İrəvandan şirin vədlər və sərhəddə təxribat: "Bəlkə də bu, Ermənistanın arxasında duran qüvvələrin istəyidir"

İrəvandan şirin vədlər və sərhəddə təxribat: "Bəlkə də bu, Ermənistanın arxasında duran qüvvələrin istəyidir"

İrəvandan şirin vədlər və sərhəddə təxribat: "Bəlkə də bu, Ermənistanın arxasında duran qüvvələrin istəyidir"

“Ermənsitanın Baş naziri Nikol Paşinyan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində davamlı olaraq bu fikirlərə söykənir. Lakin hər dəfə münasibətlərin normallaşdırılması istiqamətində müsbət mesajlar verildikdən sonra hərbi və siyasi təxribatlar törədilir, atəşkəs pozulur, Azərbaycan tərəfi hədəfə alınır. Bu təxribatlar həm Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazisində, eləcə də Ermənistan-Azərbaycan sərhədində baş verir”.

Bu sözləri Polemika.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırıq” ifadəsindən sonra sərhəddə baş verən sonuncu hərbi təxribata toxunub:

“Bu sayaq halların qarşısını almaq üçün, ilk növbədə, sərhədlərin delimitasiyası, eləcə də Azərbaycanın ərazi bütövlüyünün tanınması mütləq xarakter daşıyır və bu, Azərbaycanın istəkləri, hətta şərtləridir. Azərbaycan müharibənin qalibi kimi prosesləri idarə edir. Bu şərtlər həm də Ermənistanın xeyirinədir, Ermənistanın da daxil olduğu Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması baxımından çox önəmlidir.

Digər bir məsələ həm də iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması kontekstində Zəngəzur dəhlizinin açılmasıdır. Bu şərtlərin icra olunmasını Ermənistan tərəfi də yaxşı dərk edir və yavaş-yavaş bu istiqamətdə addımlar atır”.

İ. Hüseynov əlavə edib:

“Amma hərbi təxribatların baş verməsi Ermənistanın mərkəzi komandanlığa tabe olmayan hər hansısa qüvvələrlə əlaqələndirilsə də, bu gün Ermənistanın müdafiə naziri Suren Papikyanın hərbi sahədə səriştəli olmasa da, Baş nazir Nikol Paşinyana ən sadiq insanlardan biridir. Təxribatların baş verməsi onu deməyə əsas verir ki, bu, rəsmi İrəvanın sanksiyası ilə həyata keçirilir və Ermənistan yenidən hiyləgər oyun oynayır. Həm münasibətlərin istiləşməsi istiqamətində müsbət mesajlar verir, həm də gərginliyin qalıcı olmasına xidmət edən addımalar atır. Bəlkə də Ermənistanın arxasında duran qüvvələrin istəkləri bundan ibarətdir.

Odur ki, Ermənistanın hazırki iqtidarı, Baş nazir Nikol Paşinyan öz siyasi iradəsini göstərməli və öz addımlarında qətiyyətli və ardıcıl olmalıdır. Əməlləri ilə verdiyi vədlər üst-üstə düşməlidir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 

İrəvandan şirin vədlər və sərhəddə təxribat: "Bəlkə də bu, Ermənistanın arxasında duran qüvvələrin istəyidir"