Azərbaycan niyə həmişə qrup sonuncusu olur? - Şahin Diniyev səbəbləri açıqladı

Azərbaycan niyə həmişə qrup sonuncusu olur?

Azərbaycan niyə həmişə qrup sonuncusu olur? - Şahin Diniyev səbəbləri açıqladı

AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin Polemika.az-a müahibəsi:

- Şahin bəy, Azərbaycan millisində məşqçilər tez-tez dəyişsə də reytinq cədvəlindəki yerimiz dəyişmir. Həmişə qrup sonuncusu oluruq. Buna səbəb nədir? Azərbaycan niyə futbolda uğursuzluq zolağından çıxa bilmir?

- Bu məsələyə qlobal baxmaq lazımdır. 29-30 ildir ki, Azərbaycan millisinin baş məşqçiləri dəyişir və heç bir nəticə əldə olunmursa, demək ki, problem baş məşqçidə deyil.

Futbola olan baxışı və sistemi dəyişmək lazımdır. Milli üçün futbolçular yetişməlidir. Milli futbolumuzun pik nöktəsidir, güclü komandalarla qarşılaşdığı üçün bütün səhvlər, düzlər orada görünür. Futbolçuların yetişməməsi ən böyük problemdir, lakin başqa problemlər də var.

Yalnız bir yerdə problem olsaydı düzəltmək asan olardı. Sistemli şəkildə dəyişiklik və futbolumuzun hansı istiqamətdə inkşaf edəcəyini araşdırmaq lazımdır.

Azərbaycan millisinin yüksək səviyyəli baş məşqçiləri olub. Məsələn, dünya çempionu Karlos Alberto Torres, Berti Foqts və s. Yerli məşçilərimiz də çox yaxşı işləyiblər. Lakin problem məşqçidə deyil. Yeni oyunçuların yetişməsi, digərlərinin inkşafı futbolda böyük rol oynayır.

- Premyer Liqada 8 komandanın iştirak etməsi də zəifliyin əsas səbəbi kimi göstərilir. Klubların sayını artırmağa ehtiyac varmı?

-  Futbolçu olmasa Premyer Liqada 20 komanda olsa belə heç nə əldə edə bilmərik. Nə olur-olsun, futbolçu yetişməlidir. Əgər keyfiyyətli futbolçularımız yetişməsə, milliyə kömək edə bilməyəcəyik. Yenidən qeyd edim ki, sistemin qurulması əsas şərtdir.

- Azərbaycanlı legionerlər də xarici ölkələrdə yaxşı çıxış edə bilmirlər. Buna səbəb nədir?

- Əsas səbəb futbolçulara uşaqlıqdan, yeniyetməlikdən düzgün istiqamət verilməməsidir. Biz bu gün süni limit qoymuşuq, lakin bu olmamalıdır. Kim güclüdürsə, o da oynamalıdır. İnkşaf üçün yüksək səviyyəli məşq prosesi qurulmalıdır. Keyfiyyətli uşaq məşqçiləri olmalıdır. Əvvəlcə uşaq məşqçilərindən başlamaq lazımdır. Bizim problemlərimiz oradan qaynaqlanır və zəncirvari formada gəlir çıxır milli komandaya. 14-15 yaşdan sonra və ya 18 yaşda əsgərlik zamanı biz çox sayda futbolçu itiririk. Bunlar çox böyük problemlərdir. Komandaların sayını artıraraq və ya uşaq futbolu üçün çox sayda meydançalar tikərək, nə isə əldə edə bilmərik.

- Mahir Emreli yeni transfer edildiyi zaman komandanın, baş məşqçinin ondan necə razı qaldığının şahidi olurduq. Lakin sonradan vəziyyət onun əleyhinə dəyişdi. Artıq Emrelinin yenidən Azərbaycana qayıdacağı ilə bağlı xəbərlər də yayılıb. Mahirin yenidən Azərbaycana qayıtması onun kariyerasına necə təsir edə bilər?

- Futbol kollektiv şəkildə olan bir oyundur. Oyunda baş verənlər yalnız bir futbolçudan asılı deyil. Futbolçu əgər əvvəl yaxşı, sonra pis oyun nümayiş etdirirsə onda günah axtarmaq lazımdır, lakin burada əsas səbəb isə klubun uğursuzluğudur. “Legiya”nın sonuncu yerdə getməsi, bütün oyunları uduzması yalnız bir futbolçudan asılı ola bilməz. “Legiya”da Mahirdən çox klubun problemi var.

Mahirin döyülməsi də gündəm oldu. Bilirik ki, azarkeşlər hər zaman legionerlərdən daha çox şey istəyirlər. Başa düşmürlər ki, Mahir “Legiya”nın ən yaxşısıdır. Klubda böhranın olması, futbolçunun özünü göstərməsi üçün yetərli deyil. Müdafiəçi, qapıçı öz oyunu ilə nə isə edə bilər, hücumçu isə digər futbolçulardan asılıdır, arxadakı oyunçulardan ötürmə alıb, mövqe seçməlidir.

Mən Mahirin Azərbaycana qayıtmasını istəməzdim. O, prinsipial olaraq “Legiya”da öz yolunu davam etdirməli, bu uğursuzluğun müvəqqəti olduğunu sübut etməlidir. Belə hadisələr zamanı futbolçular bərkiyirlər. Mahir psixoloji cəhətdən özünü motivasiya edərək “Legiya”lılara necə güclü oyunçu olduğunu sübut etməlidir.

Futbolçu üçün bu cür insidentlərdən sonra azarkeşlərlə üz-üzə gəlmək çətindir. Böyük qəhrəmanlıq və iradə tələb edir. Eyni zamanda doğmalar olmayan yerdə tək adamın böyük bir mübarizə aparması da asan deyil. Mahirin ən pis halda başqa bir xarici kluba keçməsi daha yaxşı olar, nəinki yenidən Azəraycana qayıtması.

Futbolçularımız xarici ölkələrə getdikcə rəngarənglik yaranır və milli komandaya gəldikləri zaman fərqli oyun nümayiş etdirə bilirlər.

-  Son olaraq Ağdam klubu haqqında danışaq. “Qarabağ”ın Pley-off da rəqibi “Marsel” oldu. Sizcə, komandamızın qalib gəlmək şansı varmı?

- “Marsel” həqiqətən çox güclü komandadır. Avropada 5 güclü çempionat var. Bunlardan biri də Fransa Çempionatıdır. “Marsel”in “Qarabağ”la düşməsi bizim üçün böyük bir bayramdır, futbol görəcəyik, “Qarabağ” üçün isə böyük təcrübədir. Lakin “Qarabağ” “Marsel” dən daha güclü klublarla qarşılaşıb. Məsələn “Çelsi”, “Roma”, “Atletiko Madrid” və s.

“Atletiko Madrid”lə heç-heçəni nəzərə alsaq, deməli “Qarabağ”ın böyük Avropa təcrübəsi var. Son zamanlar “Qarabağ”ın nümayiş etdirdiyi oyunlar bunu deməyə əsas verir ki, “Qarabağ” “Marsel”lə oynaya bilər. Nəticədən asılı olmayaraq “Qarabağ”a inanmaq lazımdır, çünki “Köhlən Atlar”ən çətin imtahanlardan belə çıxa bilir. Bu imtahandan da alnı açıq çıxmasalar belə, “Qarabağ” artıq “Qarabağ” olduğunu sübut edib.

Mehri QURBAN

 

 

Azərbaycan niyə həmişə qrup sonuncusu olur? - Şahin Diniyev səbəbləri açıqladı