Nazir 2021-ci ilin hesabatını verdi: 80 görüş, 27 müqavilə...

Nazir 2021-ci ilin hesabatını verdi: 80 görüş, 27 müqavilə...

Nazir 2021-ci ilin hesabatını verdi: 80 görüş, 27 müqavilə...

Vətən müharibəsindən sonra - 2021-ci ildə regionda yaranmış yeni vəziyyətin dayanıqlı sülh və inkişaf üçün açdığı imkanların reallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılmasını təmin etmək istiqamətində ardıcıl və məqsədyönlü səylər göstərilib.

Polemika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

“İl ərzində Azərbaycan Respublikası bəşəriyyət qarşısında duran ümumi təhdid və çağırışlara, o cümlədən COVID-19 pandemiyasına effektiv cavabların axtarışı və verilməsi məqsədilə dünya birliyinin digər üzvləri ilə birgə çalışıb. Xüsusilə qeyd olunmalıdır ki, dövlətimiz ilk günlərindən pandemiya ilə mübarizədə aparıcı dövlətlərdən biri olub”.

XİN bildirib ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatında sədrliyinə uğurla davam edərək, üzv dövlətlərin potensialının Hərəkatın qarşısında duran məqsədlərin reallaşdırılmasına yönəlməsində aktiv rol oynayıb.

“2021-ci il,  pandemiya şəraitini də nəzərə alaraq, Azərbaycanın dünya dövlətləri ilə təmaslarının intensivləşməsi, xarici dövlət və beynəlxalq təşkilatların, akademik dairələrin və media nümayəndələrinin ölkəmizə çoxsaylı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində artan dəstəyi və regional siyasət gündəliyinin uğurla irəlilədilməsi ilə yadda qalıb”.

Nazirlik xaricdə yaşayan vətəndaşlarımızın üzləşdiyi çətinliklərin həllinin diplomatiyamızın təbii prioritetlərindən olduğunu qeyd edib.

“10 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonra Azərbaycan tərəfi 2021-ci il ərzində Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi, Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya və demarkasiya prosesinin başlanması, regional əməkdaşlıq, dayanaqlı inkişaf və tərəqqi üçün intensiv şəkildə fəaliyyət aparıb.

İkitərəfli, regional və çoxtərəfli formatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, GUAM, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilmiş görüşlər, səsləndirilmiş bəyanatlar və qəbul edilmiş sənədlər vasitəsilə Vətən müharibəsindən sonra yaranmış reallıqlar barədə məlumatlandırılma işləri gücləndirilib, regionda sülhün bərpa edilməsi, münaqişədən sonrakı bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin geri qayıtması üçün zəruri şərtlərin formalaşdırılması istiqamətində addımlar atılıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin mina və digər partlayıcılarla kütləvi çirkləndirilməsinin və minalanmış sahələrin tam və dəqiq xəritələrinin Azərbaycan tərəfinə təhvil verməsi, ərazilərimizin minalardan təmizlənməsinə beynəlxalq diqqətin cəlb edilməsi və ölkəmizə müvafiq dəstəyin göstərilməsi məqsədilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin imkanları səfərbər edilib.

Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin - mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin talan edilməsi, dağıdılması, saxtalaşdırılması, qanunsuz daşınması (kultursid), ətraf mühitə və bio-müxtəlifliyə vurulan zərər (ekosid), ərazilərin kütləvi şəkildə minalar və digər partlayıcılarla çirkləndirilməsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməməsi, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törədilmiş müharibə cinayətlərinin araşdırılmaması, günahkarların cəzalandırılmamasının ifşa edilməsi və bu pozuntulara görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi ilə bağlı işlər davam etdirilib.

Belə ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət verib. Bu şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub. Sentyabr ayında isə Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə  müraciət edib.

7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib.

Azərbaycan Respublikası üçün qonşularının hər biri ilə dostluq münasibətlərinin saxlanılması və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi xarici siyasətimizin prioriteti olaraq qalıb.

