Paşinyan bazarlığa başladı - Tiflisdən “200 milyon dollarlıq” mesaj

Paşinyan bazarlığa başladı

Paşinyan bazarlığa başladı - Tiflisdən “200 milyon dollarlıq” mesaj

“Ermənistan Baş naziri Nikol Paşinyan Arazdəyən (Yerasx) – Culfa – Ordubad - Meğri – Horadiz dəmir yolunun tikintisinin və bərpasının 2-3 ilə başa çatdırıla biləcəyini deyib. Eyni zamanda qeyd edib ki, 340 kilometrlik dəmir yolunun yalnız 45 kilometri Ermənistan ərazisindən keçir və bu 45 kilometrlik xəttin inşasına, yaxud bərpasına 200 milyon dollar vəsait sərf olunacaq. Paşinyanın dediklərinin nə dərəcədə həqiqətə uyğun olduğunu demək çətindir. Bu məsələyə mütəxəssislər münasibət bildirsələr, daha yaxşı olar”.

Polemika.az xəbər verir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, dəmir yolunun çəkilişi relyefdən asılı olaraq, çətin, vəsait və vaxt tələb edən bir prosesdir:

“Amma mahiyyət etibarilə, dəmir yolu marşrutunun 295 kilometrinin Azərbaycan ərazisindən keçdiyini, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin sürətini nəzərə alsaq, Arazdəyən – Culfa – Ordubad - Meğri – Horadiz dəmir yolunun daha tez ərsəyə gələcəyini təxmin etmək mümkündür. Bununla yanaşı, Gürcüstanda səfərdə olan Ermənistanın baş nazirinin, Tiflisdə 45 kilometrlik bərpa, yenidənqurma prosesi üçün “200 milyon dollar”dan dəm vurmasını təsadüfi saymıram. Düşünürəm ki, mesajın ünvanlandığı istiqamət tam bəlli olduqdan sonra, prosesin inkişaf dinamikası barədə fikir söyləmək mümkün olacaq.

Nikol Paşinyanın Gürcüstanda Azərbaycanla Ermənistan arasında avtomobil yolunun işə salınmasından danışması da maraq doğurur. Diqqətçəkən məqam isə, baş nazirin Şimal-Cənub yolunun Ermənistan-İran sərhədindən Gürcüstan-Ermənistan sərhədinə qədər olan hissəsi ilə bağlı söylədikləridir. Nikolun mülahizələrinə görə, Azərbaycanla avtomobil nəqliyyatı əlaqəsi barədə razılaşmanın mümkün olacağı təqdirdə bu layihə, yəni Şimal-Cənub yolu Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək.

Ermənistanın baş nazirinin mülahizə və iddialarından belə anlaşılır ki, Azərbaycanla avtomobil yolu əlaqəsi qurulacağı təqdirdə, yük daşınmalarının bir hissəsi Ermənistan ərazisindən, Paşinyanın Şimal-Cənub adını verdiyi yol üzərindən həyata keçiriləcək və beləliklə də sözügedən yol həm də Şərq-Qərb marşrutunun bir hissəsinə çevriləcək. Halbuki, həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin ən qısa, iqtisadi baxımdan ən rentabelli marşrutları Azərbaycan ərazisindən keçir”.

Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycanın logistik imkanları da bu marşrutlar arasında sinerjinin yaranmasına imkan verir:

“Belə olduğu təqdirdə, Ermənistanın heç bir iqtisadi əsas olmadan “tranzit ölkə”yə çevrilməsinə də ehtiyac qalmır. Görünür, Nikol Ermənistanın olmayan imkanlarını yenidən piştaxta üzərinə çıxarmaqla, bu yararsız ölkəni regional habın bir parçasına çevirmək istəyir. Ola bilsin ki, Arazdəyən – Culfa – Ordubad - Meğri – Horadiz dəmir yolunun tikintisinin və bərpasının 2-3 ilə başa gələcəyi barədə iddialar və “200 milyon dollarlıq” mesaj da rəsmi İrəvanın hələlik təktərəfli bazarlığının tərkib hisəsidir”.

Paşinyan bazarlığa başladı - Tiflisdən “200 milyon dollarlıq” mesaj