"Qafqazda üçtərəfli əməkdaşlıq üçün ən böyük əngəl Ermənistan olub" - Gürcüstanlı siyasətçi

"Qafqazda üçtərəfli əməkdaşlıq üçün ən böyük əngəl Ermənistan olub"

"Qafqazda üçtərəfli əməkdaşlıq üçün ən böyük əngəl Ermənistan olub" - Gürcüstanlı siyasətçi

“Cənubi Qafqaz dünyanın ən unikal regionlarından biridir. Bu regionun coğrafi xüsusiyyətləri, həm geostrateji mövqeyi, həm regionda yaşayan xalqların bir-birinə mədəni, mental, tarixi bağlarının möhkəm olması və bunun nəticəsi olaraq bölgədə qarşılıqlı əməkdaşlıq üçün böyük potensialın olması ilə bağlıdır”.

Bu sözləri Polemika.az-a açıqlamasında hakim “Gürcü arzusu” Partiyasının üzvü, sabiq deputat Mahir Dərziyev deyib.

O, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Münxen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda sülh təşəbbüsü, həmçinin regionun iqtisadi inkişafı ilə bağlı təqdim edəcəyi planları şərh edərkən deyib:

“Gürcüstanın “Milli Təhlükəsizlik Konsepsiyası”na görə, Azərbaycan strateji tərəfdaş, Ermənistan isə dost və qonşu ölkədir. Rəsmi Tbilisi  Azərbaycan-Ermənistan münaqişəsində, təbii ki, öz neytrallığını qoruyub saxlayıb. Hərçənd istənilən hallarda Gürcüstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıyıb.

Bütün beynəlxalq tribunalarda Gürcüstan rəhbərliyi daim bu fikirləri səsləndirib. Həmişə Gürcüstan Azərbaycanın haqq işinin yanında olub. Amma dediyim kimi, bu münaqişədə tərəf olmaqdan yayınıb.

Gürcüstan özü də separatçılıqdan əziyyət çəkir. Gürcüstan ərazisinin də təqribən 20%-i bu gün işğal altındadır. Çoxsaylı qaçqınlarımız var. Bu kimi hadisələrin Azərbaycanla oxşarlığı, eyni zamanda, xalqlarımız arasındakı mədəni bağlar həmişə Gürcüstanda Azərbaycana xüsusi rəğbətin olmasını müəyyən edib”.

Sabiq millət vəkili qeyd edib ki, Gürcüstan hər zaman regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olub:

“Çünki bu, kövrək bir regiondur və burada müstəqilliyimizin düşməni olanların yazdığı ssenarilərin başında milli-dini zəmində nifaq yaratmaq amilləri durub. Bu baxımdan, Gürcüstan regionda sülh və təhlükəsizlik yaratmaq yolunda əlindən gələn səyləri edib. O cümlədən Azərbaycan-Ermənistan münaqişəsində də dəfələrlə vasitəçilik səylərini ortaya qoyub. Bu yaxınlarda əsirlərin qaytarılması da Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilib. Bunu açıq şəkildə demək lazımdır ki, əsirlərin qaytarılması başqa bir formatda da mövcud ola bilərdi. Amma belə görünür ki, Azərbaycan tərəfi Gürcüstanın bu xoşməramlı cəhdlərinə cavab olaraq jest edib. Zaman-zaman Gürcüstan tərəfindən başqa təkliflər gəlsə də, nəticələr əldə olunmayıb”.

M. Dərziyev əlavə edib:

“Əvvəllər Gürcüstanın vasitəçiliyi perspektivli görünmürdü. Bu şahmat taxtasında Gürcüstanın yeri çox kiçik idi. Real vasitəçilik üçün resursları yetərli görünmürdü.

Ümid edirik ki, Azərbaycan-Ermənistan münaqişəsi sülh müqaviləsi ilə yekunlaşacaq. Yəni hər iki ölkə bir-birinin ərazi bütövlüyünün tanınması ilə münaqişəyə biryolluq son qoyulacaq. Bununla da regionda yeni imkanlar və fürsətlər yaranacaqdır.

Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq üçün bu vaxta qədər ən böyük əngəl Ermənistan olub. Onların işğalçılıq niyyətləri baxımından Ermənistan hər zaman kənarda qalıb. Bu gün Azərbaycanın reallaşdırdığı layihələrin hamısı Gürcüstan ərazisindən keçir. Ermənistan isə özünü təcrid edib. Bundan sonra erməni cəmiyyəti reallıqlarla barışsa, regionda Gürcüstanın vasitəçilik imkanları çox böyük olacaq. Bu həm Gürcüstanın mövqeyi ilə, həm də Gürcüstanın konkret olaraq Ermənistanla Azərbaycan arasında yetərincə resursunun olması ilə bağlıdır. Buna görə də, güman edirəm ki, İrakli Qaribaşvilinin təqdim edəcəyi planda ümidverici məqamlar olacaq. Bu baxımdan çox nikbinəm ki, bu planla regional əməkdaşlıqda yeni səhifə açılacaq”.

Rafi MÜSLÜMOV

"Qafqazda üçtərəfli əməkdaşlıq üçün ən böyük əngəl Ermənistan olub" - Gürcüstanlı siyasətçi