"Müxtəlif yollarla ov silahı alan şəxs özünü ovçu sayır" - Xidmət rəisi

"Müxtəlif yollarla ov silahı alan şəxs özünü ovçu sayır"

"Müxtəlif yollarla ov silahı alan şəxs özünü ovçu sayır" - Xidmət rəisi

“Ovçuların maarifləndirilməsi təkcə ovçuluq təsərrüfatlarının işi deyil”.

Polemika.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişinin qonağı, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, ovçuluq təsərrüfatlarına daxil olan şəxs orada müəyyən ilkin təlimatlanmanı keçə bilər:

“Gəlin, oradan başlayaq ki, ovçuluq özü riskli bir fəaliyyətdir. Yəni bu adam odlu silahı özü əlinə götürür. Allah iraq etsin, o silahdan istifadə edib, hətta kiminsə canına bilərəkdən və yaxud bilməyərəkdən qıya bilər.

Ovçu olmaq istəyən şəxs birinci növbədə ovçuluq bileti almalıdır. Ovçuluq bileti hansı halda alınır? Bu şəxs müraciət edir, müəyyn test imtahanlarından keçir, bilikləri imkan verirsə, ondan sonra ovçuluq bileti alır”.

H.Əlizadə əlavə edib:                            

“Qanunvericilikdə göstəriş var ki, həmin şəxs ovçuluq bileti ilə bərabər ovçuluq cəmiyyətlərinə üzv olmalıdır. Ovçuluq cəmiyyətlərinə nə vaxt üzv olunur? Təkcə getdi, qapını döydü, üzvlük pulu verdi və s. Xeyr, belə deyil. Orada da müəyyən bilikləri yoxlanılmalıdır və ondan sonra, artıq bu adam ovçuluq cəmiyyətinə üzv olur. Sonra ov icazəsi alıb, ovçuluq təsərrüfatına gedir. Yəni, artıq ovçuluq təsərrüfatına gedən və yaxud ov yerinə gedən şəxs müəyyən biliklərə, maariflənməyə malik şəxs olmalıdır”.

“Çox təəssüf ki, bu gün müxtəlif yollarla ov silahı alan şəxs, artıq özünü ovçu sayır. Amma ki, köhnə ovçular, hətta Azərbaycanın fəxri ovçuları da bu qaydaları çox gözəl bilirlər və ona görə, əlbəttə ki, insanlar bu fəaliyyətlə məşğul olursa, özləri öz üzərində işləməlidir, ovçuluq cəmiyyətləri onlara bu sahədə təlimatlanma keçməlidir. Əlbəttə ki, onun bir hissəsi də ovçuluq təsərrüfatlarında həyata keçirilməlidir”, - deyə o, yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 

"Müxtəlif yollarla ov silahı alan şəxs özünü ovçu sayır" - Xidmət rəisi