"Putinsayağı baxış siyasi manipulyasiya və siyasi fırıldaqdır" Bİr açıqlamanın əks-sədası

"Putinsayağı baxış siyasi manipulyasiya və siyasi fırıldaqdır"

"Putinsayağı baxış siyasi manipulyasiya və siyasi fırıldaqdır" Bİr açıqlamanın əks-sədası

Rusiya Prezidenti Vladimir Putinin “Ukraynanı Vladimir Lenin yaradıb” ifadəsi siyasi meydanda açıq qıcıqla qarşılanıb. Analitiklərin fikrincə, Rusiya dövlət başçısının bu səpkili açıqlamaları beynəlxalq təhlükəsizliyə böyük təhdiddir.

Putinin bu ambisiyası Ukrayna ilə məhdudlaşır, yoxsa bütün postsovet dövlətlərinə aiddir?

Polemika.az-a açıqlamasında “Azərbaycan Politoloqlar Klubu”nun sədri Nadir Şəfiyev qeyd edib ki, Vladimir Putin bu sayaq açıqlamaları 2008-ci ildən bəri səslənir:

“Məsələ çox qəlizdir. Əslində, Vladimir Putinin bugünkü sözləri 2008-ci ildən səslənir. Məhz 2008-ci ildə Rusiyanın həyata keçirdiyi hərbi kampaniya faktiki olaraq Gürcüstanın ərazi vahidi olan Abxaziyanı və Cənubi Osetiyanı işğalını rəsmiləşdirdi və beynəlxalq birliyi bu müdaxiləni susqunluqla qarşıladı. Müəyyən bəyanatlar, açıqlamalar və hədələr olsa da, bu, yalnız söz səviyyəsində idi. Buna görə də, elə bil ki, Rusiyanın istəyi ayaq açdı və bunu 2014-cü ildə Ukraynada tətbiq edərək Krımı ələ keçirdi.

Beynəlxalq birlik müəyyən sanksiyalar həyata keçirdi, amma faktiki olaraq bütün dünyada cəmi bir neçə ölkə buna, sözün əsl mənasında, real etiraz etdi. Onlardan biri Türkiyədir, sonra Polşa, Gürcüstan və Baltikyanı ölkələr. Bu da nə ilə bağlıdır? Baltikyanı ölkələr öz aqibəti üçün qorxur, çünki Rusiya ilə həmsərhəddir, Türkiyə, ümumiyyətlə, SSRİ-nin bərpa olunmasının əleyhinədir, çünki SSRİ-dən çox böyük təhdidlər görüb və s. Polşa isə ona görə etiraz edir ki, Rusiyaya yaxın bir regionda yerləşir, ehtiyat edir ki, Rusiyanın bu aqresiv siyasəti gəlib Polşaya da toxuna bilər”.

N. Şəfiyev əlavə edib:

“Əgər Ukrayna adlı dövlət tarixən olmayıbsa və söhbət Ukrayna ərazisindən gedirsə, bu, eyni zamanda, tarixən Rusiyanın da ərazisi olmayıb. Tarixi bu yöndə araşdırmağa başlasaq, dünyanın bütün xəritəsi yenidən tərtib olunmalıdır. Tutalım, ABŞ, ümumiyyətlə, ləğv olunmalıdır, Avstraliya dövləti olmamalıdır. Gerçəkliyə qalsa, Rusiyanın iddia etdiyi qərb torpaqları vaxtilə Polşanın, Belarus və Belarus ətrafı torpaqlar Litvanın və Reç Pospolitanın (Polşa), şimal torpaqları isə İsveçin ərazisi olub. Bu baxımdan tarixə Putinsayağı baxış siyasi manipulyasiya və siyasi fırıldaqdır.

Putin heç vaxt gizlətmir ki, SSRİ-nin pərəstişkarıdır, SSRİ-nin bərpasını istəyən şəxsdir. O həmişə vurğulayır ki, SSRİ yeni formada qurulmalıdır. Bunun nəticəsini bir dəfə görmüşük. Yəni Rusiya İmperiyasının yeni – bolşevik formasında bərpasını və bunun xalqlara hansı bəlalar gətirdiyini”.

Politoloq onu da vurğulayıb ki, Rusiya bugünkü reallıqlarla barışmaq istəmir:

“1991-ci ildə SSRİ dağılanda Ukrayna hazırki sərhədlərində, o cümlədən, Krım və Donbass da daxil olmaqla, tanınıb və Ukrayna BMT-yə üzv olub. Bu reallıqlarla barışmaq lazımdır. Müasir siyasi sistem və müasir siyasi təhlükəsizlik sistemi də bununla bağlıdır. Putinin açıqlaması isə müasir təhlükəsizlik sistemlərini alt-üst edir. Bu çoxlarının xoşuna gəlməyə də bilər, çünki hazırda Rusiya bizim üçün şərait yaradıb, ərazi bütövlüyümüzün bərpasında guya xidmət etmiş bir tərəf kimi göstərilir, amma mən hesab edirəm ki, məhz bu tezis müasir dünyada, beynəlxalq aləmdə təhlükəsizlik sisteminə çox böyük təhdid və təhlükədir”.

“Əgər xatırlayırsınızsa, Kremlin qeyri-rəsmi sözçüsü və məşhur “utka”larıyla hamının yaxşı tanıdığı Vladimir Jirinovski dəfələrlə bu ifadəni Qazaxıstan haqqında deyib ki, Qazaxıstan adlı dövlət olmayıb. Onların erməni həmfikirləri isə dəfələrlə bu ifadəni Azərbaycan haqqında deyib. Yadınıza salın, onlar nə deyirlər? Azərbaycan dövləti tarixən olmayıb, 1918-ci ildə ilk dəfə dünya xəritəsinə gəlib.

Bir daha təkrar edirəm, bu, bütün postsovet məkanı üçün çox təhlükəli tendensiya və replikadır”. – deyə analitik fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

"Putinsayağı baxış siyasi manipulyasiya və siyasi fırıldaqdır" Bİr açıqlamanın əks-sədası