Helikopter qəzası: Sosial şəbəkə "ekspertləri"nə cavab - "Bu, Azərbaycana qarşı düşmənçilikdir"

Helikopter qəzası: Sosial şəbəkə "ekspertləri"nə cavab

Helikopter qəzası: Sosial şəbəkə "ekspertləri"nə cavab - "Bu, Azərbaycana qarşı düşmənçilikdir"

Dövlət Sərhəd Xidmətinə məxsus “Mİ-17” markalı helikopterin qəzası ilə əlaqədar müxtəlif mülahizələr səslənməkdədir. İddialardan biri helikopterin köhnə olmasıdır. Halbuki sərhəd qoşunları ən müasir silahlarla təchiz olunub.

Polemika.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib ki, hadisədən sonra sosial şəbəkələrdə dərhal ortaya çıxan bəzi “ekspert mülahizələri”nin qərəzli məqsəd daşıdığını qeyd edib:

“Bu, Azərbaycan Silahlı Qüvvələrinin imkanlarına xələl gətirmək məqsədi daşıyır. Onlar Azərbaycan ordusunun texniki imkanlarının məhdud olması, texniki avadanlıqların köhnə olmasına dair əsassız mülahizələr irəli sürürlər.

Azərbaycan SQ-nin tərkib hissəsi olan Dövlət Sərhəd Xidməti (DSX) və DSX-nin tabeliyində olan qoşun birləşmələri ən müasir silah və texnikalarla təchiz olunub. Bu helikopter DSX-nin aviasiya dəstəsinə məxsus olan “Mİ-17” markalı hərbi helikopterdir. Onlar ümumiyyətlə, köhnə deyil və “köhnə helikopter” anlayışı da mövcud deyil. Əgər hərbi texnika köhnədirsə, deməli, istifadə olunmur”.

Ekspert onu da əlavə edib ki, bütün hərbi texnika, xüsusən də aviasiya vasitələri bu və ya digər formada müəyyən dövrdə əsaslı təmir olunur:

“Ümumiyyətlə, Azərbaycan SQ-nin inventarında olan aviasiya vasitələrinin böyük hissəsi modernləşdirilib. Yəni ordunun ixtiyarındakı texnika yeni sistemlərə inteqrasiya olunaraq istifadə olunan hərbi təyinatlı vasitələrdir. Həmçinin, müharibə dövründə həmin hərbi təyinatlı vasitələrdən istifadə olunub. Əgər onlar yararsız olsaydı, yəqin ki, indiyənə qədər bununla bağlı hər hansı bir informasiya üzə çıxardı.

Digər tərəfdən, ekipajın özü də kifayət qədər təcrübəli, döyüş yolu keçmiş, həm birinci, həm də ikinci Qarabağ müharibələrində iştirak emtiş pilotlardır. Amma heç kim qəzadan sığortalanmayıb. Ən peşəkar pilotların idarə etdiyi aviasiya vasitələri qəzaya düşür. Bu qəza hadisəsinin hansı səbəbə görə baş verməsi isə ekspert qrupunun araşdırması sayəsində aydınlaşdırıla bilər”.

Mütəxəssis sosial şəbəkələrdə mövzu ilə bağlı şərhləri dəyərləndirib:

“Ümumiyyətlə, belə bir fikir yaranır ki, sosial şəbəkələrdə bir qrup şəxs var ki, onların “işi-gücü” Azərbaycan ordusunu gözdən salmaq, etibarsızlaşdırmaqdır. Silahlı Qüvvələrimiz – xalqın ordusudur, ordumuzun hər bir zabit və əsgəri Azərbaycan xalqının nümayəndəsidir. Bu baxımdan istənilən düşünülməmiş və ya məqsədli qərəz Azərbaycan xalqına düşmənçilikdir”.

Rafi MÜSLÜMOV 

Helikopter qəzası: Sosial şəbəkə "ekspertləri"nə cavab - "Bu, Azərbaycana qarşı düşmənçilikdir"