“Rusiya müharibəyə qərar versə hər şeyi itirəcək...”

“Rusiya müharibəyə qərar versə hər şeyi itirəcək...”

“Rusiya müharibəyə qərar versə hər şeyi itirəcək...”

Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə planı əvvəlcədən hazırlanmış ssenari üzrə işə düşüb və gözlənildiyi kimi, proses Donbassda vəziyyətin süni şəkildə, separatçılar tərəfindən gərginləşdirilməsi ilə başlayıb. Artıq xəbər verildiyi kimi, qondarma “Donetsk və Luqansk xalq respublikaları”  Ukraynanın “gözlənilən irimiqyaslı hücumu” barədə xəbərdarlıq edərək əhalinin kütləvi şəkildə Rusiyaya təxliyəsi barədə qərar veriblər. 

Dərhal Rusiya prezidenti Vladimir Putin “qaçqınlara yardım” barədə tapşırıqlar verib. Hərçənd gələn xəbərlər kütləvi təxliyənin baş vermədiyini, 2 gün ərzində cəmi 7-8 min nəfərin Rusiyaya daşındığını göstərir. Donbass əhalisi kütləvi təxliyədən imtina edir və öz evlərini tərk etmək istəmirlər.

Təmas xəttində isə separatçıların qüvvələri Ukrayna ordusunun mövqelərini artilleriyadan, tanklardan atəşə tutur. Kiyev Ukrayna hərbçilərinin özlərini qorumaq üçün cavab atəşi açmaq məcburiyyətində qaldıqlarını bildirirlər.

Hadisələrin bu cür dramatik şəkildə inkişaf etdiyi bir vaxtda ötən gün fevralın 19-da Almaniyanın Münhen şəhərində ənənəvi beynəlxalq təhlükəsizlik konfransı keçirilib və orada Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib. Konfransın əsas gündəmi Ukrayna ətrafında yaranmış böhran olub.

Böyük Britaniyanın baş naziri Boris Conson konfransda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumdan çəkinməyə çağırıb. Xəbərdarlıq edib ki, Rusiya müharibəyə qərar versə hər şeyi itirəcək. Və bu hərbi təcavüzün nəticələrini bütün dünya hiss edəcək.

Boris Consonun sözlərinə görə, kollektiv Qərb Rusiyaya qarşı çox sərt sanksiyalar tətbiq edəcək, şirkətlər, dövlət təsisatları, fiziki şəxslər bu sanksiyaların təsiri altına düşəcək. Baş nazir deyib ki, bu gün Ukrayna sərhədlərində baş verənlər Rusiyanın Şimali Atlantika Alyansı üçün yaratdığı təhdidlərin nəticəsidir. Ona görə də müttəfiqlər uzun çəkən böhrana və Rusiyanın destruktiv hərəkətlərinə hazır olmalıdır.

“Rusiya müharibəyə qərar versə hər şeyi itirəcək...”