Kiprdə şübhəli azərbaycanlı ilə bağlı daha üç həbs olub

Kiprdə şübhəli azərbaycanlı ilə bağlı daha üç həbs olub

Kiprdə şübhəli azərbaycanlı ilə bağlı daha üç həbs olub

Kiprdə ötən ay həbs olunmuş azərbaycanlının işi ilə bağlı 25 və 32 yaşlarında daha iki nəfərin saxlandığı xəbər verilir. Sözü gedən azərbaycanlı Kiprdə yaşayan İsrail vətəndaşlarına sui-qəsd cəhdində şübhəli bilinir.

Kipr polisi oktyabrın 22-də bildirib ki, bu iki nəfər Limasol şəhərində saxlanıb. Onların oktyabrın 23-də məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Əsas şübhəli, 38 yaşlı azərbaycanlı oktaybrın 22-də məhkəməyə gətirilib və onun həbs müddəti uzadılıb. 

Ötən həftə bu iş üzrə daha bir şübhəli saxlanıb. Polisdən verilən çox yığcam məlumata görə Pafos şəhərində yaşayan bu şəxs killer olduğu güman edilən azərbaycanlı ilə əlaqədə olub. CayprusMail saytı yazır ki, beləliklə bu iş üzrə həbs edilənlərin sayı 4-ə çatıb.

38 yaşlı azərbaycanlı Rusiya vətəndaşıdır və sentyabrın 27-də Kiprin türk hissəsindən yunan hissəsinə keçərkən Ledra yoxlama-buraxılış məntəqəsində saxlanıb. Onun üstündən güllə ilə dolu və səs boğucusu olan tapança tapılıb.

Kipr polisi ehtimal edir ki, Rusiya kriminal qruplaşmasının üzvü olan bu şəxs Kiprə Nikosiyanın Enqomi məhəlləsində işləyən və yaşayan əcnəbi biznesmeni öldürmək üçün gəlib. Bu arada bu iş üzrə ikinci tapançanın aşkar edildiyi bildirilir. Bu da qeyd olunur ki bu tapançanı şübhəli ilə bir oteldə qalan bir kiprli yunan təsadüfən tapıb və polisə verib.

Gündəlik Politis qəzetinin yazdığına görə həkim kiprli şübhəlinin kondisionerin arxasında nəsə gizlətdiyini görüb. Həmin şəxs bundan şübhələnsə də televiziya xəbərlərində həbs barədə süjeti görənədək polisə heç bir məlumat verməyib.

Bundan sonra həmin kiprli 9 mm çaplı Glock tapançasını və neylon torbaya qoyulmuş güllələri polisə verib.

 

Kiprdə şübhəli azərbaycanlı ilə bağlı daha üç həbs olub