"Azərbaycanda əvvəl ər, sonra arvad direktor olur" - Təhsil Nazirliyinə şok ittiham

"Azərbaycanda əvvəl ər, sonra arvad direktor olur"

"Azərbaycanda əvvəl ər, sonra arvad direktor olur" - Təhsil Nazirliyinə şok ittiham

Məktəblərdən yayılan videolar səngimək bilmir. Ötən gün daha bir qalmaqallı video ilə qarşılaşdıq. Bu dəfə baş rolda şagirdlər yox, müəllimlərin özləri idi. Məktəb direktoru ilə müəllim arasındakı konfliktin şahidi olduq. Müəllim direktordan haqqı olan dərs saatını tələb etdiyinə görə, xanım direktorun təhqirlərinə məruz qalır. Müəllim adına yaraşmayan ifadələr işlədir.

Maraqlıdır, müəllimlər arasında dərs saat necə bölünməlidir?

Azərbaycanda müəllim çox olduğunnamı dərs saatını bölüşdürə bilmirlər?

Təhsil eksperti Elşən Qafarov Polemika.az-a açıqlamasında deyib ki, Azərbaycanda müəllim həm çox, həm də azdır:

“Müəyyən ixtisaslar var ki, onlarla əlaqədar müəllim çatışmazlığı yaşanır. Bu daha çox ayrı-ayrı regionlar və rayonlar üzrədir. Şəhər məktəblərində müəllim sıxlığı var. Amma eyni vəziyyəti ucqar kəndlər üçün deyə bilmərik”.

Ekspertin sözlərinə görə, məcburi köçkün məktəbləri şəxsi mülkiyyət forması şəklində idarə olunur:

“Məcburi köçkün məktəblərində sülalə idarə etməsi var. Həmin səs yazısı yayılan Kəlbəcər rayonu 111 saylı məktəbdə də hazırda məktəb direktoru olan qadının vaxtilə həyat yoldaşı direktor olub. Ondan sonra xanımı miras olaraq vəzifəyə keçib. Yalnız bizdə bu mümkündür. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada belə bir şey olsun. Həmin xanım müəllimləri təhqir edir. Ondan o yana da keçir. Məktəb direktoru kollektivə nümunə olmalıdır. Bunları pozan məktəb direktorları çoxdur. Bu Təhsil Nazirliyinin idarəetmə və nəzarət sisteminin yox səviyyəsində olmasından irəli gəlir. Digər bir səbəb isə təhsillə bağlılığı olmayan insanların vəzifələrə gətirilməsidir”.

E.Qafarov qeyd edib ki, bir müəllimin həftəlik minimum 18 saat dərsi olmalıdır:

“Ölkə prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamı var. Həmin sərəncamda göstərilir ki, bir müəllimin həftəlik dərs yükü norması 18 saatdır. Həmin sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin  215 nömrəli qərarı var. Bir müəllimin 18 saat dərsi olmalıdır. Lakin dərs çox olarsa, bir müəllim bunun 2 mislindən çox olmamaqla dərs keçə bilər. Minimum 18, maksimum da 36 saat.

Çox təəssüf olsun ki, son illərdə Təhsil Nazirliyi süni şəkildə vakansiyalar yaradır. Guya məqsəd gəncləri işlə təmin etməkdir. Belə süni vakansiyalarla normadan artıq müəllimi işə götürürlər. Bununla da müəllimlərə düzgün dərs yükü verilə bilmir. Diaqnostikdən keçməyənlərə, aşağı bal toplayanlara 6 saat dərs verirlər. Bilərəkdən qaydanı pozurlar.

Eyni zamanda Əmək Məcəlləsində göstərilir ki, hər bir işə götürən işçini əmək norması ilə təmin etməlidir. Yəni müəllim işləyirsə, 18 saat dərs yükü ilə təmin olunmalıdır. 18 saatdan aşağı dərs yükünün olmağı qəbul edilməzdir. 2008-ci ildə Təhsil Nazirliyi ilə Azərbaycan təhsil işçilərinin həmkarlar təşkilatının ümumtəhsil məktəbləri ilə bağlı razılaşması var. Çərçivə sənədidir. Hər iki tərəf də əməl edəcəyinə söz verib. Əgər məktəb 18 saaat dərs yükü ilə təmin edə bilmirsə, o zaman qonşu məktəblərdə ehtiyat dərsləri varsa, müəllim həmin məktəbdə dərs saatı ilə təmin edilməlidir. Əgər bu da mümkün deyilsə, o zaman tədris ilinin sonuna qədər məktəb, Təhsil Nazirliyi müəllimin 18 saat əmək haqqısını ödəməlidir. Təəsüflər olsun ki, bu kimi qaydalar olsa da heç birinə əməl edilmir”.

Nəzrin Vahid

"Azərbaycanda əvvəl ər, sonra arvad direktor olur" - Təhsil Nazirliyinə şok ittiham