O vaxtlar belə deyildi: Bizə nə oldu?

O vaxtlar belə deyildi: Bizə nə oldu?

O vaxtlar belə deyildi: Bizə nə oldu?

Bu gün sonuncu çərşənbədir. Bu cümlələri yazanda artıq günün yarı hissəsi keçmişdi. Bu saata qədər bayram olduğunu hiss etməmişəm. Heç kənardakılar da hiss etdirmir. İnsanların üz cizgilərində, əhval-ruhiyyələrində bayram əlaməti yox kimidir. Hər kəs donuq, şəhər adi axarında. Hava kimi insanlar da soyuqdur...

Aradan çox keçməyib. Adət-ənənələrin bu qədər sürətlə dəyişməsi tarix boyu olmayıb. Hətta Sovet imperiyası onillər boyunca bizi ənənlərimizdən uzaqlaşdıra bilmədi. Amma indi dövran dəyişib, hər şey sürətlə baş verir, bizim uşaqlıqda gördüyümüz ənənlər də sürətlə unudulur. İndi o ənənələr formallıqdan o yana keçmir. Bu, nisgil yaradır. 

Biz uşaq olanda İlaxır Çərşənbə bayramların şahı idi. Bütün il boyu bu günü gözləyirdik. Mənim böyüdüyüm yerdə Novruz Bayramına Böyük Bayram deyərdilər. Novruz ailəlikcə qeyd olunardı. 

Sonuncu Çərşənbə isə ayrı bir aləm idi. Onu bizim doğulub böyüdüyümüz kəndin əhalisi birlikdə qeyd edirdi. İndi o ənənə kəndimizdə də qalmayıb. İçimdə bayram əhval-ruhiyyəsi olmasa da, o günləri, qayğısız uşaqlığın macəralarını sevgi ilə xatırlayıram. Çərşənbə Bayramında çıxardığımız oyunlar, əyləncələr, böyük və kiçiklərin hamısının eyni hissləri keçirməsi... 

Sonuncu Çərşənbəyə aylar öncədən hazırlaşardıq. Özümüz üçün maskalar düzəldərdik. Mis turbalardan tapançalar hazırlayardıq, lüləsinə kibrit kükürdü töküb partladardıq. Müharibə illərində həmin kükürdü gerçək patronlar – 5.45, 7.62 və ya PK partonları əvəz etdi. Traktor “farsunka”larından silah düzəldib gecə səhərə kimi kəndin canına düşərdik. 

Tək biz yox. Hamı. Bütün uşaqlar, böyüklər, qızlar, oğlanlar... 

Bircə analar evdə qalırdı ki, papaq atan uşaqların bayram hədiyyələrini versinlər.

Bizim kəndimizdə daha bir maraqlı adət vardı. Bu adət ölkəmizin tək-tək yerlərində də mövcuddur. Sonuncu çərşənbədə insanlar bir-birini su ilə isladardı. Bu, aydınlıq, təmizlik, paklıq demək idi. Məsələn, qapıdan bayıra çıxan kimi bir vedrə suyu çox rahatlıqla başından tökə bilərdilər. Və yaxud evdə yemək yediyin zaman həyətdə su nasosunu qoşub şlanqı evin içinə tutarlar, otaqdakı hər kəs sudan çıxmış cücəyə dönə bilərdi. Buna görə heç kim inciməzdi. Evdəkilər su içində olsa belə, ev sahibi həmin su tökən uşaqlara “Aydınlığa çıxasınız” deyə cavab verirdi.

Hə. Bayram hazırlığımızın içərisində su atmaqla bağlı texnologiyalar da vardı. Vedrə ilə kimisə islatmaq üçün onun maksimum yaxınına getmək lazım olurdu ki, bu da bir çox hallarda uğursuzluqla nəticələnirdi. Adam duyuq düşür və onu islada bilmirdik. Bu problemi balaca əl nasosları ilə həll edirdik. Nasosun içini su ilə doldururduq və bir neçə metrlikdən hədəfi nişan alıb “atəş açırdıq”. Belə nasosu əldə etmək üçün kənddə yalvarmadığımız traktorçu, sürücü qalmırdı.

Xoşumuz gələn qızları islatmağın ayrı bir ləzzəti vardı. 

Bəzən kişilər qadın paltarı geyinib hoqqa çıxarır, qaraçı rəqsləri edirdilər. Qızlar, qadınlar da bığ-saqqal qoyurdular. 

Analar, nənələr şəkərbura, paxlava hazırlığına bir neçə gün əvvəldən başlayardı. Bayram günü isə bütün həyətlərdə sac tərs üzünə ocağa qoyular, çırthaçırtla buğda qovrulardı. Hər yerdən qovurulmuş buğda iyi gələrdi. 

Həmin gün hamıda həyat eşqi dolu olurdu. Dopdolu...

Bu vurçatlasın gecə yarısına kimi davam edirdi. Amma bitmirdi. Bizim bayram ənənlərindən biri də həmin gecəni yatmamaq idi. Günəş doğana kimi həmin gecəni tonqal başında keçirirdik. Bunu üçün əvvəlcədən odun tədarük edirdik. Amma çox vaxt biz uşaqlar köhnə təkərlər yandırırdıq. Hər məhəllədə böyük tonqal qalanırdı. Bayram gəzintilərindən, əylənmələr, papaq atmalar, su atmalardan sonra hər kəs, bütün məhəllə həmin tonqalın başında cəm olurdu. Yaşlılar, qadınlar yavaş-yavaş dağılışırdı. Amma biz günəşin doğduğunu görmək istəyirdik.

Günəş doğub hər tərəfi işıqlandıranda tonqal başındakı uşaqların əsl əyləncəsi başlayırdı. Hamı bir-birinə gülür, lağ edirdi. Çünki səhərə kimi yanmış 4-5 maşın təkərinin ətrafında dayandığı üçün hamı hisə batırdı. Bircə gözlərimiz ağarırdı. Sir-sifət qapqara qurum olurdu. 

Və bayramımız sübh tezdən axar suyun üstündən bir neçə dəfə keçməklə və gecədən canımıza hopan hisi təmizləməklə başa çatırdı. Biz təkcə his-pasdan deyil, həm də kin-nifrətdən, uğursuzluqdan, neqativlərdən təmizləndiyimizi düşünürdük.

Bu, inanc idi...

İndi o dövrdən 20 ildən çox vaxt keçir. Bu ötən illərdə təkcə ənənəmizdən deyil, inanclarımızdan da çox uzaqlaşdıq. Bilərəkdən, ya da bilməyərəkdən. 

İnsanların, ölkəmizin sosial durumu həmin 90-cı illərlə müqayisədə indi qat-qat yaxşıdır. Uşaqlağımın böyük hissəsi müharibə, aclıq illərinə təsadüf etdi. Amma o çətin günlərdə də inancımızı yaşada bilirdik. Bəs, bizə nə oldu?.. 

Yazının bu yerə qədər birnəfəsə yazdım. Amma “Bəs, bizə nə oldu?.. ” sualından sonra fikirlər qırıldı. Söz bitdi. Bu suala müxtəlif cavablar vermək mümkündür, amma onlar heç nəyi ifadə etməyəcək. 

Bayramınız mübarək olsun! İnancınız heç vaxt itib-batmasın!

Elnur Məmmədli

O vaxtlar belə deyildi: Bizə nə oldu?