“Mən bunu şərəfsizlik, ləyaqətsizlik hesab edirəm” – Məşhur YAP-çıdan sərt sözlər

“Mən bunu şərəfsizlik, ləyaqətsizlik hesab edirəm” – Məşhur YAP-çıdan sərt sözlər

“Mən bunu şərəfsizlik, ləyaqətsizlik hesab edirəm” – Məşhur YAP-çıdan sərt sözlər

Keçmiş millət vəkili, YAP-ın qurucularından olan, 22 il YAP Siyasi Şurasının üzvü, hazırda isə partiyanın Təftiş Komissiyasının üzvü Musa Musayevin “Polemika.az”a müsahibəsi:

- Siz Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvüsünüz. Hər hansı üzv partiyanın mövqeyinə xələl gətirən addım atırsa, Təftiş Komissiyasının təqdimatı ilə həmin şəxs partiyadan xaric olunur. Ramiz Mehdiyevin son bəyanatından sonra belə xəbərlər yayıldı ki, onun YAP-dan xaric olunma məsələsi qaldırıla bilər. Bu məlumatlar nə qədər həqiqətə uyğundur?

- Yeni Azərbaycan Partiyasının nizamnamə proqramına görə partiya üzvü partiyaya qarşı hər hansı zidd addım atarsa, onun partiyadan çıxarılması məsələsi qaldırılır. Qayda belədir, əgər hər hansı partiya üzvü xəta törədərsə, ilk təşkilatda onun partiyadan çıxarılma məsələsinə baxılır və rayon təşkilatına göndərilir. Rayon təşkilatı da məsələyə baxdıqdan sonra həmin üzv partiyadan xaric edilir. 

Partiyadan xaric edilən şəxsin günahı yoxdursa və bunu sübuta yetirmək istəyirsə, o bir ay ərzində təftiş komissiyasına müraciət edə bilər. Təftiş komissiyası məsələni araşdırır, əgər həmin şəxsin hər hansı günahı yoxdursa, təbii ki, bu məsələ geri qaytarılır.  

Eyni zamanda onu da qeyd edim ki, Yeni Azərbaycan Partiyasının idarəedici strukturunda olan şəxs hər hansı xəta törədibsə, onu idarə heyəti yığışaraq qərar qəbul edib partiya sıralarından kənarlaşdıra bilər. 

- Belə başa düşdüm ki, əgər Ramiz Mehdiyev məsələsi olacaqsa, ona rəhbərlikdə baxılacaq.

- Bəli, əgər Ramiz Mehdiyev məsələsi olacaqsa, buna rəhbərlikdə baxılacaq, çünki o, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvüdür. 

- Hazırda Ramiz Mehdiyevin partiyadan çıxarılması məsələsi müzakirə olunurmu? 

- Mən təftiş komissiyasının üzvü kimi deyə bilərəm ki, belə real vəziyyət yoxdur. Mən də mətbuatdan oxumuşam. Nə Yeni Azərbaycan Partiyasının idarə heyətinin iclası olub, nə də nəzarət-təftiş komissiyasında belə məsələyə baxılıb. 

- Sizcə, AMEA-nın saytında yayılan bəyanat onun partiyadan xaric oluynmağına əsas verə bilərmi?

- Ramiz Mehdiyevin verdiyi bəyanatı Elmlər Akademiyasının mətbuat xidmətindən verilən açıqlama kimi mətbuatdan oxudum. Elə görünür ki, həmin bəyanat Mehdiyevin adından gedib. Bəlkə də özü açıqlama verib, bunu mən dəqiq bilmirəm, amma sözügedən bəyanatda xoşagəlməyən hallar var. Orada millət vəkillərinin hər hansı təmənna qarşılığında parlamentə seçildiyi iddia edilir, hətta bəzi deputatların adları çəkilir. Ramiz Mehdiyev uzun müddət Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olub, hazırda Veteranlar Şurasının üzvüdür, bununla belə deputatlara qarşı bu cür tənqidi, təhqiri fikirlər söyləmək xoşagələn hal deyil. 

