Nazir MİQ qaydalarındakı dəyişiklikdən yazdı

Nazir MİQ qaydalarındakı dəyişiklikdən yazdı

Nazir MİQ qaydalarındakı dəyişiklikdən yazdı

“Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar peşəkarlığın qiymətləndirilməsi və prosesin idarə edilməsində bir sıra üstünlüklər qazandırır”.

Polemika.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında yazıb.

Nazir bildirib ki, müəllim və müdavimlərin təklifləri əsasında təkmilləşdirilmiş qaydalar müsabiqənin bilik və səriştəyə yönəlmiş alətlərlə təşkil edilməsi ilə yanaşı, sosial əhəmiyyətli vacib məqamları da ehtiva edir.

“Xüsusilə şəhid ailəsi üzvü olan namizədlərə şamil olunacaq müddəalar onların rifahı və işlə təmin olunması baxımından xeyli asanlıqlar gətirir. Təhsil Nazirliyi olaraq təhsil iştirakçılarının maraqlarının həyata keçirilməsi, şəffaflıq və sağlam rəqabətlilik tətbiq olunmaqla keyfiyyətin artırılması istiqamətində işlərimizi davam etdiririk. İnanırıq ki, bu dəyişikliklər ümumi təhsil müəssisələrində müəllim seçiminin ədalətli aparılmasında xüsusi rol oynayacaq”, - deyə təhsil naziri vurğulayıb.

Qeyd edək ki, bu gün müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı onlayn brifinq keçirilib. Brifinqdə iştirak edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov qaydalarda edilən dəyişikliklər barədə media nümayəndələrinə məlumat verib.

O bildirib ki, növbəti tədris ili üzrə keçiriləcək işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılır. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək. Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.

 

Nazir MİQ qaydalarındakı dəyişiklikdən yazdı