Sən, dalansan!..

Sən, dalansan!..

Sən, dalansan!..

Bəlkə də tarixdə İlham Əliyev qədər ermənilərə, erməni separatizminə zərbə vuran siyasi lider olmayıb. 44 günlük müharibə zamanı həm hərbi strategiyada, həm də diplomatik cəbhədə düşmən tərəfindən Əliyevin qarşısına çıxan güc olmadı. Heç indi də yoxdur və İlham Əliyev indi də ermənilər üçün şok yaşatmaqdadır.

Düz ilyarımdır ki, həm beynəlxalq, həm media tribunalarında Azərbaycan prezidenti erməniləri başa salmağa çalışır ki, ağıllı olun. Savaş və barışmaz mövqe, kin və nifrət sizi günü-gündən pis duruma düşürəcək. 10 Noyabrda sizin siyasi liderinizin imza atdığı üçtərəfli bəyanatın tələblərini yerinə yetirin! Nəqliyyat-kommunikasiya dəhlizləri açılsın, Qarabağdakı silahlı adamlarınızı da yığışdırın. Həm bölgədə barış olsun, həm də cibiniz pul görsün...

Erməni ki, erməni... Kimə deyirsən?! Guya Naxçıvanla dəhlizin açılması məsələsinə mane olmaqla, vaxtı uzatmaqla, əlavə şərtlər irəli sürməklə əllərində “kozır” saxladıqlarını düşünürdülər. Üçtərəfli bəyanatı qumara çevirmişdilər. Amma Əliyev onlarla qumar oynamadı. Krallar kimi şahmat oynadı və gedişini etdi: Şah və mat...

Siyasətdə mümkünsüz heç nə yoxdur və alternativlər hər zaman var. İranla Azərbaycan arasında dünən imzalanan Anlaşma Memorandumu regionda yeni siyasi şərait yaratdı. Yenə də Ermənistan oyundankənar vəziyyətə düşdü. İndi nəinki Nikol Paşinyan, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan bütün erməni liderləri başlarını əllərinin arasında tutaraq bu zərbədən şoka düşüblər. Bu fürsəti də qaçırdılar. Öz axmaqlıqları üzündən daha bir regional layihədən kənarda qaldılar.

Əliyev isə alqış qazandı. Sehirbazlar nəyisə yoxa çıxaranda deyil, o yoxa çıxardıqlarını geri qaytaranda alqışlanırlar. Amma İlham Əliyev ermənilər üçün elə sehr göstərdi ki, ikinci pərdəyə ehtiyac qalmadı. Tamaşaçılar belə bir ssenarini heç ağıllarına da gətirməmişdilər. Qutudan “cek-pot” çıxdı və heyrət nidaları.

Təbii ki, İran ərazisindən keçəcək dəhlizlə bağlı müəyyən suallar var. Lakin bunlar təfərrüatlardır. Artıq Ələt limanından uzanan yolun trayektoriyası bəllidir. Bu yoldan Azərbaycan qazanır, İran qazanır, Türkiyə qazanır, Ermənistan isə əlləri boş cibində dayanaraq dəhlizdən keçən maşınları sayır...

İlham Əliyevin 2020-ci ilin sonunda dediyi fikir burada çox yerinə düşür:

“Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. 

Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı.

Ermənistan, sən dalansan. Biz səni dalan etdik…”.

İkinci pərdə düşünürəm ki, Qarabağdakı separatçılarla bağlı olacaq. Son günlər baş verənlər bunu deməyə əsas yaradır. Amma dəqiqini İlham Əliyev bilir. Axı o demişdi: “Nəyi, nə vaxt etməyi bilirəm”.

Elnur Məmmədli

Sən, dalansan!..