Bakı müharibənin sonlarında böyük təhlükəni necə dəf edib? - Qarabağı tamamilə itirə bilərdik

Bakı müharibənin sonlarında böyük təhlükəni necə dəf edib?

Bakı müharibənin sonlarında böyük təhlükəni necə dəf edib? - Qarabağı tamamilə itirə bilərdik

"Beynəlxalq münasibətlər sisteminin nizamsız, bir o qədər də dağınıq nizamında əslində isə faktiki olaraq nizamsızlığında dövləti idarə etmək üçün regional və qlobal prosesləri, yaranan hadisələri nəzərə almaq  kifayət deyil, bununla yanaşı və hətta ilk növbədə yarana biləcək prosesləri öncədən görərək proaktiv yanaşma ortaya qoymaq, gələcək şərtləri proqnozlaşdırmaq mühüm əhəmiyyət kəsb edir. Hələ bütün bunlar Azərbaycan kimi mürəkkəb geosiyasi məkanda, siyasi və iqtisadi maraqların toqquşan və kəsişən nöqtəsinin mərkəzində yerləşən bir dövlətdən söhbət gedirsə".

Polemika.az xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycan 10 Noyabr sənədinə imza atmasa, Xankəndiyə ordu yeritsə idi bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyirdi:

"Modern çağımızın aktual prosesləri fonunda rasional, təmkinli siyasət yürütməklə, ən əsası isə minimum, ən yaxşı halda isə heç itki vermədən qarşıya qoyulmuş hədəfə çatmaq ən əsas məqsəddir. Mürəkkəb bir dünya üçün ağıllı siyasət praqmatizm, faktlar və bu faktlardan, hadisələrdən nəticə çıxartmağa dayanır. Bu çətin proseslər fonunda Azərbaycan dövlətinin başçısı İlham Əliyev qlobal və geosiyasi reallıqları nəzərə alaraq, ən əsası da ölkəmizi və xalqımızı çaxnaşmadan, təlatümlərdən sığortalamaq üçün olduqca uzaqgörən, ağıllı siyasət yürüdür. Bu amil xüsusilə də dünyada baş verən proseslər fonunda bir daha öz təsdiqini tapır. 

Baş verən və indiki reallıqlar bizə dərindən düşünmək üçün ciddi əsaslar verməlidir. Müstəqilliyimizi bərpa etdiyimizin ilk vaxtlarında, daha dəqiq desək 1991-1993-cü illər ərzində torpaq işğalı, qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdik. Ölkədə anarxiya, xaos, siyasi hakimiyyət uğrunda mübarizə, vətəndaş müharibəsi, qardaş qırğını gedirdi. Yəni, indi baş verən bütün bu proseslər vaxtilə Azərbaycanın da analoji situasiyada, çətin məqamda olmasından xəbər verir. Şəhərlərimiz, kəndlərimiz gülləyə tutulur, soyqırımlara məruz qalırdıq, lakin buna baxmayaraq fərqli olan o idi ki, nə ünümüzü eşidən var idi, nə də harayımıza yetən.

Beynəlxalaq təşkilatların qəbul etdiyi qərarları, elə dünyanın ən aparıcı aktorlarının sözdə ərazi bütövlüyümüzü tanıyıb, əməldə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməməsi reallığını Azərbaycan öz gücünə, qardaş Türkiyə dövlətinin dəstəyinə arxalanaraq öz xeyrinə dəyişdi. İndi isə bütün bu mürəkkəb siyasi proseslər fonunda əsas məqsəd illərlə viran qoyulan ərazilərimizi bərpa etmək, insanları öz yurd-yuvalarına yerləşdirməkdir. Özü də biz bütün bu işləri heç kimdən heç bir maliyyə dəstəyi almadan, öz resurlarımız hesabına edirik. Nə işğal zamanında, nə də indiki prosesdə heç kim bizə yardım etmədi, etmir. 

Azərbaycan müstəqil xarici siyasət yürüdür. Əsası odur ki bu siyasət milli maraqlar nəzərə alınmaqla həyata keçirilir ki, ölkə kimlərəsə yem olmasın, qan gölünə çevirilməsin. Necə ki, son baş verən hadisələr fonunda bunun şahidi oluruq. Bir addım səhv atılsa idi biz 44 gün ərzində və ondan sonra qazandığımız hər şeyi itirə bilərdik. Azərbaycan dövlətinin başçısının düşünülmüş siyasəti icazə vermədi ki, bu kataklizmlərə məruz qalaq.

Regional aktorlarla bərabərhüquqlu münasibətlər qurulması, öhdəliklərin və məsuliyyətin qarşılıqlı götürülməsi bizi bütün mənfi tendensiyaalrdan sığortaladı. 2020-ci ildə "Xankəndiyə niyə girmədik" deyənlər Avropanın gözü qarşısında viran qoyulan Ukrayna hadisələrindən nəticə çıxarmalıdır. Harda durmaq lazımdır, kapitulyasiya aktına harda imza atdırmaq lazımdır bunu Azərbaycan dövləti düşünüb icra etdi. Başqa cür olsa idi bir tərəfdən Rusiyanın təzyiqi, digər tərəfdən isə birmənalı şəkildə ABŞ və Avropanın sanksiyaları tətbiq edilərdi. Dünənin verilən vədləri bu günün reallığıdırsa, indiki məqamda atılan soyuq və düşünülmüş addımlar sabahın hadisələrinin carçısıdır. Əsas bunu bilməliyik. 

Azərbaycan regionun iki ən güclü aktoru olan Rusiya və Türkiyə ilə müttəfiqlik münasibətləri quraraq baş verə biləcək təlatümlərdən özünə zəmanət qazanıb. Azərbaycan baş verən prosesləri izləyir və Qoşulmama hərəkatının sədri kimi hər birinə də bu statusda üzərinə düşən öhdəlikləri çərçivəsindən yanaşır.  Dövlətimiz, dövlətçilyimiz və stabilliyimiz ən həssas məqamımız olmalıdır. Bunu hər bir Azərbaycan vətəndaşı, azərbaycanlı belə bilməlidir.  Postsovet məkanında Azərbaycan kimi ikinci belə bir ölkə yoxdur. Birmənalı olaraq bütün bunların əsasında Prezident İlham Əliyevin milli maraqlara söykənən düşünülmüş, praqmatik, uzaqgörən siyasəti dayanır"./Milli.az

Bakı müharibənin sonlarında böyük təhlükəni necə dəf edib? - Qarabağı tamamilə itirə bilərdik