“De Byazi futbolçuların potensialından yararlana bilmir”- Natiq Muxtarlı

“De Byazi futbolçuların potensialından yararlana bilmir”- Natiq Muxtarlı

“De Byazi futbolçuların potensialından yararlana bilmir”- Natiq Muxtarlı

Bu gün Azərbaycan-Lüksemburq oyunu keçiriləcək. Qrupda cəmi 1 xal toplayan millimiz rəqibinə qalib gəlib, xal almağa çalışacaq.

İdman yazarı Natiq Muxtarlı Polemika.az-a bugünkü oyunu şərh edib. 

O, millimizin baş məçqçisi Canni De Byazinin mətbuat konfransı zamanı səsləndirdiyi müəyyən fikirlərə də aydınlıq gətirib. Məşqçi qəribə bir fikir səsləndirib: “Azərbaycan komandasını udmaq asan deyil”.

“Azərbaycan yığması Avropada həmişə autsayderlər arasında olub. Nə qədər zəif olsaq da, Avropada xal ala biləcəyimiz rəqiblər var idi. Lüksemburq, Malta, Farer adaları, San-Marino kimi komandalara azərbaycanlı azarkeşlər potensial 6 xal mənbəyi kimi baxıblar. İndi situasiya dəyişib. Hazırda Azərbaycan yığması Lüksemburq üçün potensial 6 xal mənbəyidir. Yəni De Byazinin deməsindən belə çıxır ki, Lüksemburq, Malta, Farer adaları Azərbaycan yığmasından xal alırlar, amma çətinliklə. Güman ki, axşamkı qarşılaşmada da belə olacaq. Lüksemburq Azərbaycandan xal alacaq, amma De Byazinin yetirmələri də müqavimət göstərəcəklər.

Komandanın potensialı budurmu? Yox, bu deyil. Axı yığmadakı futbolçuların əksəriyyəti “Qarabağ”ın heyətində zəngin və uğurlu Avrokubok təcrübəsinə sahibdirlər. Necə olur ki, bu futbolçular Avrokuboklarda möhtəşəm çıxış edirlər, biz onların ustalığından ağızdolusu danışırıq, amma yığmanın heyətində nəyəsə nail ola bilmirlər? Deməli, məşqçi işi düzgün deyil.

De Byazi millimizin futbolçularının potensialından yararlana bilmir. Onu Azərbaycana gətirən meneceri Riad Rəfiyevin diktəsi ilə “Sumqayıt”ın futbolçularını bütün xətlər üzrə heyətə salmaqla, yığmanın oyun keyfiyyətini aşağı salır, xətlərarası əlaqəni pozur. Ona görə də, yığma Avropanın autsayderləri üçün də potensial xal mənbəyinə çevrilir”.

Natiq Muxtarlı De Byazinin Azərbaycan mətbuatından xəbərsiz olması məsələsinə də toxunub:

“De Byazinin ölkə mətbuatından xəbərdar olmamağı ilə bağlı dedikləri də onu qeyri-peşəkarlığının göstəricisidir. Sən dili bilməyə bilərsən, amma ölkə mətbuatında sənin işinə verilən qiymət, yerinə göstərilən namizədlərlə bağlı mütəmadi olaraq məlumat almalısan. Bu adam ya yalan danışır, ya da Araz aşığından, Kür də topuğundan olduğu üçün ictimai rəyi nəzərə almır. Ola bilsin, De Byazi yerinə türk mütəxəssisin gətirilməsindən qətiyyən narahat deyil. Artıq öz xidmətini bir neçə Avropa ölkələrinə təklif edib. İnşallah, Avropada onun xidmətinə ehtiyac duyan ölkə tapılar”.

Mehri Qurban

“De Byazi futbolçuların potensialından yararlana bilmir”- Natiq Muxtarlı