Uşaqlar arasında zorakılığa meyl niyə artıb? - “Günahkar telekanallardır, KİV-lərdir!”

Uşaqlar arasında zorakılığa meyl niyə artıb?

Uşaqlar arasında zorakılığa meyl niyə artıb? - “Günahkar telekanallardır, KİV-lərdir!”

Bakı şəhərindəki 162 saylı tam orta məktəbdə şagirdlər arasında baş verən qanlı insident müxtəlif aspektlərdə təhlil olunur. Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəbini araşdırsalar da, cəmiyyət çox saylı suallara cavab tapmağa çalışır.

İddialardan bir qismi dərsliklər və KİV-lə bağlıdır. Guya orta məktəb dərsliklərində yer alan bəzi mətnlər zorakılıq təbliğ edir, KİV-lər və telekanallar isə kriminal mövzulara daha çox yer ayırmaqla uşaqlar arasında şiddətə meyili artırır.

Polemika.az-a açıqlamasında psixoloq Gülər Əhmədova iddialarla ikiəlli razılaşır:

“Bədbəxt hadisələr telekanallarda, KİV-lərdə çox geniş şəkildə işıqlandırır. “Layk”, “aypi” yığmaq xatirinə istənilən qətl, ölümlə nəticələnən bədbəxt hadisə təfərrüfatı ilə işıqlandırılır. Hətta cinayətin hansı vasitələrlə olduğu da göstərilir. Bununla yanaşı, intihar hadisələri də son vaxtlar geniş vüsət alıb. Nə uşaq psixologiyası, nə yeniyetmələrin bu tipli informasiyalardan kənarda saxlanılması kimi profilaktik tədbirlər nəzərə alınır”.

Gülər Əhmədovanın sözlərinə görə, hər kəsin psixası yaşına, dünyagörüşünə uyğun olaraq bu cür sıradan olmayan hadisələrə eyni reaksiyanı verə bilmir. Yaşlı insanlar buna təcrübələrinin süzgəcindən keçirib baxa bilsə də, yeniyetmələrdə bu qabiliyyət yoxdur:

“Heç kəs deyə bilməz ki, yeniyetmələr arasında artan aqressiya öz uşağına gəlib çatmayacaq. Hollivud filmlərində zorakılıq o dərəcədə artıb ki, pis qiymət aldığından və ya dostu ilə küsdüyündən təsirlənən yeniyetmə bunun acığını bütün məktəbdən, günahsız uşaqlardan, valideynlərdən, müəllimlərdən çıxarmaq istəyinə düşür. Ona görə də, Azərbayxcan mediası bu kimi məsələlərdə ayıq-sayıq olmalıdır. Cəmiyyət olaraq da mövzuya diqqətlə yanaşmalıyıq”.

Nəzrin Vahid

 

Uşaqlar arasında zorakılığa meyl niyə artıb? - “Günahkar telekanallardır, KİV-lərdir!”