İl ərzində Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistan ilə ali və yüksək səviyyədə təmaslar davam edib və münasibətlərin məzmunu bir çox hallarda konkret əməkdaşlıq layihələri ilə daha da zənginləşdirilib.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri (15-16 iyun və 26 oktyabr 2021-ci il), işğaldan azad olunmuş ərazilərimizi ziyarət etməsi, Azərbaycan və Türkiyə Prezidentlərinin iki ölkə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi imzalaması əlamətdar hadisə olub. Bundan əlavə, il ərzində hər iki dövlətin baş nazirləri, parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirləri və digər hökumət rəsmiləri səviyyəsində görüşlər təşkil olunub və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq həyata keçirilib.

İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq əlaqələrinin yüksək səviyyədə saxlanması üçün səylər göstərilib. 27-28 noyabr 2021-ci ildə Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Görüşü çərçivəsində Azərbaycan və İran Prezidentləri arasında baş tutmuş görüş ikitərəfli münasibətlərin inkişafına təkan verib. Görüş çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" imzalanıb. İl ərzində Azərbaycan və İran xarici işlər nazirləri arasında görüşlər təşkil olunub. 22 dekabr 2021-ci il tarixində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana ilk rəsmi səfərini edib.

2021-ci ildə üçtərəfli əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq davam etdirilib. Belə ki, 13 yanvar 2021-ci ildə İslamabad şəhərində Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci, 23 fevral 2021-ci ildə isə Ankara şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşləri keçirilib.

Ümumilikdə, Azərbaycan Respublikasının xarici işlər naziri öz həmkarları ilə Azərbaycanda və onun hüdudlarından kənarda 80-dan çox görüş keçirib, 16 ölkənin  xarici işlər naziri ölkəmizə səfər edib.

İl ərzində qonşu dövlətlərlə yanaşı, Ukrayna, Belarus Respublikası, Estoniya Respublikası, Bolqarıstan Respublikası, Serbiya Respublikası, Çex Respublikası, Slovakiya Respublikası, Xorvatiya Respublikası, Macarıstan, Pakistan İslam Respublikası, Monqolustan, Qətər Dövləti, Səudiyyə Ərəbistanı Krallığı, İndoneziya Respublikası və İspaniya Krallığı ilə -ümumilikdə  27 beynəlxalq müqavilə imzalanıb.

2021-ci ildə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada və Müqəddəs Taxt-Tacda Səfirlikləri təsis edilib.

Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərinin vətəndaşları üçün təsis edilmiş qrant proqramları sayəsində 2021-ci ildə 37 ölkədən 40 tələbə Azərbaycan universitetlərində ali təhsil almaq şansı əldə edib.

2021-ci il ərzində beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədliklərin təşviq edilməsi istiqamətində fəaliyyət davam etdirilib. Paris şəhərində 17 noyabr 2021-ci il tarixində keçirilmiş seçkilərdə ölkəmiz 143 səs toplayaraq UNESCO İcraiyyə Şurasının 2021-2025-ci illər üçün üzvü, 30 noyabr 2021-ci il tarixində keçirilmiş seçkilərdə UNESCO-nun Silahlı Münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2021-2025-ci illər üzrə üzvü seçilib. Bundan əlavə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Azad Tağızadə növbəti dəfə BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2022-2025-ci illər üzrə üzvlüyünə seçilib.

İraq Respublikası və Suriya Ərəb Respublikasının qaçqın düşərgələri və həbsxanalarında saxlanılan  81 nəfər (69-u uşaq və 12-si qadın olmaqla) Azərbaycan Respublikası vətəndaşı repatriasiya edilib.

XİN-in vasitəçiıliyilə 2021-ci il ərzində 4217 nəfərin sərhəd keçidi təmin edilib.

Vətən müharibəsində sonra 2021-ci il ərzində işğaldan azad olunmuş ərazilərə jurnalistlərin çoxsaylı səfərləri (press turlar) təşkil olunub. Eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Xarici İşlər Nazirliyi Facebook, Twitter, Instagram və YouTube platformalarında aktiv fəaliyyət davam etdirilib. İl ərzində XİN-in saytında 500-dən çox xəbər yerləşdirilib.

Nazir 2021-ci ilin hesabatını verdi: 80 görüş, 27 müqavilə...