Araikə kim “dəstəni götür, Xankəndini tərk et” deyib?

Araikə kim “dəstəni götür, Xankəndini tərk et” deyib?

Araikə kim “dəstəni götür, Xankəndini tərk et” deyib?

Ermənilər yenə 44 günlük müharibədə olduğu kimi, bir-birlərini təkzib etməklə məşğuldurlar. Yadınızdadır, müharibədə Azərbaycan ordusunun hər gün irəlilədiyi xəbərlərini Ermənistanın da, “Qarabağ ordusu”nun da rəhbərliyi danırdılar. Yalnız başına od yağan ordu bölmələrinin komandanlığı səsləri çatanda bəyan edirdilər ki, erməni ordusu darmadağın edilmək ərəfəsindədir, əlavə kömək olmasa, bütün işğal zonasından çıxmalı olacaqlar. Axırda onlar deyən oldu: erməni ordusu darmadağın edildi, işğaldakı torpaqlarımız və Şuşa azad olundu. Hərbi əməliyyatlar Xankəndinin yaxınlığına çatanda isə Ermənistan təslimçi sənədi imzalamağa məcbur oldu. 

Fakt budur ki, erməni köçmənlərin bir hissəsi müharibə dayandırıldıqdan sonra yenidən bizim torpaqlara qayıdıblar, orada məskunlaşıblar. “Özünümüdafiə ordusu”  dedikləri də Xankəndi və ətrafında qalmaqdadır. Bu qanunsuz silahlı birləşmələr bir neçə dəfə təxribatlar törədiblər, əsgərlərimizin qanını töküblər. 

Məlumdur ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Amma bu tələb indiyədək icra olunmayıb, belə görünür ki, ermənilərin belə bir fikri yoxdur da. Əlbəttə, o da faktdır ki, Ermənistan çağırışçıları daha Qarabağda “hərbi xidmətə” çağırılmırlar. Amma Qarabağa qayıtmış erməni köçmənlərin içərisindən çağırışçılar toplamaq çətin deyil. Qarabağda 20-25 min əhali olsa da, onların sırasında əli silah tutanlar da var. Gənclərin beynini indi də belə təbliğatla zəhərləyirlər ki, “artsax” təslim olmayıb, hələ mübarizə (müharibə deməyə cəsarətləri yoxdur) qarşıdadır”. Yəni Ermənistandan çağırışçılar gəlməsə də, qayıdan ermənilərin işərisindən “yeni qüvvələr” toplamaq problemli görünmür.       

Özünü hələ də qondarma “dqr prezidenti” adlandıran Araik Arutyunyan Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində qalan qanunsuz silahlı birləşmələri buraxmağa hazırlaşdığı haqda erməni mediasından sızan məlumatlar bu səbəbdən ciddi maraq doğurub. Bu haqda Ermənistan parlamentində Qarabağdan olan erməni köçkünlərin problemlərinin müzakirəsi zamanı açıqlanıb. Müzakirələr parlamentin insan haqları və ictimai məsələlər üzrə daimi Komissiyası tərəfindən təşkil edilib. Araikin “dqr ordusunu” buraxmağa hazırlaşdığını isə özünü “Şuşadan qaçqın düşmüş erməni əhalisi” adlı QHT-nin şurasının üzvü kimi təqdim edən Aşot Arutyunyan çatdırıb. “Mən ondan soruşdum: “Kim sənə bu haqqı verib?” Cavab verdi ki, “azərbaycanlılar tələb edir””  deyə, Aşot Arutyunyan bidirib. 

Tiraj və əhəmiyyəti baxımdan bu iddiaya önəm verməkdə bir qüsur yox, amma reallıq bizim istədiyimiz kimi deyil. Bu dəfə də ermənilər bir-birlərini təkzib edirlər. Araik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan yayılan xəbərləri birmənalı təkzib edib. “Artsax Müdafiə Ordusu Artsax Respublikasının təhlükəsizliyinin əsas təminatçılarından biri olub və qalır. Hazırda əsgərlərimiz düşmənlə üzbəüz mövqedədir. Müdafiə Ordusunun buraxılması məsələsi Artsax hökumətinin gündəmində deyil. Müdafiə Ordusu ilə bağlı bütün müzakirələr yenidən təşkil, yenidən silahlanma, modernləşdirmə və digər məsələlərə aiddir. Gələcəyimizi qurmaq üçün çox iş görməliyik və ordu bu işdə əsas rol oynayır” deyə, Avanesyan bildirib. 

Göründüyü kimi, ermənilər bir-birini təkzib edirlər, o səbəbdən kimin doğru, kimin yalan dediyini müəyyənləşdirmək çətindir. Amma Araikin belə bir istəyi olub-olmadığı haqda mülahizələr həqiqəti üzə çıxara bilər. 

Əvvəl o varianta baxaq ki, Araikə tabe olan qanunsuz erməni silahlılarının zərərsizləşdirilməsi ona sərfəlidirmi? Sərfəli deyilsə, niyə? 

Daxildə ermənilərin hansı gərginliklər yaşadıqlarını bilməsək də, Araikə o silahlıların qalması sərfəlidir. Çünki qanunsuz silahlılar ona tabedir, onun əmrindədirlər. Ola bilsin ki, müharibədən sonra Araikin əvvəlki kimi “qəhrəman” kimi qəbul etməsinlər, it qədər hörməti qalmasın, amma Qarabağın erməni icmasına faktiki o rəhbərlik edir, demək, onunla hələ hesablaşırlar. 

İkinci variant o ola bilər ki, bu qanunsuz dəstələr daha Araikə tabeçilik göstərməsinlər, ya öz aralarında yenidən təşkilatlansınlar, ya da ona qarşı hansısa hazırlıq, məsələn, ya sui-qəsd, ya “mini çevriliş” etmək niyyətinə düşsünlər. “Qarabağ klanı”nın-Serjikin və Robertin beli elə qırılmayıb ki, onlar Xankəndində daha nə isə edə bilsinlər. O səbəbdən bu “qiyamı” ya Ermənistan rəhbərliyinin, ya da Rusiyanın göstərişi ilə edə bilərlər. Amma bu variant nə Ermənistanın, nə Rusiyanın marağındadır. Çünki Araik hələ ki, ortaq maraqları təmin edir, Rusiya sülhməramlıları ilə “dil tapıb”. 

Oktyabrın əvvəlində İrəvanda “işgüzar səfərdə olan” Arutyunyan “Şanlı döyüşçülər”, “Aramo”, “Berdzor” silahlı dəstələrinin komandir heyəti ilə görüşmüşdü. Görüşdə yezidi kürdlərin komandiri də iştirak etmişdi.Arutyunyan həmin görüşdə deyib ki, “vətənin varlığı təhdid edildikdə, tərəddüd etmədən döyüşə girdiniz. Bu gün yenə də 120 minə(!?-N.S) yaxın ermənin bu dəstəyə ehtiyacı var və Artsax ətrafında birləşməliyik”.

Beləliklə, Araikin qanunsuz dəstələri “azərbaycanlıların istəyi” və ya digər səbəblərdən ləğv etməsi inandırıcı deyil. Araik o zaman bunu edə bilər ki, onun özünə də  Xankəndində ehtiyac qalmasın, ona “dəstəni də götürür buranı tərk et” desinlər...

Musavat.com

Araikə kim “dəstəni götür, Xankəndini tərk et” deyib?