Vilyam Hacıyevin məhkəməsində yeni faktlar açıqlandı: "Beş min manat verdim"

Vilyam Hacıyevin məhkəməsində yeni faktlar açıqlandı:

Vilyam Hacıyevin məhkəməsində yeni faktlar açıqlandı: "Beş min manat verdim"

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Polemika.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Qızılkənd kəndinin sabiq icra nümayəndəsi Daxil Abdullayev icra nümayəndəsi vəzifəsinə təyin olunmaq üçün icra başçısına rüşvət vermədiyini bildirib. O qeyd edib ki, bunun üçün o icra hakimiyyətinin Ərazi idarəetmə orqanlarıyla iş şöbəsinin müdirinə pul verib.

Şahidin istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət olduğuna görə əvvəlki ifadəsi elan edilib.

İfadədə bildirib ki, icra nümayəndəsi təyin olunmaq üçün 5000, sonradan əmək müqaviləsini uzatmaq üçün də 2000 manat pul verib.

Daxil Abdullayev bildirib ki, həmin vəsaiti icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyevə verib: “Demişdi ki, bayraq muzeyi tikilir, yardım etmək lazımdır, mən də verdim”.

Daxil Abdullayev bildirib ki, Vilyam Hacıyevin Qızılkənd kəndində məktəb tikilməsində, kəndə qaz çəkilməsi, yol salınmasında xidmətləri var:

“Mənim 68 yaşım var, yalan danışmaq istəmirəm. İcra başçısının xidmətləri də az deyil”.

Digər şahid Adil Kərimov da icra nümayəndəsi vəzifəsində işlədiyini bildirib və bağça müdiri təyinatı üçün rüşvət verilməsi epizodu üzrə danışıb.

“Bağça müdiri təqaüdə getmişdi. Mən nümayəndə olaraq, humanitar şöbəyə məlumat verdim ki, bağça rəhbərsiz qalıb. Ali təhsilli xanım vardı, onun namizədliyini müdafiə elədik. Humanitar şöbədə müəyyən məbləğ istənildi. Xanımın qayınatası 3000 manat gətirdi, humanitar məsələlər üzrə başçının müavini Təranə xanıma təhvil verildi", - deyə şahid bildirib.

Prokurorun "o pul son nəticədə kimə çatıb" -sualına isə şahid məlumatı olmadığını deyib.

Prosesdə son olaraq betonzavod rəisi Zakir Əliyev ifadə verib. Şahidin sözlərinə görə İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikilişi zamanı beton vermək üçün icra hakimiyyətinin baş mühasibinə pul verib:

"Xahiş elədim ki, binanın tikintisi üçün betonu mən verim. Cəmil də razılaşdı. Buna görə ona 2 ya 3 min pul verdim.

Növbəti proses martın 10-a təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub. 

Vilyam Hacıyevin məhkəməsində yeni faktlar açıqlandı: "Beş min manat verdim"