Eyni zamanda da, o, müxalif partiyaları da vurğulayır orada. 11 müxalifət partiyasının sədri bu gün Milli Məclisdə təmsil olunur. Axırıncı qurultayımızda 5 müxalifət partiyası gəlib müraciət etdi və YAP-a qoşuldu. 

Mən bu şeyləri qınayıram. Bu, Ramiz Mehdiyevin nə yaşına, nə tutduğu mövqeyə, nə də ki, YAP üzvünə yaraşan bir fikir deyil. Bu halı mən bir vətəndaş və YAP-ın yaradıcılarından biri kimi olaraq, qınayıram. Çünki bu, Ramiz Mehdiyevə yaraşan fikirlər deyil. O bəyanat bu günümüzün tələbi ilə ayaqlaşmayan bəyanatdır.

- Belə fikirlər var ki, ölkədəki siyasi problemlərin, eləcə də, korrupsiya ilə bağlı problemlərin, adətən, Ramiz Mehdiyev ilə bağlı olduğu bildirilir. Sosial şəbəkələrdə velə fikirlər səslənir ki, Ramiz Mehdiyev getdi və bundan sonra həmin problemlər olmayacaqmı? Olacaqsa, kimin ayağına yazılacaq?

- Ramiz Mehdiyev Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının uzun müddət sədri olub. Ramiz Mehdiyev də Prezident Administrasiyasının rəhbəri kimi, komissiya sədri kimi bu işlərə vaxtında müdaxilə etməli idi. Eyni zamanda, onu da qeyd edim ki, cənab Prezident islahatlar aparır. Bu, istər Nazirlər Kabinetində, istər Prezident Administrasiyasında, istər Milli Məclisdə, istərsə də digər nazirliklərdə, strukturlarda, hər yerdə yeniləşmə və struktur dəyişiklikləri gedir. 

Eyni zamanda da, korrupsiya ilə məşğul olan bir qrup adam, dövlət məmurları, nazir müavini, şöbə müdirləri, bir neçə icra başçısı korrupsiya faktı ilə DTX tərəfindən həbs ediliblər və sübuta da yetirilibdir ki, həqiqətən də bu vəzifəli şəxslər korrupsiya çirkabına bulaşmış insanlardır. Təbii ki, korrupsiya və rüşvət, ümumiyyətlə, sovet dönəmində də olub. Hər dövrdə SSRİ-nin bütün respublikalarında, bütün ölkələrində, istər SSRİ, istərsə də müstəqillik dönəmində korrupsiya və rüşvət hər yerdə olub. İstər Ulu Öndər Heydər Əliyev, istərsə cənab Prezidentimiz İlham Əliyevin həmişə korrupsiyaya qarşı mübarizə aparıb və elə o mənada da Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılıb, korrupsiyaya qarşı mübarizə ilə bağlı qanun layihəsi hazırlanıb. Mənə elə gəlir ki, bunun kökü kəsilməlidir. 

Amma inanmıram ki, qısa bir müddətdə rüşvətin qarşısını ala bilək. Bu ümumi bir bəla və xəstəlikdir. Bir daha deyirəm ki, sovet dönəmindən başlamış bu günə qədər dünya ölkələrin biz bunun şahidi olmuşuq. Ən inkişaf etmiş dövlətlərdə - ABŞ, Fransa, İngiltərə və s. ölkələrdə rüşvət korrupsiya ilə bağlı məsələlər qaldırılıb. Hətta İtaliyada Səhiyyə naziri tutulmuşdu. Yəni böyük dövlətlərdə məmurlar rüşvət və korrupsiya ucbatından həbsə atılıbdır. Bu bir sağalmaz xəstəlikdir və bu xəstəliyin müalicəsi lazımdır və bu uzun müddət çəkəcək.

