“Bunun bir səbəbi də Azərbaycanın Xankəndi probleminin üzərinə rəsmən getməməsidir...”

“Bunun bir səbəbi də Azərbaycanın Xankəndi probleminin üzərinə rəsmən getməməsidir...”

“Bunun bir səbəbi də Azərbaycanın Xankəndi probleminin üzərinə rəsmən getməməsidir...”

“Rusiya ATƏT-in Minsk Qrupunun üzvü olsa da, digər üzvlər-ABŞ və Fransanın vasitəçilik missiyasını maksimum məhdudlaşdırmaqla Qarabağ münaqişəsində əsas vasitəçi olduğunu və bu reallığın 10 noyabr üçtərəfli razılaşması ilə da təsdiq olunduğunu elan edib”.

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl bu fikirdədir.

Ekspert artıq tarixə qovuşmuş Minsk Qrupundan bəhs edərkən bunları bildirdi:

“Minsk Qrupunun fəaliyyətinin nəticəsizliyi Azərbaycanın maraqlarına uyğun olmadığı 27 il ərzində sübut olunduğu üçün rəsmi Bakı da onun vasitəçiliyindən narazı olduğunu və faktiki olaraq imtina etdiyini bildirib. Son 8 hərbçinin Ermənistana qaytarılması Fransa prezidenti və Avropa Şurasının prezidentinin təşəbbüsü və vasitəçiliyi baş verdiyindən, məlum oldu ki, Minsk Qrupunun hətta regionda humanitar məsələlərlə məşğul olmağına ehtiyac yoxdu”.

Amma İ.İsmayılın fikrincə, burada məsələnin başqa tərəfləri də var və mövcud vəziyyətdən Rusiya öz maraqları üçün istifadə edir:

“Rusiya prezidenti “Dağlıq Qarabağ problemi” yoxdur deyəndə, o daha çox bu fikri Fransa və ABŞ-a ünvanlayır ki, onlar üçün belə bir problem mövcud deyil və bununla da yalnız Qarabağa deyil, Cənubi Qafqaza bu ölkələrin hansısa bir formada real təsirini qəbul etmədiyini bildirir. Fransa bu gerçəyi hələ Brüssel görüşündə qəbul edib və orada Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin ikitərəfli görüşünü təşkil edəndə, dolayısı ilə Ermənistan rəhbərliyini və erməni cəmiyyətini neçə illik iddialarından geri çəkilmənin zəruri hala gəldiyini etiraf etmiş oldu”.

Bu situasiya Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur? Ekspert: “Rusiya müharibədən 15 ay keçməsinə baxmayaraq, Azərbaycan-Ermənistan münasibətlərindəki problemlərin həllini birbaşa Qarabağa aid olmayan məsələlərə yönəltməyi bacarıb. İki ölkə arasındakı nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması, sərhədlərin müəyyənləşməsi kimi problemləri önə çəkməklə Qarabağ məsələsi arxa plana atılmış və bununla da, Rusiya nəzarətində olduğu ərazidə bütün səlahiyyətlərin özünə aid olduğuna de-fakto nail olub. Məsələnin bu tərəfi haqqında Rusiya XİN başçısı Sergey Lavrov 14 yanvar brifinqində açıq şəkildə bildirdi ki, sərhədlərin müəyyənləşməsi və burada üzə çıxan problemlərin Qarabağ məsələsinə aidiyyəti yoxdur. Tərəf kimi bu vəziyyət yalnız Ermənistanı qane edə bilər və Paşinyan nə qədər həvəskar siyasətçi təsiri bağışlasa da, Qarabağ məsələsini Rusiyanın üzərinə ataraq Ermənistandakı problemlərin həlli üçün Qarabağ yükündən qismən azad olmağı bacarmış oldu”.

Təhlükəsizlik zabiti hesab edir ki, bu vəziyyət Xankəndi problemini həll etməyin zaman kəsimini uzadır:

“Zaman uzandıqca separatçı rejim, Ermənistan cəmiyyəti, diaspora, siyasi müxalifət stimullaşır, “Artsax Azərbaycanın tərkibində olmayacaq” bəyanatlarını daha tez-tez səsləndirir. Ərazi bütövlüyümüzün de-fakto nə vaxt təmin olunacağı haqqında Azərbaycan cəmiyyətində aydın təsəvvürün olmaması istər-istəməz şübhələrə, şayiələrə yol açır. Bunun bir səbəbi də Azərbaycanın Xankəndi probleminin üzərinə rəsmən getməməsidir. Dəhliz və sərhəd problemləri hiss olunur ki, illər alacaq və bu illərdə Qarabağın azad olunmayan hissəsinə nəzarətimizin yaranması da qeyri-müəyyən olaraq qalacaq. 2022-ci il siyasətimizdə Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə Azərbaycan dövlət nəzarətinin yaranmasının yol xəritəsi elan olunmalı və qarşıdakı illərdə görüləcək işlərin təməli qoyulmalıdır. Əks halda, separatçı rejim möhkəmlənmək məqsədilə daxili və xarici variantlardan maksimum yaralanmağa çalışacaq.

Rusiyanın 15 ay ərzində Qarabağda missiyasına uyğun olmayan siyasəti, sülhməramlıların hərəkətləri sülhə xidmət etmir, birtərəflidir”.“Yeni Müsavat”

“Bunun bir səbəbi də Azərbaycanın Xankəndi probleminin üzərinə rəsmən getməməsidir...”