Azərbaycan üçün trolluq edirdi, indi hədələyir...

Azərbaycan üçün trolluq edirdi, indi hədələyir...

Azərbaycan üçün trolluq edirdi, indi hədələyir...

Bu, birmənalıdır: Dövlət üçün mühüm olan maraqlardır. Dünən dost olduğun bu gün sənin ayağını tapdayırsa, cavab adekvat olmalıdır. Olmadısa, səni ayaqlamaqda davam edəcəklər.

Ruysiyalı politoloq Oleq Kuznetsov dünənə qədər Azərbaycan üçün ən gözəl sözlər deyir, şərhlər verir və sözün əsl mənasında bizə trolluq edirdi. İndi iş yerini dəyişmiş kimi görünür. Maraqları da dəyişib. Bizi hədələməyə başlayıb.

Heç nə təsadüfən baş vermir, hər hadisənin mütləq bir səbəbi var.

Rusiya Ukraynaya hücum edəndən sonra bütün sivil insanlar kimi Azərbaycan cəmiyyəti də, mediası da, bir az ağlı, adamlığı olanlar da bu təcavüzü pislədi. Biz 200 il rus işğalından əziyyət çəkmiş xalq olaraq bunun nə demək olduğunu gözəl bilirik. Dövlət isə rəsmi olaraq neytrallığını qorudu. Bu münaqişədə tərəf olmamağı seçdi. 

Görünür, Rusiya üçün, rusbaşlar üçün dövlətin rəsmi mövqeyi kifayət deyil. Onlar azərbaycanlıların da bir nəfər kimi Ramzan Kadırov olmasını arzulayırlar. İndi kin qusmalarının da səbəbi elə budur. Azərbaycan cəmiyyəti ədalətin nə olduğunu bilir və fərd, cəmiyyət olaraq haqqın yanında dayanıb bu gün. Bunun  gec-tez təxribatlara səbəb olacağı bəlli idi. Amma özünü çox gözlətmədi. Qarabağda atəşkəsin kütləvi şəkildə pozulması buna misaldır.

Digər məsələ Azərbaycan üçün trolluq edən rus siyasətçilərinin əsl simalarının üzə çıxması və təxribat xarakterli məlumatlar yaymasıdır. Öncə Maksim Şevçenko, indi də Oleq Kuznetsov...

Kuznetsov öncə Azərbaycan mediasını, baş redaktorlarını hədələdi. Azərbaycan mediasının Ukraynaya verdiyi dəstəyə görə sosial şəbəkədə yazdıqlarını təqdim edək:

“Bu saytların hamısının adları yaxşı məlumdur və hər biri üçün kifayət qədər dəlillər var. Ukraynanın denazifikasiyasından sonra onların bütün baş redaktorları beynəlxalq axtarışa veriləcək. NATO sizi dəstəkləməyəcək, çünki siz Rusiyaya qarşı artıq silinmiş, maliyyə hesabatlarında çətinliklə əks olunan informasiya müharibəsinin xərclənən materialısınız. Hara gedirsiniz, cənablar? Azərbaycan Rusiyanın müttəfiqidir.

Mən buna tam əminəm ki, Azərbaycan Ukrayna saxtakarlığı ilə əlbir olan şəxsləri təhvil verərək bu məsələdə öz müttəfiqlik borcunu yerinə yetirəcək. Sonra deməyin ki, mən sizə xəbərdarlıq etmədim”.

Onun bir il əvvəl Azərbaycanla bağlı dediklərini yada salsanız 180 dərəcə dəyişiklik olduğunu açıq görərsiniz. Hədə bir tərəfə qalsın. O həm də təxribat xarakterli xəbərlər paylaşaraq xaos yaratmağa da xidmət edir. Ötən gün Bakıdakı kafelərdə rus dilində danışan şəxslərin polis tərəfindən saxlanılması haqda məlumat yaymışdı. Çox hiyləgərcəsinə yayılmış saxta bir xəbər idi. Bunun Kuznetsovun özfəaliyyəti olduğunu düşünmürəm.  Atəşkəsin pozulması, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi prosesin bir mərkəzdən idarə olunması ehtimalını istisna etmir. 

Bu durumda bizim edəcəyimiz nə var? Təbii ki ehtiyatlı olmaq və təxribatlara lazımı reaksiyanı göstərmək lazımdır. Rus imperiyasına gəldikdə, bu bütün dünyanın problemidir və Putin bu problemin həlli ilə özü şəxsən məşğuldur. Ukraynada Rusiyaya aid tankların qəbristanlığını yaratmaqla, Sovet dövrünün texnikası ilə müharibəyə başlamaqla, rus əsgərlərinin qeyri-peşəkarlığını bütün dünyaya göstərməklə. Əgər dünya indiki təzyiqini bir müddət davam etdirsə nə Putin qalar, nə də böyük Rusiya...

E. Məmmədli

Azərbaycan üçün trolluq edirdi, indi hədələyir...