Andrey Volkovun “canavarlığı”

Andrey Volkovun “canavarlığı”

Andrey Volkovun “canavarlığı”

Son vaxtlar ən çox səslənən fikirlərdən biri də budur: Yeni dünya nizamı. Yeni dünya nizamı anlayışının əsas faktorlarından biri də dünyanın yenidən bölüşdürülməsi, habelə bu bölüşdürülmədə əsas qurbanın Rusiya olmasıdır.

13 gündür Ukrayna qan gölünə çevirilib. Dünyanın heç bir ölkəsi isə Rusiyanın bu məsələdəki qeyri-adekvatlığına alternativ bir cavab vermir. Rusiyanı dünyadan təcrid etmək planları, o cümlədən rublun “öldürülməsi” isə Şimal qonşumuz üçün belə görünür, hələki bir o qədər təsirli olmayıb.

Dişi qana batmış “rus ayısı”

Qayıdaq, Rusiyaya. Rusiya böyük bir imperiyadır. İmperiyaların da hər zaman öz ambisiyaları olur. Rusiyanın tarix boyu balaca xalqlar üzərində qanı bahasına qurduğu hökmranlığı isə deməyə ehtiyac yoxdur. İndi də qış yuxusundan oyanmış və dişi qana batmış “rus ayısı” alıb Ukraynanı öz pəncəsinə. Ona fərq etmir, qardaş, yoldaş, dindaş. Çünki o ağına-bozuna baxmır. Öz tarixi köklərinin olduğu, dədə-babalarının qurub yaratdığı Kiyevi də bombalamaqdan heç vaz da keçmir.

Hitlerin dədəsinə rəhmət

Dünyada Adolf Hitlerin atası Alois Hitlerə rəhmət oxutduran Vladimir Putin Ukraynadan kənar ərazilərə də “barmaq eləməkdən” əl çəkmir. Gah qondarma “Dnestryanı”nda vəziyyəti qarışdırır, gah ələ keçirdiyi Abxaziya və Cənubi Osetiya “respublikaları”nda təxribat edir, gah da müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə “Dağlıq Qarabağ Respublikası” deyir. Doğrudur, sonradan Azərbaycan MN tərəfindən bu barədə cavab gəldi, lakin biz Rusiyanın bu səpkili açıqlamalarını, artıq adi hal kimi qəbul edirik.

Andrey Volkovun “canavarlığı”

Rusiya hakimiyyətinin Qarabağdakı sülhməramlıların rəhbərliyinə Rüstəm Muradov, Mixail Kosobokov və Gennadi Anaşkindən sonra gətirdiyi Andrey Volkov isə öz “canavarlığını” erməni təəssübkeşliyi ilə paralel aparır. Gah Qarabağda qalan və “Artsax” xülyaları ilə yaşayan erməni silahlılarını salır üstümüzə, gah da öz təmsil etdiyi ölkənin nümayəndələri başlayır Azərbaycan əleyhinə ağızlarına gələni danışmağa.

Yaxşı yadıma düşmüşkən, o günü bir şəkil gördüm. Deməli, Rusiyanın “Perviy kanal”ı belə bir xəbərlə çıxış edirdi ki, xaricdə olan Rusiya vətəndaşları hansı ölkələrin ərazisindən Rusiyaya qayıda bilər. Nə hikmətdirsə, orada “Dağlıq Qarabağ Respublikası”nın “sərhədləri” də var idi. Özü də, 2020-ci il müharibəsindən öncəki cəbhə xətti. Bu da belə.

Cənablar, bəlkə artıq getmək vaxtıdır?

“Yeni dünya nizamı” ifadəsinə geri qayıdaq. Bu ifadədə az öncə səsləndiriyim bir məqamı sizə çatdırmaq yerinə düşərdi. Yeni dünya nizamında görünür, Rusiyanın yeri yoxdur. Elə son günlər baş verən bu təxribatların səbəbi də məhz bununla əlaqəlidir. “Cəhənnəmə gedən özünə yoldaş axtarar” prinsipi ilə sanksiyalar batağına batan Rusiya öz “təhlükəsizliyini” təmin etmək üçün yaratdığı münaqişəli zonalardan da vaz keçmək istəmir. Amma bu hərəkətləri, habelə Ukraynada uğradığı məğlubiyyət ağrısı “ayı”nı öz “armud”undan getdikcə uzaqlaşdırır. Çünki Rusiya öz tarixi sərhədlərinə qayıtmayana qədər bu dünyaya rahatlıq yoxdur.

Rafi MÜSLÜMOV

Andrey Volkovun “canavarlığı”