"Evdə qulluqçu saxlmağa pulum yoxdur" - Rusiyalı oliqarx

"Evdə qulluqçu saxlmağa pulum yoxdur" - Rusiyalı oliqarx

"Evdə qulluqçu saxlmağa pulum yoxdur" - Rusiyalı oliqarx

Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra özünü Qərbin sanksiyaları altında tapan milyarder Mixail Fridman "Bloomberg"ə müsahibəsində bloklanmış hesablarına görə düşdüyü acınacaqlı vəziyyətdən şikayətlənib.

Polemika.az axşam.az-a istinadən xəbər verir ki, Fridman artıq kiçik xərclərini belə necə qarşılayacağını bilmədiyini vurğulayıb:

"Evi təmizləmək üçün xadimə tutmağa belə pulum yoxdur. Bəlkə də özüm təmizləməliyəm. Bu yaxşıdır. Məsələn, tələbə vaxtı dörd oğlanla kiçik bir yataqxanada yaşayırdım. Ancaq 35 il sonra bu, gözlənilməz oldu".

Fridmanın sözlərinə görə, onun Aİ (Avropa İttifaqı) sanksiyalarına etiraz etmək üçün iki ayı var. Onun İsrail pasportu olsa da, hələ köçmək istəmir. Buna səbəb isə orada evinin olmamasıdır. Üstəlik uçuş da pul tələb edir. O, hazırda Londondakı vəziyyətini bu cümlə ilə izah edib:

"Burada özümü məhbus kimi hiss edirəm".

Böyük Britaniyadakı bütün hesabları və bank kartları dondurulduğundan, o, faktiki olaraq heç bir xərcini qarşılaya bilmir. Bunun üçün isə lisenziya müraciəti etməlidir. Bu zaman Britaniya hökuməti ən yaxşı halda onun ayda təxminən 2500 funt sterlinq müavinət ala bilməsinə imkan verəcək.

Həmçinin rusiyalı oliqarxın işlədiyi Ukraynadakı yəhudi təşkilatları da ondan vəd edilmiş 10 milyon dollar ianəni istəyir.

Fridman bildirib ki, Londondakı evi (söhbət 2016-cı ildə 65 milyon funta - indiki məzənnə ilə təxminən 85 milyon dollara aldığı Viktoriya dövrünə aid tarixi malikanə "Athlone House"dan gedir) istisna olmaqla, onun daşınmaz əmlakı yoxdur. O, Moskvada və Latviyadakı mənzillərində valideynlərinin yaşadığını və müsadirə edilə biləcək nə yaxtası, nə də təyyarəsi olduğunu söyləyib.

"Necə yaşayacağımı bilmirəm, həqiqətən bilmirəm" - deyə, rusiyalı oliqarx açıqlayıb.

Fridman onu da vurğulayıb ki, bütün bunlar ondan asılı deyil:

"Heç bir dövlət müəssisəsində və ya vəzifəsində işləməmişəm. Əgər Aİ-də hakimiyyətdə olan insanlar düşünürlərsə ki, sanksiyalara görə mən cənab Vladimir Putinin yanına gedib ona müharibəni dayandırmağı söyləyəcəm və bu bir nəticə verəcək, o zaman qorxuram ki, hamımızın başı böyük bəladadır. Bu o deməkdir ki, bu qərarı verənlər Rusiyanın necə işlədiyindən heç nə başa düşmürlər. Bu gələcək üçün təhlükəlidir".

Bütün bunların fonunda Fridman öz problemlərini Ukrayna sakinlərinin problemləri ilə müqayisədə “heç nə” adlandırıb. O, hadisələri faciə kimi qiymətləndirərək müharibənin həll yolu olmadığını deyib.

Qeyd edək ki, "Forbes"in son hesablamalarına görə onun sərvəti 15,5 milyard dollar dəyərində qiymətləndirilir. "Bloomberg"in məlumatına görə, hərbi əməliyyat başlamazdan əvvəl Fridmanın sərvəti təxminən 14 milyard dollar təşkil edib.

"Evdə qulluqçu saxlmağa pulum yoxdur" - Rusiyalı oliqarx