"Necə ola bilər ki, bu qədər insanı qırasan?!" - Xalq artisti

"Necə ola bilər ki, bu qədər insanı qırasan?!" - Xalq artisti

"Necə ola bilər ki, bu qədər insanı qırasan?!" - Xalq artisti

“Heç cür qəbul edə bilmirəm, necə ola bilər ki, bu qədər insanı qırasan? Yayılan kadrlara ürək ağrısı ilə baxıram, dözə bilmirəm...”

Bu sözləri Polemika.az-a Xalq artisti Gülyanaq Məmmədova Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışarkən deyib.

Sənətçi Qarabağ müharibəsini xatırladaraq vəziyyətin acınacaqlı olduğunu bildirib:

“Müharibə ilə hamı kimi mən də maraqlanıram, maraqlanmaya bilmərəm. Burda insan ölümündən, xüsusən də körpələrin ölümündən söhbət gedir. Adamın ürəyi dözmür.  Mən siyasi məsələləri bilmirəm, amma istəməzdim müharibə olsun. Nəinki Azərbaycanda, heç bir ölkədə müharibə olmasını istəmərəm. İnsanlar yaşasın, hərə bir təhər şəraitini qurur, başını öz komasına salır, uşaq böyüdür, işləyir, bir tikə çörəyini qazanır. Və düşünün bir anda insanın illərlə qurub-yaratdığı şərait məhv olur, hər şey əlindən çıxır, yalnız canını götürüb qaçır. Heç bilmir ki, harda qırılacaq. Bəzən bir anlıq özümüzü belə bir vəziyyətlə üz-üzə qalmış təsəvvür edirəm, dəhşətlidir. Qarabağ Müharibəsində görün nə qədər itkilərimiz oldu, hamısı bizim ürək ağrımızdır. Ukraynada həlak olanlar da insandır, onların da balası baladır... Mən heç bir vaxt belə olsun istəməzdim, bunu heç cür qəbul edə bilmirəm, necə ola bilər bu qədər insanı qırasan? Yayılan kadrlara ürək ağrısı ilə baxıram, dözə bilmirəm. Həmən dəqiqə gözlərim dolur, öz körpəm, doğmalarım gözümün önünə gəlir. İnsan hara qaçsın? O qədər tanıdıqlarım var ki, əlaqə saxlayıram, hamısı evini-eşiyini  qoyub, bir canını götürüb qaçıb. Nə qədər azərbaycanlı Ukraynada dünyasını dəyişdi, bu bizim də ürəyimizi ağrıdır. Dinindən asılı olmayara insan insandır. O qədər insan bilmir ki, harada, necə dünyasını dəyişəcək. Düzdür, ölüm haqqdır, amma biri var öz əcəlinlə, biri də var ki, oturduğun yerdə üstünə bombalar yağsın”.

Xalq artisti bu müharibənin Azərbaycana da təsirsiz ötüşməyəcəyini qeyd edib:

“Müharibə bizim ölkəmizə də təsirini göstərib, hava yollarımız dayanıb, insanlar Rusiyaya gedə bilmir. İqtisadiyyata da öz mənfi təsirini göstərir. Təki ölüm, insan itkisi olmasın. Əşya, mal-mülk hamısı gəldi gedərdir, onlar düzələr, amma insan canına qıymaq çox ağır bir şeydir. Kadrlara baxdım ki, körpələr evinə bomba atıblar. Bu nə deməkdir? Anaya bunu yaşatmaq olarmı? O körpə nə qanır? Danışdıqca ətim ürpəşir. İnsan kövrəlməyə bilmir. İnşallah, tezliklə bu müharibə bitər, insanlar yazıqdır”.

Əsmətxanım RZAZADƏ

"Necə ola bilər ki, bu qədər insanı qırasan?!" - Xalq artisti