Azərbaycanda media azadlığı: Finiş xətti...

Azərbaycanda media azadlığı: Finiş xətti...

Azərbaycanda media azadlığı: Finiş xətti...

Azərbaycanda söz və mətbuat azadlığı hər zaman gündəmdə olub. Bu istiqamətdə həm qanunlar, həm də idarəçiliklə bağlı son illər xeyli addımlar atılıb. Media haqqında yeni qanun layihəsinin hazırlanması da bu yeniliklərdən xəbər verir. 

Ümumilikdə Azərbaycanın media ilə bağlı dövlət siyasəti ardıcıldır və təbliğat yönümlüdür. Prezident İlham Əliyev də bu mövzu ilə bağlı çıxışlarında hər zaman dövlət qurumlarının KİV-lə əməkdaşlığının yüksəldilməsini tövsiyə edir. Ortada real nəticələr varmı? Bu sualın cavabı sözsüz ki, müsbətdir. 

İndi media sahəsində fəaliyyət göstərmək, informasiya xidməti yaratmaq və bu xidməti həyata keçirmək kifayət qədər rahatdır. Ölkədə istər yazılı, istər digital, istərsə də onlayn media strukturlarının sayı yüzlərlədir. Bu sahədə böyük rəqabət mövcuddur. Rəqabət mövcud olan yerdə isə hər zaman azad fəaliyyət mümkündür.

Bunlarla bərabər hər bir sahədə olduğu kimi media sahəsində də problemlərin olması mümkündür. Neqativlər isə bəzən medianın daxilindən deyil, kənar müdaxilə ilə ortaya çıxır. Məsələn, bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Rövşən Cahangirovun jurnalistə yumruq atması hələ də bəzi rəsmi şəxslərin söz azadlığına qarşı yumruq göstərdiyini ortaya çıxardı. Bu neqativ bir hadisə idi və ümumi prosesə kölgə salmaq gücündə deyil. Amma ortada bir hadisə var. Bu hadisənin baş rolunun ifaçısı isə rəsmi şəxs idi.

Mövzu ilə bağlı “Polemika.az”a danışan əməkdar jurnalist, tanınmış media eksperti Azər Həsrət bildirib ki, Azərbaycan dövləti və təbiidir ki, konstitusiya başda olmaqla bütün qanunlarımız ölkədə normal, müdaxiləsiz, senzurasız, kütləvi informasiya fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaradıb:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən özü bu məsələlərdə, informasiya və media azadlığının təmin olunmasında sadiq insandır. Onun birmənalı tapşırığıdır ki, bütün KİV və jurnalistlər üçün normal şərait yaradılsın və onlara heç bir əngəl törədilməsin.

Ümumiyyətlə, Azərbaycan dövlətinin bu və ya digər şəkildə medianı sıxışdırmaq, senzuraya məruz qoymaq, hansısa əngəllər törətmək kimi, bir siyasəti yoxdur”.

Əməkdar jurnalist qeyd edib ki, baş verən hadisəyə gəldikdə bu, əlbəttə ki, şəxsi təşəbbüsdür:

“Bu, ölkə Prezidentinin iradəsinə zidd hərəkətdir və eyni zamanda Azərbaycan qanunlarının pozulmasıdır. 

Burada çıxış yolu nədir? Çıxış yolu odur ki, bu hadisəyə həmin adamın mənsub olduğu qurumun – Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev şəxsən münasibət bildirməli və onu cəzalandırmalıdır. Cəza da bundan ibarət olmalıdır ki, həmin adam orada daşıdığı vəzifədən uzaqlaqşdırılsın. 

Çünki mən bildiyimə görə, onun özü əməkdar jurnalistdir. Hərçənd mən elə bir jurnalisti, ümumiyyətlə, tanımıram və necə əməkdar olduğu da mənə şübhəli gəlir. Bu öz yerində.

İkinci tərəfdən də, bu adam Sərhəd Qoşunlarında Mətbuat Xidmətindədir. Yəni Mətbuat Xidmətində olan bir şəxsin jurnalistlərə qarşı bu cür kobudluq etməsi, qanun pozması, ölkənin imicinə bu cür zərbə vurması, əlbəttə ki, qəbul edilən deyil. Ona görə də, Elçin Quliyev, əgər özü də onun hərəkətlərini paylaşmırsa, “dəyərlərə” söykənmirsə bu adamı işdən uzaqlaşdırmalıdır”.

Ekspert hesab edir ki, Azərbaycan dövlətinin media azadlığı məsələlərindəki imicinə böyük zərbə vuran adam o işdə qalmamalıdır:

“Əlbəttə ki, Azərbaycanda media azadlığı, artıq elə bir həddə çatıb ki, hətta mən deyərdim ki, bu sahədə xaos var. Yəni azadlıqlar həddən artıqdır, insanlara sərbəstlik verilib. Ona görə də, bir çox insanlar bu sahədə məsuliyyətini dərk etmir. Mən istərdim ki, bizim jurnalistikamızda, bütövlükdə mediamızda məsuliyyət hissi yüksəlsin, jurnalist etikası daha da artsın. 

Çünki bu məsələlər, həqiqətən də çox ciddi problem yaradır. Azərbaycan dövləti həmin qanunlarla azadlıqları təmin edir, amma təəssüflər olsun ki, vətəndaşlarımız o qanunlardan irəli gələn azadlıqlardan sui-istifadə edərək məsuliyyətsizliyə meyl edirlər”.

“Jurnalist” Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə isə deyir ki, mətbuat zamanın güzgüsüdür və hər kəsi olduğu kimi göstərir.

Onun fikrincə, azad mətbuat Azərbaycanın ən böyük hədəflərindən biridir və bu istiqamətdə lazım olan yolun böyük hissəsi keçilib. Əsas məsələ media azadlığının ənənə olaraq oturuşması və bununla cəmiyyətin hər bir təbəqəsinin hesablaşmasıdır. O, illər əvvəl olduğu kimi indi media fəaliyyətinə kənar müdaxilələrin minimuma endiyini qeyd edir. Bunun  böyük əhəmiyyət daşıdığını vurğulayır:

“Azərbaycaanda media ənənləri onillərdir mövcuddur. Amma uzun müddət Sovet İttifaqının tərkibində olduğumuzdan media azadlığının nə olduğunu bilməmişık. Azərbaycanda azad medianın yaşı azdır və bu müddətdə də yolu qarışqa yerişi ilə gəlmişik. Hesab edirəm ki, prosesə dövlət tərəfindən ciddi təkan verilib. 

Media haqqında qanun hazırlanması da bu niyyətdən xəbər verir. Bildiyimə görə brada təkcə medianın azadlığı deyil, həm də onun hüquqları və sərhədləri də müəyyən olunur. İndiyə qədər qanunlarda olan bir sıra boşluqların bu qanunun qəbul olunması ilə aradan qaldırılacağını düşünürəm”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;” istiqaməti üzrə hazırlanmışdır.

Azərbaycanda media azadlığı: Finiş xətti...