Məktəblərdə şapalaq cəzası bərpa edilsin?

Məktəblərdə şapalaq cəzası bərpa edilsin?

Məktəblərdə şapalaq cəzası bərpa edilsin?

Tanıdığım müəllimə var. Bir müddət əvvəl sinifdə özünü apara bilməyən şagirdlərindən birinin başına çırtma vurmuşdu. Uşaq bunu valideyninə demişdi, valideyin də birbaşa polis idarəsinə müraciət etmişdi. Polis də araşdırmaya başlamışdı. Dəfələrlə məktəbə gəlib-getmiş, vücudda çırtmanın izi qalmadığı üçün müəllimi, onun həmkarlarını, direktoru sorğu-suala tutmuşdu. Nəticədə öz şagirdlərinin yanında müəllim qara qəpiklik olmuşdu. Həmin şikayət edən şagird isə sinifdə, dəhlizdə şeşəllənirmiş. Əgər əvvəl bir tərbiyəsizlik edirdisə, indi beşini də üstünə qoymuşdu.

O, hələ 4 sinf şagirdidir. İndi gör 8-9-da nə olacaq. Nə olacağını bu yazını oxuyanlar aşağı-yuxarı bildiyi üçün münəccimlik etməyim.

Bəs müəllimə nə oldu? Deyir ki, bu hadisədən sonra canında tərbiyəsizlik olub amma bunu etməyə cəsarəti olmayan şagirdlər də ürəkləniblər. Onlar üçün cığır açan sinif yoldaşlarının yolu ilə inamla irəliləyirlər: “Mən nə edirəm?” deyə həmin müəllimə sual edir. “Yenə də Azərbaycan lüğətində olan bütün gözəl sözlərdən, ifadələrdən istifadə edib sinif tərbiyəsini heç olmasa normal səviyyədə saxlamağa çalışıram. Amma həqiqətən də sözlər kifayət etmir və bu mütiliyə boyun əyməyə məcburam!”.

Uşaqlara qarşı şiddət pis əməldir. Bu, birmənalıdır...

Son günlər orta məktəblərdə baş verən hadisələr, yayılan videolar gələcəyimizin əmin əllərdə olmadığını göstərir. Azərbaycanda müəllim o qədər hörmətsiz bir vəziyyətə gətirilib ki, adam sadəcə dəsmal götürüb ağlamaq istəyir. Belə bir durumun yaranmasının onlarla səbəbləri var. Müəllimlərin seçkilərdə saxtakarlıq aləti olmasından tutmuş şagirdlərdən pul yığılmasına kimi. İndiki uşaqlar ayıqdırlar, tükü tükdən seçirlər. Bilirlər ki, əgər müəllimin onun valideyninin aylıq verdiyi 5-10 manata ehtiyacı varsa, həmin müəllimin başına istənilən oyunu açmaq mümkündür. Açırlar və əksər hallarda da günahkar müəllim çıxır. Töhmət, ictimai qınaq yapışdırılır alnına. 

Belə bir durumun yaranmasının obyektiv səbəbləri ilə yanaşı subyektiv səbəbləri də var. Və bütün hallarda müəllimlərimizin özləri bu məhsulun yetişməsində əsas “bağbanlardan” biri olublar. Çünki özünü, ləyaqətini, sözünün kəsərliyini, şagirdin ona hörmətlə yanaşmasını, prinsipiallığını qoruyan o qədər müəllimlər var ki... Sadəcə, ümumi fon o qədər neqativdir ki, həmin müəllimlər görünməz olublar.

Müşahidə qabiliyyəti məndən qat-qat yaxşı olan bir dost bu günlərdə mənə dedi ki, orta məktəbdən uşağı götürməyə getmişdim. İbtidai sinif müəllimələrini müşahidə edirdim. 5 müəllimədən 4-nün dodağı silkonla əcaib şəkildə şişirdilmişdi. Elə bilirsiniz bu xırda məsələdir? Heç bilirsiniz uşaqlar öz aralarında belə müəllimlərə nə ad qoyurlar? Şagird ləqəb qoyduğu müəllimə heç vaxt hörmət qoymaz...

Və yaxud təhsil sektorunda olan başqa bir dost deyir ki, məktəb direktoru təyin olunmaq istəyən gərək boşanmış olsun. Təbii ki, bunu zarafatla dedi. Amma bildirdi ki, Bakı şəhərindəki məktəb direktorlarının xeyli hissəsi məhz boşanmış qadınlardır. “Özü də hər gün artır. Ona görə fikirləşirəm ki, bəlkə direktor olmaq üçün belə bir tələb var” deyir.

Bir daha qeyd edirəm. Bu fonun yaranmasının onlarla səbəbi var və burada idarəçidən tutmuş icraçıya, valideynə kimi hər kəsin məsuliyyəti bərabərdir.

Bilməliyik ki, bütün bu oyunlar sonuc olaraq siniflərdə nəzarət olunması mümkünsüz bir nəslin yetişməsi ilə nəticələnir. Azərbaycan müstəqillik qazanandan təhsil sahəsində onlarla təcrübələrdən istifadə edilib. İndi də o təcrübələrdən birinin meyvələrini dəririk. Təcrübə elm üçün gözəldir. Amma bir xalqın, millətin gələcəyini təcrübəyə çevirmək bağışlanmazdır.

Elnur Məmmədli

Məktəblərdə şapalaq cəzası bərpa edilsin?