"Kişi müəllimlərin məktəbdən getməsi dəhşətdir" - Keçmiş təhsil naziri

"Kişi müəllimlərin məktəbdən getməsi dəhşətdir" - Keçmiş təhsil naziri

"Kişi müəllimlərin məktəbdən getməsi dəhşətdir" - Keçmiş təhsil naziri

Sosial şəbəkələrdə paylaşılan aidio və video görüntülər ictimai rəyin diqqətini Azərbaycan məktəblərinə yönəldib. Bir çox problemlər sırasında məktəblərdə kişi müəllimlərin azlığı da gündəmə gətirilib.

Sabiq təhsil naziri Firudin Cəlilov mövzu ilə bağlı Polemika.az-a açıqlamasında qeyd edib ki, hələ 1990-cı illərdə kişi müəllimlər kütləvi şəkildə orta məktəbləri tərk edib: 

“Maaş az idi və ailələrini dolandıra bilmirdilər. Orta məktəblərdə işləyən kişi müəllimlərin sayı surətlə azalırdı. Araşdırma apardım və gördüm ki, bu hal təhsilə böyük ziyan vuracaq. Çünki orta məktəblərdə qadın müəllimlərə nisbətən kişi müəllimlərin olması tərbiyəvi baxımdan çox faydalıdır. Bu sözü təkcə mən yox, bütün psixoloqlar, pedoqoqlar da deyir. Orta məktəblərdə təhsil alan yeniyetmələri kişi müəllimlərin geyimi, duruşu, baxışı, hadisələrə münasibəti formalaşdırır.

O zamanlar Milli Məclis sədri Yaqub Məmmədov prezident səlahiyyətlərini icra edirdi. Onun qəbuluna getdim, dedim ki, Yaqub bəy, siz də müəllimsiniz, mən də. Bilirik ki, məktəblərdən kişi müəllimlərin çıxması dəhşətli haldır. Maliyyə nazirinə tapşırın, müəllimlərin maaşını 5 dəfə artırsın, pedoqoji kadrlar dağılmasın. Dedi ki, ağıllı fikirdir. Yaqub Məmmədov maliyyə nazirinə zəng vurdu, nazir gəldi, təklifi eşidəndə gözləri yaşardı. Dedi: “Büdcədə pul yoxdur, müəllimlərin maaşını necə artırım?” 

Söhbətimiz çox çəkdi, onu da inandırdıq ki, bu məsələ həll olunmasa, vəziyyət çətinləşəcək. Axırda maliyyə naziri 3 qat artıma razılıq verdi. Yaqub Məmmədov da fərmanı imzaladı, eyni zamanda, müəllimlərə güzəşt verildi. Onlar qaz, işıqpulu, yol xərclərindən azad olundular. Bu proseslərdən sonra kişi müəllimlər məktəbi tərk etmədilər, hətta gedənlər də qayıtdı.

Bir sözlə, bu gün əgər kişi müəllimlər orta məktəblərdən gedirsə, bu hadisə təhsilə həddən artıq ziyan verəcək deməkdir və qarşısı alınmalıdır”.

Mehri QURBAN

"Kişi müəllimlərin məktəbdən getməsi dəhşətdir" - Keçmiş təhsil naziri