Mağazaların Zəfər Gününə özəl “endirimlər” tələsi

Mağazaların Zəfər Gününə özəl “endirimlər” tələsi

Mağazaların Zəfər Gününə özəl “endirimlər” tələsi

Bir çox iri mağazalar şəbəkəsi Zəfər Günü ilə bağlı xüsusi kampaniyalar keçirir. “Zəfər Gününə özəl” şüarı ilə başladılan ksər kampaniyalarda bütün məhsulların nağd alışına 50 faizədək endirim edildiyi elan olunub.

Lakin bir sıra hallarda olduğu kimi, bu dəfə də müştərilər həmin endirimlərin real olmadığından şikayətlənirlər. Redaksiyamıza daxil olan şikayətlərə görə, məhsulların real qiyməti suni şəkildə artırıldıqdan sonra, üzərinə 20-30-50 faiz civarında endirim yapışdırılır ki, bu da müştərilərin aldadılmasından başqa bir şey deyil.

Bununla yanaşı, daha bir narazılıq da faiz endirimlərinin bir çox hallarda ucuz, keyfiyyətsiz, mağazanın “üstündə qalan” məhsullara şamil edilməsi ilə bağlıdır. Mağazalar bu iddialarla razılaşmasa da, müştəri şikayətlərinin olması bu istiqamətdə müəyyən problemlərin mövcudluğundan xəbər verir.

Mövzu ilə bağlı AYNA-ya danışan marketinq və kommunikasiya üzrə mütəxəssis Aysel Cəbrayılova söyləyib ki, bayram günlərində insanların alış-veriş üçün imkanlarının çoxalması mağazaların müxtəlif kampaniyalarla  müştəriləri cəlb etməsi üçün fürsətə çevrilir: "Ümumiyyətlə, həm milli, həm də beynəlxalq bayramlarda şirkətlər çalışır ki, kampaniyalar etsinlər. Milli bayramlarda tətil olur, insanlar evdə olurlar, vaxtlarının bir çox hissəsini alış-verişlə dəyərləndirə bilirlər. Buna görə çalışırlar ki, kampaniyalar etsin, rəqabətdə də üstünlük əldə etsinlər, həmin gün onlardan daha çox alış-veriş edilsin”.

Endirimlərlə bağlı məqama mütəxəssis belə aydınlıq gətirib: "Endirimin bütün məhsuallara eyni dərəcədə şamil edilməsi mütləq deyil. Endirim 50 faizədək qeyd edilibsə, ola bilər ki, hansısa məhsula marjadan asılı olaraq 40-50 faiz şamil olunub, hansılarasa 10 faiz. Bəzi məhsullara isə ümumiyyətlə, endirim şamil edilməyə bilər. Bu da onunla bağlıdır ki, məsələn, həmin məhsullar hansısa promo məhsul kimi nəzərdə tutula bilər”.

“Tutalım, “3 al, 2 ödə” kampaniyası var və onun üzərinə 50 faizədək endirim əlavə olunubsa, artıq o endirim, bu birisi endirimə şamil olunmur. Və yaxud loyallıq proqramları var ki, müştərilərə kart verilir, orada onların 10 faiz endirimləri olur, burada da məhsul 30 faiz endirimdədirsə, o toplanıb 40 fazi olmur. Seçim verilir ki, ikisindən birini seçsin. Buna görə, ola bilsin, qiymətdə bəzən üst-üstə düşməsin", - deyə Cəbrayılova bildirib.

Məhsulun qiymətinin suni şəkildə artırıldıqdan sonra endirimli qiymətlə təqdim edilməsinə qaldıqda, həmsöhbətimiz bunun müştəri haqlarının pozulması olduğunu vurğulayıb: "Əgər məhsulun qiyməti 5 manat olub, endirimdən sonra 10 manat edib, 50 faiz endirim ediblərsə, bu, tamamilə səhv yanaşmadır. Mən çox ümid edirəm ki, bizim yerli şirkətlər belə addımlar atmır. Atadıqları halda da bu, istehlakçının yanılması ilə nəticələnir. Bir dəfə işləyə bilər, amma növbəti dəfələrdə müştərilər xəbər tuturlar. Biz çox böyük informasiya ilə əhatələnirik və mağazadan çıxan hər bir müştərinin mütləq sosial hesabı var. Onun bir mesajı özü ilə yanaşı onlarla adamı məlumatlandıracaq. Bu da reputasiyanın pozulması ilə nəticələnə bilər".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da AYNA-ya açıqlamasında endirim kampaniyaları ilə bağlı istehlakçıları narahat edən məqamların mövcudluğunu təsdiqləyib: "Endirim kampaniyaları ilə bağlı, bəli, belə problemlər var. İstehlakçılardan bu barədə yazılı şikayətlər almasam da, qeyd edim ki, endirim kampaniyalarının hamısının mahiyyətində istehlakçını qapıdan içəri salmaq dayanır. İstehlakçı içəri daxil olandan sonra deyirlər, “endirim bu mallara aid deyil”.

“Nazirlər Kabinetinin 94 saylı qərarına görə, malların üzərində maddi məsul şəxsin imzası olmaqla qiymət sənədi olmalıdır. Yəni əvvəlki və sonuncu qiyməti göstərilməlidir. Təəssüf ki, biz bunu görmürük və əksər hallarda əvvəlki qiyməti artırır, sonra endirim edirlər. Bununla da endirim etdiklərini göstərirlər. Lakin həqiqi endirim kampaniyası edən şirkətlər də mövcuddur”, - deyə müsahibiz qeyd edib.

Hüseynov istehlakçı hüquqlarını diqqətə çatdırıb: "Endirim kampaniyaları ilə bağlı ciddi məsələlərdən biri odur ki, istehlakçının endirim kampaniyasından aldığı məhsul tələbatını ödəmədikdə dəyişmirlər və qaytarmırlar. Deyirlər ki, “sən bu məhsulu endirimli qiymətlə almısan”. Bu, qanunaziddir. Endirim kampaniyalarında alınan mallar da kassa çeki olmaqla dəyişdirilə və 14 gün müddətində qaytarıla bilər”.

 

Mağazaların Zəfər Gününə özəl “endirimlər” tələsi