Cavanşir Feyziyevə bağlı milyonlar müsadirə olunub

Cavanşir Feyziyevə bağlı milyonlar müsadirə olunub

Cavanşir Feyziyevə bağlı milyonlar müsadirə olunub

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) azərbaycanlı siyasətçiyə bağlı bank hesablarındakı milyonlarla funt-sterlinqi müsadirə edib. Bu haqda agentlik məlumat yayıb.  

Maliyyə müstəntiqləri deputat, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, Aİ-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarındakı 5.6 milyon funt-sterlinq məbləğində vəsaiti müsadirə ediblər.

Agentlik bildirir ki, hərtərəfli təhqiqat nəticəsində deputatın həyat yoldaşı Rərvanə Feyziyeva, övladlarında biri Orxan Feyziyev və qardaşı oğlu Elman Cavanşirin adına hesablar üzrə altı Hesab Dondurma Orderi əldə edilib.

Təhqiqatçılar bu hesablardakı pulların Azərbaycanın pulyuyan maşını sxemindən əldə edilməsindən şübhələniblər.

Sxem çərçivəsində vəsait Estoniya və Latviyadakı bank hesabları işlədən saxta şirkətlər vasitəsilə dövr edilib. Bu transferlərin bəzilərinin sənədləri, invoys və kontraktları olub, onlara legitim biznes tranzaksiyaları dəstəyi verməyə çalışıblar.

Vestminister Magistr Məhkəməsində üç həftəlik dinləmədən sonra hakim Con Zani bu sənədlərin tamamilə saxta olması, məqsədin pulyuma fəaliyyətini pərdələmək olmasına yetərincə dəlil olması qənaətinə gəlib. Bank hesablarındakı 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb.

Agentliyin Mülki Bərpa şöbəsinin rəhbəri Endi Lyus bunu Azərbaycanın pulyuyan maşını çərçivəsində müsadirə olunan əhəmiyyətli məbləğ adlandırıb. “Uğurumuz bu sxemlərdən istifadə edən hər kəsə riskin olduğunu ortaya qoyur. Biz orijinal kriminal fəaliyyətin dəqiq xarakterini sübut etmədən bu milyonları qaytara bildik. Böyük Britaniyaya qeyri-legitim yollarla daxil olan pulu hədəfə almaq üçün sivil gücdən istifadəni davam etdirəcəyik”, – o vurğulayıb.

Milli İqtisadi Cinayət Mərkəzinin direktor müavini Ben Rassel isə deyib: “Bu iş NCA-nın beynəlxalq korrupsiya və ona bağlı pulyumanı araşdıraraq müsadirə etmək öhdəliyinin təsdiqidir. Böyük Britaniya qanunsuz maliyyəyə qarşıdır, onu aşkarlamaq üçün mümkün vasitələrdən istifadə edəcək”.

Cavanşir Feyziyev, yaxud ailə üzvləri bu xəbərə hələlik, münasibət açıqlamayıb. “Azərbaycanın pulyuyan maşını” adlı araşdırma 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığını iddia edib. Bu vəsaitin bir qisminin avropalı deputatları ələ almaq üçün xərcləndiyi bildirilirdi.

 

Cavanşir Feyziyevə bağlı milyonlar müsadirə olunub