Antalya forumu tapmacası:

Antalya forumu tapmacası:

Antalya forumu tapmacası:

“Ümumiyyətlə, Paşinyan hakimiyyətinin son dövrlər sərgilədiyi ritorika paradoksal məqamları ilə seçilir”.

Bu sözləri Polemika.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

Politoloq Ermənistan Baş naziri Nikol Paşinyanın Antalya forumunda iştirak edib-etməyəcəyi ilə bağlı səslənən mülahizələrə fikir bildirib.

Xatırladaq ki, ötən gün Türkiyənin vitse-prezidenti Fuad Oktay Ermənistan Baş nazirinin mart ayında Antalyada keçiriləcək foruma qatılacağını qeyd edib. Bundan sonra Ermənistan XİN sözçüsü Vahan Unanyan bu məsələnin müzakirə mövzusu olmadığını qeyd etməklə bir sıra suallar doğurub.

Ceyhun Əhmədli bildirib ki, Paşinyan özü, bir tərəfdən, ifadə edir ki, kommunikasiyalar açılmalıdır, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır və s. “Amma digər tərəfdən, bu açıqlamalarına zidd bəyanatlar verir, bu açıqlamaları ilə uzlaşmayan fərqli ritorika sərgiləyir. Sanki Paşinyan bir addım irəli atır, amma sonra iki addım geri. Bu təkcə Paşinyanın özündə yox, həm də Paşinyan hakimiyyətində təmsil olunan şəxslərin yanaşmasıdır.

O ki qaldı Antalya məsələsinə, Ermənistan-Türkiyə normallaşması prosesində də eyni yanaşma sərgilənir. Paşinyan iqtidarı həm Türkiyə ilə münasibətlərin normallaşmasına maraqlı olduğunu və bunun bilavasitə Ermənistanın dövlət maraqlarına xidmət etdiyini ifadə edir, həm də prosesin qarşısını almağa çalışan müxtəlif səpkili addımlar atır. Yəni Paşinyanın Antalyadakı forumda iştirak etmək niyyətində olduğunu deməsi, bundan sonra XİN sözçüsü Vaan Unanyanın açıqlaması də eyni paradoksallıqdan irəli gəlir”.

C. Əhmədli vurğulayıb ki, Nikol Paşinyan daxildəki radikal siyasi qüvvələrdən çox çəkinir: 

“O, 2021-ci ildə böyük səs çoxluğu ilə hakimiyyətini möhkəmləndirib, lakin yenə də revanşist qüvvələrin birləşməsindən çəkinir və hətta qorxur. Türkiyə ilə münasibətlərin normallaşması prosesində müşahidə olunan son hadisələr də bunu deməyə əsas verir. Paşinyan sanki revanşist dairələrə və onları dəstəkləyən kütləyə belə bir mesaj verir ki, Türkiyə ilə əlaqələrdə bəzi məsələlərə tərəddüdlə yanaşırıq, milli maraqları qoruyuruq və Türkiyənin diktə etdiyi şərtlərə əməl etmirik...

Baş nazirin özünün birbaşa prosesə qoşulması Türkiyə və Ermənistan arasında normallaşma cəhdlərinin zirvəsi olmalıdır. Yəni proses tam yekunlaşma mərhələsinə gəlib çatmalıdır ki, Paşinyan dövlət başçısı səviyyəsində Türkiyədə görüşlər keçirsin. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması da buna əsas verir.  

Qısası, Paşinyan Türkiyəyə o vaxt səfər edəcək ki, artıq yekun sənədlər hazır olsun və onlar imzalansın. İndiki məqamda isə bu, real görünmür”, - həmsöhbətimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 

Antalya forumu tapmacası: