyirlər, bilmirəm. Bəlkə də düşünürlər ki, ümumiyyətlə, imtahan olmasın. Lakin mən bu fikirləri qəbul etmirəm, tamamilə əlehinəyəm. Bu fikirlər çox təhlükəlidir. İstəyirlər ki, 200 bal toplaya bilməyən gənclər universitetə qəbul olsun?! Bu məqbul deyil. Hazırkı dövrdə tam ideal olmasa da, Azərbaycan reallığında ən uyğun variant DİM-in həyata keçirdiyi prosesdir.  Qəbul imtahanlarında heç bir çətinlik yoxdur. Gənclər 200-250 balla universitetə qəbul ola bilirlər.  

Bəzi insanlar deyir ki, biz qəbul olmağı asanlaşdırıb, məzun olmağı çətinləşdirək. Bu sözləri demək asandır, lakin həmin prosesi Azərbaycanın rayonlarında həyata keçirmək qeyri-mümkündür”.

Deputat xaricə üz tutan tələbələr haqqında da danışıb:

“Gənclərin xaricə üz tutmasının səbəbi valideynlərin və uşaqların diploma meyilli olmasından irəli gəlir. Hər kəs istəyir ki, diplomu olsun, problemin kökü budur.

Maarifləndirmə işləri aparmalıyıq. Elmə, ali təhsilə marağı olmayanlar təhsil arxasınca getməməlidir. Peşə təhsilinə üz tutmalıdırlar. Azərbaycanda peşə təhsili ilə bağlı çox geniş imkanlar var. Ali təhsilə qarşı yanaşmanı dəyişmək mütləqdir. Hər kəsin ali təhsilə ehtiyacı yoxdur. Əgər bir insan özünü ali təhsildə görmürsə, onu məcbur oxutmaq olmaz”.

Mehri Qurban 

 

“Hər kəsin ali təhsilə ehtiyacı yoxdur” – Deputat