Xəyanət! Ağlı olan adamın batan gəmidə nə işi var?

Xəyanət! Ağlı olan adamın batan gəmidə nə işi var?

Xəyanət! Ağlı olan adamın batan gəmidə nə işi var?

Yalnız ölülər fikrini dəyişmir. Bu, sadəcə aforizm deyil. İnsan övladının düşünən beyni varsa, onun fikirlərinin dəyişməsi ən normal haldır. Həyatda hər şey dəyişir. İnsanın özü, xarici görünüşü, daxili orqanlarının ölçüləri, saçlarının rənginə kimi. Hətta tibb elmi deyir ki, insanın sümükləri də müəyyən müddət aralığında tədricən dəyişib yenidən formalaşır. Bəs hər şey dəyişirsə, o zaman fikirlər niyə dəyişməsin ki?

İndi AMEA-nın ayrı-ayrı alimləri, akademiklər Ramiz Mehdiyevi istefaya çağırır, ona üsyan edirlər. Həmin şəxslərin bir çoxu vaxtilə Mehdiyevlə yaxın olublar. Sosial şəbəkələrdə görürəm, bəyanat yayan akademiklərin özlərini də topa tuturlar ki, “vaxtilə Ramiz Mehdiyevə atam deyirdin, bəs indi nə oldu?!”. Onları ikiüzlülükdə, yaltaqlıqda, simasızlıqda ittiham edirlər. 

Söhbət təkcə bu faktdan getmir. Ümumiyyətlə, bizim toplumda fikrini dəyişmək, yolunu dəyişmək satqınlıq hesab olunur. Kor tutduğunu buraxmadığı kimi səhv, doğru olmağından asılı olmayaraq sən də gərək nə vaxtsa seçdiyin yolu dəyişmədən gedəsən. Fərqi yoxdur, bu yol səni hara aparır. Hətta çirkabın dibinə də aparsa, yolundan dönməyəsən. O zaman dönməz adam olacaqsan. O zaman qəhrəman olacaqsan. Sözü bütöv. Əsl kişi. Hətta buna film də çəkmişik: “Kişi sözü”. Qəhrəmanımız da baytar Qasımdır... 

Yəni ürəyin və beynin nə deyir desin, düşüncələrin səni hara apamaq istəyir istəsin, sənin üçün ən vacib olan ətrafın mental düşüncəsidir. Onlar üçün yaşamalısan, ya da ölməlisən. 

Ölkəmizdə ən böyük xəyanət siyasi xəttini dəyişmək hesab olunur. Əgər kimsə iqtidardan müxalifətə keçirsə, o, ən böyük xəyanətkar, simasız, rəzil və etibarsızdır. Ya da ki, əksinə, kimsə müxalifəti tərk edib hakimiyyətin siyasətini dəstəkləyirsə, yaltağın böyüyüdür. 

İnsan var ki, öz fikrini dəyişmək onun üçün intihara bərabərdir. Hazırkı düşüncəsinin, inancının onun həyatını cəhənnəmə döndərdiyini bilir. Bu düşüncələrlə itirməyə məhkum olduğundan xəbərdardır. Amma kəllə sümüyünün içərisindəki 200 qramlıq labrint onu elə dolaşdırıb ki, nəinki bu gününü, gələcəyini də qaranlıq tuneldə yaşamağı üstün tutur. Düşüncə və fikirlərinin köləsinə çevirilib. Fərqli düşünməyi, hadisələrə başqa rakursdan baxmağı ən alçaq hərəkət hesab edir. Nəinki özünə, bütün ətrafına böyük travmalar yaşadır. Və bu qısa həyatı bədbəxt kimi yaşayaraq “kaş ki”lərlə başa vurur.

Halbuki fikirini dəyişmək gözəldir. Hər bir yeni düşüncə, hər bir yeni yol, hər bir yeni mühit yeni həyat deməkdir. Rahatlıqdır. Geridə qalmamaqdır. Zaman, dünya və ətrafla ayaqlaşmaq deməkdir. İnanın ki, dünyada “fikrimi dəyişdim” demək qədər rahatlıq yoxdur. Bu, bütün yüklərdən azad olmaqdır. Mənfi düşüncələri zibil qutusuna atmaqdır. 

Qaldı Ramiz Mehdiyev məsələsinə, hamı görür ki, onun gəmisi batır. Və həmin gəmini Mehdiyev özü bilərəkdən, inadkarcasına okeanın dibinə sürür. İndi sual edirəm: Ağlı olan adamın o gəmidə nə işi var?

Elnur Məmmədli

Xəyanət! Ağlı olan adamın batan gəmidə nə işi var?