Moskvada üçtərəfli görüş niyə baş tutmadı? - "Ona görə ki..."

Moskvada üçtərəfli görüş niyə baş tutmadı?

Moskvada üçtərəfli görüş niyə baş tutmadı? - "Ona görə ki..."

9 noyabr Atəşkəs Bəyanatının imzalandığı gün yeni üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumatlar istər erməni, istərsə də Azərbaycan mətbuatında yayılsa da, təəssüf ki, ortada real nəticə yoxdur. Kremlin sözçüsü Dmitri Peskovun Rusiya və Azərbaycan prezidentləri, habelə Ermənista Baş nazirinin görüş haqqında anons versə də, sonradan bunu təkzib edib. Bununla da görüşün niyə baş tutmaması ilə əlaqədar çoxsaylı suallar yaranıb.

Polemika.az-a danışan politoloq Nadir Şərifli qeyd edib ki, buna səbəb tərəflərin müəyyən məsələlərdə razılığa gəlməməsidir:

“Konkret nüanslar nədir, bilmirik və bunu hər iki tərəfdə fəaliyyət göstərən işçi qrupu bilir, onlar bu işlə məşğuldur. Aydındır ki, tərəflər razılığa gələ bilmirlər. Azərbaycan və Ermənistan tərəfinin istəkləri müxtəlifdir. Bəzən bir məqamı yaddan çıxardırıq: Rusiyanın da bölgədə və danışıqlarda öz maraqları var.

Görünür ki, Rusiyanın maraqları 100%-lik təmin olunmayıb. Rusiya ilkin mərhələdə, bəzi rəylərə görə, qalib tərəf oldu. Təbii olaraq Azərbaycan öz ərazilərini geri qaytardı, amma eyni zamanda, Rusiya uzun müddət həsrət qaldığı Azərbaycan ərazilərinə qoşunlarını yeridə bildi. Azərbaycan da, müəyyən dərəcədə qazandı və 100%-lik ərazi bütövlüyünü təmin edə bilmədi. Amma çox böyük üstünlük əldə etdi”.

Politoloqun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında müəyyən danışıqlar getməlidir ki, ən azı üçtərəfli razılaşmanın müddəaları tam olaraq yerinə yetirilsin:

“Bu günə qədər üçtərəfli müqavilədən çıxan müddəaları yerinə yetirən əsas tərəf Azərbaycandır. Laçın dəhlizini boşaldıb, rus sülhməramlılarının əraziyə nəzarət etmələrini təmin etdik. Bunun müqabilində biz Zəngəzur dəhlizini əldə etməliydik. Deyirlər ki, Baş nazir müavinləri səviyyəsində müzakirələr aparılır, amma qarşı tərəfdən atılan real addımları görmürük”.

Eskpert vurğulayıb ki, delimitasiya və demarkasiya ilə bağlı çox ciddi problemlər var:

“Bununla bağlı Qarabağdan erməni qoşunlarının çıxarılması ilə bağlı problemlər də özünü qoruyub saxlamaqdadır. Güman edirəm, Azərbaycan tərəfi bu məsələləri qaldırır, konkret zəmanət və müddətin qoyulmasını, atılacaq addımlarla bağlı hesabat istəyir. Ermənistan tərəfi də bunu həyata keçirməmək üçün yəqin ki, ortaya müəyyən əks-dəlillər qoyur. Ona görə də, Azərbaycanın tələbləri daha da sərtləşir”.

Rafi Müslümov

Moskvada üçtərəfli görüş niyə baş tutmadı? - "Ona görə ki..."