Erməni cəmiyyəti sülhə hazırdırmı? - "Onlar iki hissəyə parçalanıb”

Erməni cəmiyyəti sülhə hazırdırmı? - "Onlar iki hissəyə parçalanıb”

Erməni cəmiyyəti sülhə hazırdırmı? - "Onlar iki hissəyə parçalanıb”

“Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün baza prinsiplərinə dair təkliflərini qarşı tərəfə təqdim edib. Bu təkliflər beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. Bundan sonra mövcud şərtlərdə sülh sazişinin imzalanmasına nail olmaq üçün Ermənistan tərəfindən konkret addımlarr atılmalıdır”

Bunu Polemika.az-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O, Ermənistan cəmiyyətinin Azərbaycanla sülhə hazır olub-olmaması barədə öz fikirlərini bölüşüb.

Bu yaxınlarda İrəvana səfər etmiş deputat hesab edir ki, regionda və dünyada gedən proseslər Cənubi Qafqazda davamlı sülhə nail olmağın nə qədər əhəmiyyətli olduğunu göstərir:

“Sülh danışıqlarına dair Azərbaycan tərəfinin təklifləri ətrafında Ermənistanda aparılan müzakirələrin məzmunu bəzi siyasi dairələrin münasibətlərin normallaşdırılmasının vacibliyini anladığını göstərir.

Ermənistanda Azərbaycanla münasibətlərə fərqli baxış bucağından yanaşan iki qütb formalaşıb. Bir qrup hesab edir ki, Ermənistanın düşdüyü indiki mürəkkəb və çətin vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla, eyni zamanda, digər qonşu ölkələrlə problemləri həll etməkdən keçir. Digər qütb isə tamamilə revanşist mövqe tutub. Yəni faktiki olaraq, Ermənistan cəmiyyəti bu məsələdə iki hissəyə parçalanıb”.

Siyasətçi əlavə edib:

“Azərbaycanın atdığı son addımlar, o cümlədən ölkəmizin Şərqi Zəngəzur iqtisadi rayonunu və Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması haqqında İranla Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması zamanın Ermənistanın zərərinə işlədiyini göstərən daha bir ciddi faktdır.

Rəsmi İrəvanın müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasını ləngitmək cəhdləri, sülh sazişinin imazalanması ilə bağlı şərtlər irəli sürməyə çalışması nəticə etibarilə daha çox Ermənistanın özünə ziyan vurur. Ermənistan hökuməti sülh danışıqlarına hazır olduğunu bəyan etsə də, bu istiqamətdə konkret addımlar atmaqda tərəddüd edir. Bu, Ermənistan hökumətinin nəinki sülh danışıqları haqqında, ümumilikdə öz ölkəsinin gələcəyinə dair konseptual yanaşmasının mövcud olduğuna şübhələr yaradır”.

Soltan Məmmədov bildirib ki, Ermənistan cəmiyyətində 44 günlük müharibədə acı məğlubiyyətin yaratdığı psixoloji gərginlik hələ də öz təsirini saxlayır. Lakin cəmiyyət yeni reallıqların yarandığını qəbul edib:

“Sadəcə bəzi revanşist qüvvələr ictimai rəyi tamamilə başqa istiqamətə yönəltməyə, Ermənistan vətəndaşlarını sülhün mümkünsüz olduğuna inandırmağa çalışır. Fikrimcə, xüsusən indiki şəraitdə Ermənistan cəmiyyətini sülhə hazırlamağa daha çox ehtiyac var və bunun da məsuliyyəti təbii ki, siyasi qüvvələrin, o cümlədən Ermənistan hakimiyyətinin üzərinə düşür.

Beynəlxlaq ekspertlər də Cənubi Qafqazda sülh və inkişaf üçün heç vaxt olmadığı qədər əlverişli fürsət yarandığını birmənalı şəkildə vurğulayır. Ermənistan bu fürsəti dəyərləndirməli və sülh sazişinin imzalanması üçün substansiv danışıqlara hazır olduğunu konkret addımları ilə sübut etməlidir”.

Rafi MÜSLÜMOV

Erməni cəmiyyəti sülhə hazırdırmı? - "Onlar iki hissəyə parçalanıb”