“Məncə o qədər də pis adam deyiləm...” - Tanınmış aparıcı

“Məncə o qədər də pis adam deyiləm...” - Tanınmış aparıcı

“Məncə o qədər də pis adam deyiləm...” - Tanınmış aparıcı

Tanınmış teleaparıcı Alidə Mustafayeva Moderator.az-ın suallarını cavablandırıb.

- Alidə xanım, müharibə günlərində tamaşaçılara zəfər və təcili xəbərləri çatdıranlardan biri də siz idiniz. O günləri necə xatırlayırsınız?

- Bəli, Azərbaycanın şanlı tarixinə yazılan 44 gün ərzində hər gün işdə, efirdə oldum, hətta evə getmədiyim günlər də oldu. Bir tərəfdən qanı ilə qızıl tariximizi yazan igid oğullarımızın şəhidlik zirvəsinə ucalmaları xəbərləri gəlirdi, digər tərəfdən isə Ali Baş Komandan, prezident İlham Əliyevin yeni tvitləri, videomüraciətləri, açıqlamaları… Hər bir vətəndaş kimi mən də bu xəbərləri həyəcanla alırdım. Daha sonra o əhval-ruhiyyə ilə efirə davam etməli idik. Bir gözümüz ağlayırdı, biri gülürdü. İkinci Qarabağ müharibəsində əslində hər kəs öz sahəsində fayda verməyə çalışırdı, tarixin bir parçasına çevrilmək istəyirdi. İnformasiya müharibəsində hər kəs səfərbər idi. Həmin tarixi günləri həm də efirdə, iş başında yaşamaq çox gözəl hiss idi. Bir çox televiziya işçisi kimi mənim də bir arzum var idi. Qələbə xəbərini çatdırmaq. Allah bizi bu arzumuza da çatdırdı. Noyabrın 9-dan 10-a keçən gecə işdə Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli bəyanatla bağlı hələ ki, qeyri-rəsmi məlumat aldıq. İlk dəfə idi ki, qeyri-rəsmi məlumatı risk edib efirə verdik. Daha sonra cənab prezident və Rusiya pezidenti arasında videoformatda keçirilən imzalanma mərasimi efirdə yayımlandı və ardından prezident İlham Əliyevin xalqa müraciəti verildi. Bu, Azərbaycanın böyük hərbi və siyasi qələbəsi idi. Ağ bayraq qaldıraraq təslim olan Ermənistanın kapitulyasiya aktı idi. Bununla da qələbə gözləyən xalqımız zəfəri yaşadı. Səhər saat 7-ə kimi dayanmadan bəyanatın bəndlərini tamaşaçıların diqqətinə çatdırdıq, studiyamızın qonaqları, ölkənin müxtəlif yerlərindən bağlantılarla efirə davam etdik. Gözəl günlər idi. O gözəl günlər ki, onların nəticəsini biz bu gün də yaşayırıq, bundan sonra uzun illər, əsrlər boyu, tarix boyu yaşayacağıq. 

- Hər yeni mövsüm başlayanda sizi yeni-yeni layihələrdə görməyə alışmışıq. Bu mövsüm isə hələ ki, xəbərlər proqramında aparıcılıq edirsiniz. 

- Demək olar ki, bu sahədə fəaliyyətə başlayandan indiyə qədər əsasən xəbərlər aparmışam. Uzun illər xəbər aparıcısı olsam da, son illər layihələrə də təklif almışdım. Amma xəbərlər mənim üçün kariyeramda əsasdır, burada başqa bir doğmalıq var. 

- Xəbərlə yanaşı ikinci bir layihədə sizi görə biləcəyik?

- Hələ ki, belə bir arzum yoxdur, amma təklif olsa bu barədə düşünmək olar. 

- Siz uzun illər əvvəl ATV-də fəaliyyətə başlamısız və bir neçə proqrama aparıcılıq etmisiniz. O günlər üçün çox darıxırsınız, yoxsa “nə yaxşı ki, o günləri keçdim ki, bu günləri də yaşadım” deyə düşünürsünüz?

- Bəli, televiziya fəaliyyətinə ilk dəfə ATV-də başlamışam və nə gözəl ki, yolum məhz oradan keçib. Keçmişə baxdıqda heç nəyə təəssüflənmirəm, əksinə, düşünürəm ki, yaxşı ki, mən bunları yaşadım ki, indi də məmnun olduğum yerdəyəm. Darıxdığım yalnız dostlardır ki, onlarla da tez-tez görüşürük.

- Bir neçə televiziya ilə əməkdaşlıq etmisiniz. Televiziyaları tərk etmə qərarını kiminləsə müzakirə etmisiniz, yoxsa sadəcə qərarı verib, yola davam etmisiniz?

- Qərarı özüm verirəm. Təbii ki, heç kəs ona xoş olan yerdən ayrılmaz. Düzü, peşman da deyiləm. Fərqli kanallarda çalışmaq mənə daha geniş bilgilər verib, çox şey öyrədib. 

- Alidə xanım, sizin kimi baxımlı, cazibədar xəbər aparıcıları ölkəmizdə çox azdır. Buna görə özünüzə çox vaxt ayırırsınız, yoxsa bu genetikdir?

- Gözəllik nisbi anlayış olduğu üçün buna münasibət bildirməyəcəm, amma yenə də belə gördüyünüz üçün sizə təşəkkür edirəm! Əslində çox vaxt ayırıram desəm yalan olar. 

- Sizcə tamaşaçı aparıcının yalançı səmimiyyətini hiss edir, duyur?

- Əlbəttə. Bizim kifayət qədər ağıllı tamaşaçı auditoriyamız var. Aparıcı sünilik edirsə, içdən gəlmədən ağlayıb-gülürsə, tamaşaçı bunu dərhal hiss edir. 

- Ümumiyyətlə, nə vaxtsa öz istəyinizlə televiziyanı tərk edib, gedə bilərsiniz? Bunun üçün sizə hansı səbəb lazımdır?

- Çətin sualdır. Bəzi suallar var ki, onların cavabını zaman verəcək. Allah heç kimə sevdiyi işindən getmək, ayrılmaq kimi bir məcburiyyət yaşatmasın. Hər kəs sevdiyi peşə ilə məşğul olsa və bunu yaxşı bacarsa cəmiyyət üçün daha faydalı olar.

- Bir müsahibənizdə bildirmisiniz ki, məni yaxından tanımayan insanlar özümdən razı olduğumu deyir. Bəs əslində necədir?

- Əslində məni tanıyanlar daha yaxşı bilər. Amma, məncə o qədər də pis adam deyiləm (gülür).

“Məncə o qədər də pis adam deyiləm...” - Tanınmış aparıcı