Bakıda kirayədə qalan deputatdan AÇIQLAMA

Bakıda kirayədə qalan deputatdan

Bakıda kirayədə qalan deputatdan AÇIQLAMA

Milli Məclisinin deputatı Razi Nurullayev millət vəkili üçün verilən kirayə pulunun artırılması ilə bağlı təklif irəli sürüb. Bu təklif cəmiyyətdə ajiotaja səbəb olub. 

Hansısa bir deputatın kirayədə qalması ilə bağlı məlumat indiyənə qədər ictimaiyyətə məlum deyildi. Əksinə, cəmiyyət deputatların, millət vəkillərinin zəngin həyat tərzi keçirdiyini düşünür. Buna görə də insanlar bu xəbərlərin dəqiqliyinə şübhə ilə yanaşırlar.

Məlum olub ki, söhbət müxtəlif bölgələrdə yaşayan deputatlardan gedir. Həmin deputatlara 220 manat kirayə pulu verilirmiş.

Məsələ ictimailəşəndən sonra kirayədə qalan deputatların adları açqılanıb. Həmin deputatlar Emin Hacıyev, Cavid Osmanov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə, Naqif Həmzəyev və digərləridir.

Polemika.az-ın əməkdaşı məsələ ilə bağlı kirayədə qaldığı deyilən deputat Cavid Osmanovla danışıb. Osmanov məsələyə qısa münasibət bildirib:

“Mən o iclasda iştirak etməmişdim. Sonradan baxanda gördüm ki, orada Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən bütün suallar cavablandırılıb. Mən də Sahibə xanımın cavabını dəstəkləyirəm. Deyəcəyim bu qədər olacaq”.

Qeyd edək ki, bu məsələ müzakirə olunanda Sahibə Qafarova narahatlıq üçün əsas olmadığını deyib:

“Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir”.

Nəzrin Vahid 

Bakıda kirayədə qalan deputatdan AÇIQLAMA