“Müharibədən sonra ilk dəfədir atırlar” - Tərtərin Qapanlı kənd sakini

“Müharibədən sonra ilk dəfədir atırlar” - Tərtərin Qapanlı kənd sakini

“Müharibədən sonra ilk dəfədir atırlar” - Tərtərin Qapanlı kənd sakini

Tərtərin Qapanlı kənd sakini Lətif Həmidov İkinci Qarabağ müharibəsindən bu yana ilk dəfə olaraq evlərinin atəşə tutulduğunu deyib. Onun sözlərinə görə, güllə həyətdə bir tikiliyə dəyib.

Azərbaycan Müdafiə Nazirliyi fevralın 6-da Tərtər istiqamətində Azərbaycan mövqələrinin atəşə tutulduğunu bildirmişdi.

Qarabağdakı separatçılar Tərtərin Qapanlı kəndi istiqamətində atəşkəsi pozmalarına dair məlumatı təkzib ediblər.

Bu insidentlə bağlı Ermənistan və Rusiya müdafiə nazirliklərinin saytlarında bu məsələyə dair məlumat yoxdur.

BBC News Azərbaycancaya danışan Qapanlı kənd sakini Lətif Həmidov deyib ki, kəndlə üzbəüz ərazidə 30 il ərzində erməni silahlılarının mövqe tutduğu post İkinci Qarabağ müharibəsindən sonra da qalır, amma İkinci Qarabağ müharibəsindən sonra hər hansı atəş açmaya şahid olmayıblar.

"Avtomat silahlardan atdırdılar, mənim və qonşunun evinə dəydi, amnma təsərrüfata ziyan dəyməyib".

Qapanlı kəndinin digər sakini Qoşqar Həmidov deyir, həmin gün güclü külək olsa da, atəş səslərini eşitmək mümkün olub: "Hələ də kəndimizdə 4 metr hündürlüyə çatan beton divarlar qalır və evləri o divarlar qoruyub. Güllələr qonşularımın həyət qapılarına, hamama, şüşələrə dəyib, ordan gələn səslərdən bildim".

O bildirib ki, Seysulan kəndinin ərazisində yerləşən erməni hərbçiləri ilə ara məsafəsi bəzi yerlərdə 10-15 metr təşkil edir və bu da onlar üçün "təhlükəli vəziyyət" yaradır.

Azərbaycan Müdafiə Nazirliyi bazar günü yaydığı məlumatda bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi "Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən" Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri səhər saat 00:23-dən 02:12-dək "heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub".

Azərbaycan bölmələri cavab tədbirləri görüb. "Azərbaycan tərəfindən mülki əhali və bölmələrin şəxsi heyəti arasında xəsarət alan yoxdur", məlumatda deyilib.

"Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları tərəfimizdən müşahidə edilib", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.

"Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib", - MN bildirib.

Qarabağdakı separatçılar ötən gün Tərtərin Qapanlı kəndi istiqamətində atəşkəsi pozmalarına dair məlumatı təkzib ediblər.

"Atəşkəs rejimi məhz Azərbaycan tərəfdən pozulub", - Sputnik Ermənistan Qarabağdakı separatçıların yaydığı məlumatdan sitat gətirib.

İkinci Qarabağ müharibəsinin bitməsinə son qoyan 10 noyabr üçtərəfli bəyanatda göstərilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Ötən il Azərbaycan Rusiyadan tələb edib ki, bu razılaşmaya uyğun olaraq, sülhməramlı qüvvələrinin "müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır".

Ermənistan Azərbaycanın bu tələbi ilə bağlı bildirib ki, 10 noyabr bəyanatı "Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxmasını tələb etmir və ''Artsax xalqı öz tarixi ana vətənində Müdafiə Ordusu olmadan sağ qala bilməz''.

 

“Müharibədən sonra ilk dəfədir atırlar” - Tərtərin Qapanlı kənd sakini