"Bu o demək deyil ki, müxalifət aydan arı, sudan durudur" - YAP-çı deputat

"Bu o demək deyil ki, müxalifət aydan arı, sudan durudur"

"Bu o demək deyil ki, müxalifət aydan arı, sudan durudur" - YAP-çı deputat

AĞ Partiya rəhbəri Tural Abbaslı hakim Yeni Azərbaycan Partiyasına (YAP) qarşı ittihamlar səsləndirib. Siasətçi yüz minlərlə üzvü olan iqtidar partiyasında kadr çatışmazlığının olduğunu deyib. Onun sözlərinə görə, Hüseynbala Mirələmov, Ramiz Göyüşov kimi tanınmış YAP-çıların intim videolarının yayılmasından sonra YAP-da kadr dəyişikliyinin həyata keçirilməsi qaçılmaz olub. 

YAP-da kadr çatışmazlığı var, yoxsa kadrlar düzgün seçilmir?

Məsələ ilə bağlı “Polemika.az”ın suallarını cavablandıran YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov qeyd edib ki, əslində, müxalifət bir tərəfdən iddia etdiklərini, digər tərəfdən təkzib edir:

“Birincisi onu qeyd edim ki, Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı 600 min yox, 750 mindən çoxdur və bu 750 min böyük bir canlı orqanizmdir.

Bildiyiniz kimi, partiya təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Nəzərə alsaq ki, 750 mindən çox üzv, 18 yaşından yuxarı olan insanlardır, bu, artıq ölkə əhalisinin bir xeyli faizini təmsil edir”.

YAP İH-nin üzvü bildirib ki, burada hər hansısa neqativ halın olması, canlı orqanimzdə baş verə biləcək bir hadisələrdir:

“Bu ümumilikdə YAP-ın nüfuzuna heç də xələl gətirə bilməz, çünki YAP 1993-cü ildən bu günə kimi hakim partiyadır, bütün seçkilərdə qalib gələn bir siyasi təşkilatdır və o zaman elə həmin müxalifətin ölkəni dağıtdığı, vətəndaş qarşıdurmasına, xaosun anarxiyaya çevrildiyi və dağılmaqda olan bir ölkəni xilas edən bir siyasi qurumdur.

Bildiyiniz kimi, YAP-ın qurucusu Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevdir. Onun rəhbərliyi ilə partiyamız 21 noyabr 1992-ci ildə qurulmuşdur və ölkəmizdə müstəqillik əldə edildikdən sonra legitim yolla siyasi hakimiyyətə gəlməyin əsasını, dövlətçilik, azərbaycançılıq prinsipinin təməlini YAP qoymuşdur.”

Millət Vəkilinin sözlərinə görə, 3-5 nəfərlə təmsil olunan müxalifət, əlbəttə ki, özü və yaxın ətrafını - ailəsini partiya üzvlüyünə yazır və bunlarda nəsə baş vermirsə, bu o demək deyil ki, bunlar aydan arı, sudan durudurlar:

“Digər bir tərəfdən elə həmin müxalifət yaddan çıxarmasın ki, YAP-ın hakimiyyəti dövründə, 44 günlük Vətən Müharibəsində Azərbaycan tarixi bir qələbə qazandı və YAP-ın təyin etdiyi kadrlar da əsas idarəçilikdə iştirak edərək, bu parlaq qələbəyə Azərbaycan xalqını apardı.

Bəli, burada Azərbaycan xalqının milli birliyi nümayiş olundu və bu milli birlik Cənab Prezidentimiz ətrafında oldu. Siyasi partiyaların mütləq əksəriyyəti o milli birliyə töhvə verdilər, onlar bəyanatla çıxış etdilər. Bunlar hamısı şərtdir. Amma məhz əsas idarəçiliyi edənlər kimlər idi? YAP-ın üzvləri, hansılar ki, müxtəlif kadrlardır.

Əlbəttə döyüş meydanında bizim əsgərlərimiz, zabitlərimiz can qoydular bu yolda.”

Deputat, partiyanın gələcək həyatından danışarkən deyib:

“Bildiyiniz kimi, cari ilin mart ayının 5-də YAP VII Qurultayı keçirildi. Bu qurultayda xeyli vəzifələr ölkə prezidenti – partiyamızın sədri İlham Əliyev Cənabları tərəfindən müəyyənləşdi və qarşıya qoyuldu. İndi YAP-ın həyatında yeni bir mərhələnin başlanğıcını görürük. Bu eyni zamanda əlbəttə ki, bizim Vətən Müharibəsindəki qələbəmizdən sonra yeni reallığa uyğun, yeni bir mərhələni partiyanın həyatında da biz görürük. Partiyanın qurultayının keçirilməsi də yeni reallığa uyğunlaşdırılmışdır.”

Siyasətçi onu da vurğulayıb ki, hazırda partiya üçün kadrların seçimi təkmilləşir və yenilənir:

“Bakı şəhər üzrə, artıq bu proses başa çatıbdır, 9 rayon üzrə kadrlar müəyyənləşib və təyinat alınıb. Növbəti mərhələdə də digər şəhər və rayonların tərkibinə baxılacaqdır.

Düzdür, burada bir məsələ də var ki, YAP-ın şəhər və rayon təşkilatlarının sədrləri, yalnız bu təşkilata rəhbərlik edə bilər və ikinci bir vəzifəsi ola bilməz. Bu baxımdan da indi bu proses, artıq gedir, başlayıb və yaxın gələcəkdə yeni təyinatları da görəcəyik”.

Rafi Müslümov 

"Bu o demək deyil ki, müxalifət aydan arı, sudan durudur" - YAP-çı deputat