“Rusiya Qarabağda çox çirkli oyun oynayır” 

“Rusiya Qarabağda çox çirkli oyun oynayır” 

“Rusiya Qarabağda çox çirkli oyun oynayır” 

“Bunlar hamısı kiçikçaplı təxribatlardır. Düşünürəm ki, bundan sonra Qarabağla bağlı savaş olmayacaq. Bundan sonrakı məsələlər diplomatik, siyasi yolla həll ediləcək. Sadəcə olaraq, Rusiya ilə işi düzgün aparmaq lazımdır. Çünki ermənilər heç kimdir, bu cür təxribatların arxasında məhz Rusiya durur”.

“Polemika.az” xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Hurriyyet.az-a müsahibəsində deyib. O, bildirib ki, Kreml Qarabağla bağlı siyasətini dəyişəcəyi təqdirdə, ermənilər birmənalı şəkildə Azərbaycan dövlətinin qanunlarına tabe olacaq və bizim vətəndaşlığımızı qəbul edəcəklər. 

“Heç təsadüfi deyil ki, bundan bir qədər əvvəl ermənilər dəstə ilə gəlib Azərbaycandan iş istədilər, vətəndaşlığı qəbul etməyə hazır olduqlarını bildirdilər. Yaxud da bir erməni qadın dörd azyaşlı uşağı ilə birgə Azərbaycan tərəfə keçməyə cəhd etmişdi. Bu zaman ruslar ona "öz xalqının adına ləkə salma", deyə xəbərdarlıq etmişdi. 

Burdan da açıq şəkildə görünür ki, bu gün Qarabağın ermənilər yaşayan hissəsində, yəni rus "sülhməramlıları"nın nəzarətində olan ərazilərdə baş verənlər birbaşa Rusiyanın maraqlarına xidmət edən hadisələrdir. 

Bütün bunları nəzərə alaraq, demək olar ki, Norayr Mirzoyanın Azərbaycan hərbçilərinin yerləşdiyi posta əl qumbarası atması məhz rus "sülhməramlıları"ndan aldığı cəsarətdən irəli gəlir. Rus "sülhməramlıları"nın faktiki terror törətmiş şəxsi - Norayr Mirzoyanı Azərbaycana deyil, Ermənistan tərəfinə təhvil verməsi də bunu bir daha təsdiqləyir. 

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Qarabağda çox çirkli oyun oynayır. Çünki Kreml Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsində maraqlıdır. Heç kimə sirr deyil ki, yalnız bu halda Rusiya "sülhməramlı missiyasını" davam etdirə bilər. Əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, münasibətlər yoluna qoyulsa, o zaman Rusiya ordusunun burda mövcudluğuna heç bir ehtiyac qalmayacaq. 

Ona görə də Rusiya nə tərəflər arasında sülh müqaviləsinin bağlanmasına imkan verir, nə də Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsinə şərait yaradır. Odur ki, əraziyə silahlı dəstələrin gətirilməsi, Dağlıq Qarabağ ermənilərinin silahlandırılması birbaşa Rusiyanın oyunudur. 

Rus "sülhməramlıları"nın ermənilərə məşqlər keçməsi, hərbi manevrləri öyrətməsi onu göstərir ki, üçtərəfli bəyanatın tələblərinə zidd olaraq Rusiya həmin əraziləri silahsızlaşdırmaq əvəzinə, erməniləri silahlandırmaqla onları yeni münaqişə üçün hazırlayır. Təbii ki, bu da Rusiyanın bölgədə daha uzun müddət qalması məqsədiylə hazırlanmış ssenarinin bir parçasıdır”.

 

“Rusiya Qarabağda çox çirkli oyun oynayır”