Ukraynada 16 min muzdlu döyüşçü - Deputat: "Azərbaycandan getmək istəyənlər..."

Ukraynada 16 min muzdlu döyüşçü - Deputat: "Azərbaycandan getmək istəyənlər..."

Ukraynada 16 min muzdlu döyüşçü - Deputat: "Azərbaycandan getmək istəyənlər..."

“Azərbaycan vətəndaşlarının dövlətin icazəsi olmadan öz təşəbbüsləri ilə başqa bir ölkə uğrunda silahlı münaqişəyə qoşulması milli maraqlarımıza cavab vermir”.

Bu sözləri Polemika.az-a açıqlamasında Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

O, Ukraynada könüllü şəkildə döyüşmək istəyənlərin hüquqi məsuliyyət daşıyacağını bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski ötəngünkü açıqlamasında qeyd edib ki, Rusiyaya qarşı döyüşmək üçün Avropa ölkələrindən Ukraynaya 16 min könüllü gələcək.

Bundan əvvəl isə bir sıra Avropa dövlətlərinin liderləri Ukraynada könüllü döyüşmək istəyən şəxslərin məsuliyyətdən azad olunacağını bəyan ediblər.

Bəhruz Məhərrəmov bununla bağlı bildirib:

“Nəzərə almalıyıq ki, bizim üçün bütün maraqlardan öndə öz dövlətimizin mənafeləri dayanır. İndiki halda unutmamalıyıq ki, sözügedən münaqişənin hər iki tərəfi bizim üçün dost dövlətdir. Habelə unutmayaq ki, 44 günlük müharibə dövründə ordumuzun sıralarında Azərbaycan övladlarından başqa kimsə olmayıb. Prezident İlham Əliyevin balanslı və köklü addımlarının yekunu kimi müharibə dövründə Azərbaycana dəstək isə həm də beynəlxalq hüquqa hörmətdən irəli gəlirdi və Azərbaycanın ərazi bütövlüyünə kim dəstək vermədisə, o, əslində, özünün BMT-dəki imzasına hörmətlə yanaşmadı.

Konkret Ukrayna məsələsinə gəldikdə, bilirsiniz ki, Azərbaycan dövləti tərəfindən qardaş Ukrayna xalqına hərbi məqsəd daşımayan humanitar yardım göstərilib, habelə vətəndaşlar ayrı-ayrı yardım kampaniyalarına start verib. Yəni kömək etmək istəyən əmin ola bilər ki, ən gözəl dəstək məhz bu cür yardımlardır.

O ki qaldı münaqişədə kombatant kimi iştiraka, bu yolverilməzdir”.

Deputat müharibədə muzdlu kimi iştirakın doğurduğu hüquqi məsuliyyətlərdən danışıb:

“İŞİD-ə qoşulan soydaşlarımızla bağlı atılan hüquqi addımları misal gətirmək olar. Həmin vətəndaşlarımız bir qayda olaraq Cinayət Məcəlləsinin 283-1. maddəsi ilə, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma əməlinə görə ittiham edilərək məhkum olunurlar. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, şəxs ya vətəndaşlarımızı və ya ölkədə daimi yaşayan, vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edir, yaxud bu məqsədlə döyüş təlimləri keçir, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaradır və ya belə qrupa rəhbərlik edir.

Eyni zamanda, bu maddənin təsir dairəsinə məlum qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, bu barədə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma da daxildir”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, bu maddənin məzmunu Ukraynada döyüşmək arzusunda olan vətəndaşları əhatələmir:

“Lakin Cinayət Məcəllədə dövlət təhlükəsizliyi əleyhinə cinayətlər var. Məsələn, Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratmanı ehtiva edəm 279-cu maddə var. Yaxud müharibə cinayəti kimi muzdluluğu ehtiva edən 114-cü maddə. Yəni Azərbaycan vətəndaşının dini radikalizm və məzhəblərlə bağlı olmayan bu cür əməlləri, yəni başqa ölkədəki silahlı münaqişələrdə iştirakı milli maraqlarımıza, təhlükəsizliyimizə təhdid yaratdığı üçün, işin hallarından asılı olaraq, bu maddələrdən biri ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Açığı mən bu gün düşünmürəm ki, vətəndaşlarımız kütləvi olaraq hardasa xarici ölkədə gedib döyüşmək arzusundadılar, yəni bu, aktual məsələ deyil, lakin sadəcə, əgər kimsə bu arzuya düşərsə, qeyd etdiyimiz məsələləri və daşıyacağı məsuliyyəti bilməlidir. Sonradan "bilmirdim" demək çıxış yolu deyil, Konstitusiyamızın 72-ci maddəsində də vurğulandığı kimi, qanunu bilməmək məsuliyyətdən azad etmir”.

“Əlbəttə, bu mövqeyi bəzi hüquqşunaslar qəbul etməyə bilər, lakin ən azından bu mübahisə doğurmur ki, öz dövlətinin icazəsi olmadan başqa ölkənin silahlı qüvvəsində xidmət, artıq vətəndaşlıq amili üçün sual yaradır və hesab edirəm ki, vətəndaşlığın itirilməsi üçün əsas ola bilər.

O ki qaldı bəzi Avropa dövlətlərinin vətəndaşlarının Ukraynada könüllü kimi döyüşməsinə, diqqət yetirirsinizsə, həmin vətəndaşlar Ukraynaya getməzdən öncə aid olduqları dövlətin qanunverici orqanı, yaxud müvafiq səlahiyyətli strukturu bu məsələyə imkan verən xüsusi hüquqi akt qəbul edir. Yəni sadaladığım məhdudiyətlər əksər ölkələrdə var və həmin vətəndaşların başqa ölkədə döyüşməsi üçün onlara öz ölkələrində dövlət səviyyəsində icazə verilir”, - deyə hüquqşünas fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Ukraynada 16 min muzdlu döyüşçü - Deputat: "Azərbaycandan getmək istəyənlər..."