- Amma bizdə adını çəkdiyiniz ölkələrlə müqayisədə miqyası bir az böyükdür…

- Təbii ki, indi Azərbaycanda da korrupsiya ilə məşğul olanlar var, amma bir daha deyirəm ki, buna qarşı güclü mübarizə də gedir.

- Siz bir müddət icra başçısı olmusunuz. Rüşvət almadan işləmək mümkündürmü?

- Mümkündür. 4 il müddətində mən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı işləmişəm. Heç kim deyə bilməz ki, rüşvət verib işə, vəzifəyə kimsə gəlib və yaxud hər hansı bir korrupsiya əməli olub. Mən Naftalanda icra başçısı vəzifəsindən azad olunub gələndən sonra Naftalanda bir neçə dəfə yoxlamalar da olubdur.

 Dövlətin ayırdığı vəsait təyinat üzrə xərclənməlidir. Təbii ki, rüşvətsiz, korrupsiyasız işləmək olar yox, işləmək lazımdır. Bu gün vəzifədə olan məmurlar hamısı yüksək maaşla işləyirlər. Bunlar nəyə görə rüşvət almalıdırlar? Mən bunu başa düşə bilmirəm. Təbii ki, dövlətin ayırdığı büdcə vəsaiti və yaxud tikinti, quruculuq işlərinə ayrılan vəsaitdən mənimsənilib. Hətta son dövrlərdə həbs olunan icra başçılarının da məlum oldu ki, imkansız, işləməyən, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin göstərdiyi yardımı da ciblərinə qoyblar. O kartları, pulları götürüblər. Bunu mən şərəfsizlik hesab edirəm. Ləyaqətsizlikdir. Bu rüşvət, korrupsiya deyil, artıq insanlığa sığmayan bir şeydir. Ləyaqətsizlik və şərəfsizlikdir. 

- Sizcə elələri hələ də var?

- Mən düşünürəm ki, hələ də bu hallar var. Amma hər bir Azərbaycan vətəndaşı, hər bir dövlət məmuru tutduğu yüksək və ya aşağı vəzifədən asılı olmayaraq, rüşvətə qarşı mübarizə aparmalıdır. Bu onların borcudur. Rüşvəti verən də, alan da günahkardır. Dövlət vəsaitini mənimsəmək isə korrupsiya deməkdir. Korrupsiyanın qarşısı mütləq alınmalıdır. 

- Və bu mənmimsənilən pullarla ölkədə böyük işlər görmək olardı…

- İş adamları milyoner ola bilər. Amma düşünürəm ki, bu vəsaiti, qazandığı pulu Azərbaycan vətəndaşı Azərbaycanda qoymalıdır. 44 günlük müharibə zamanı prezident bütün milləti, partiyaları bir yumruq ətrafında birləşdirdi. 44 gün ərzində 30 il həsrətini çəkdiyimiz Qarabağ azad olundu. İndi quruculuq, abadlıq işləri gedir. Olmazmı ki, bizim o milyonları qazanan iş adamlar, kommersiya strukturunda çalışan insanlar vəsaitləri Qarabağımızın inkişafına, abadlığına həsr etsin.

Ciddi nəzarət olunmalıdır, ayrılan vəsait təyinatı üzrə xərclənməlidir. Əgər yeyinti halları varsa, kimliyindən asılı olmayaraq öz cəzasını çəkməlidir. Cəzasızlıq şəraitində yaşamaq qeyri-mümkündür. Cinayətin varsa, mütləq cəza tədbiri də görülməlidir. Hər bir sahədə rüşvət və korrupsiya halları ola bilər. Buna qarşı da ciddi mübarizə tədbirləri görülməlidir.

Elnur Məmmədli

“Mən bunu şərəfsizlik, ləyaqətsizlik hesab edirəm” – Məşhur YAP-çıdan sərt sözlər