İrandan keçən "Z dəhlizi" - Bu təşəbbüs 30 il əvvəl səslənmişdi

İrandan keçən "Z dəhlizi" - Bu təşəbbüs 30 il əvvəl səslənmişdi

İrandan keçən "Z dəhlizi" - Bu təşəbbüs 30 il əvvəl səslənmişdi

“Azərbaycanla İran arasında tarixi Anlaşma Memorandumu imzalanıb”. Yerli KİV başlıqlarında təqdimat bu cürdür. Rəsmən sənəd “İran İslam Respublikası ərazisində Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunu və Naxçıvan Muxtar Respublikasına birləşdirən yeni nəqliyyat əlaqəsi dəhlizinin yaradılması haqqında Qarşılıqlı Anlaşma Memorandumunu” (QAM) adlanır. 

QAM-ın “tarixi” təqdimatında qəbahət görmürəm, amma siyasi aləmdə qəfil ildırım kimi çaxması da, məncə şəksizdir.

Əgər 55 km-lik yeni dəhlizin tarixiliyinə vurğu ediriksə, ideyanın prinsipcə yeni olmadığı, hələ təxminən 30 il əvvəl yarandığı bildirməlidir. 

Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu, Dağlıq Qarabağ münaqişəsinin artıq başladığı dövrdə İranın mərhum prezidenti Haşimi Rəfsəncani İslam Respublikası ərazisindən keçməklə, nəqliyyat dəhlizinin yaradılmasını Ayaz Mütəllibova təklif etmişdi.

Rəfsəncaninin xatirələrində bu barədə qeyd var: 

“21 sentyabr 1991.

Axşam doktor [Həsən] Ruhani Ali Milli Təhlükəsizlik Şurasının iclası üçün icazə almağa gəldi. Şuranın iclasında iştirak etdim. Küveyt-ABŞ razılaşması, Türkiyə ilə sərhəd problemləri, suyun Fars körfəzinin cənubundan nəqli və Ermənistanın mühasirəsindən qurtulmaq üçün Araz çayının cənubunda dəmir yolunun inşası, Naxçıvanla əlaqə qurması üçün dəmir yolunun Sovet Azərbaycanının istifadəsinə verilməsi məsələləri müzakirə edildi”.

O zaman bu təklifə isti yanaşılmadı, yaxud hansısa səbəbdən tarixin tozlu rəflərinə atıldı. Halbuki dəhliz istəyi Azərbaycanın özündən gəlmişdi. 

QAM-ın tarixiliyinə dair digər bir isbat razılaşmanın qeyri-müəyyən müddətə bağlanılmasıdır. Yəni müddətsiz.

Daha bir tarixiliyin açması isə bu sətirlərdədir:

“– Ermənistan ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi;

– Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlandı, lakin Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı;

– Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı...."

Yəni Azərbaycan Zəngəzur dəhlizindən imtina edib, yaxud bu dəhlizin yaradılmasını qeyri-müəyən müddətə təxirə salıb.

Özünütərəif olmasın, mən əvvəldən Zəngəzur dəhlizi təşəbbüsünə böyük şübhə ilə yanaşmışam. Çünki...

...birincisi, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli bəyannamələrində bu ifadə ümumiyyətlə yoxdur, yalnız Azərbaycanı Naxçıvanla bağlayan “kommunikasıyaların bərpası” ifadəsi var. 

...ikincisi, “Zəngəzur dəhlisi” istilahı bir çox dövlətlərdə səhv anlaşılma, əsasən, Ermənistan ərazisinin ilhaqı təəssüratı yaradır və rəsmi Bakıya qarşı ittihamlara rəvac verirdi. 

...üçüncüsü, region qonşumuz İran Cənubi Qafqazın digər dövlətləri ilə kommunikasıyalarında əngəllə qarşılaşmaq istəmirdi. Tehranın narahatlıqlarına Avropa İttifaqı da şərik idi, çünki Şimal-Cənub Nəqliyyat Dəhlizinin ikinci xətti Fars körfəzindən Ermənistana, Gürcüstana uzanaraq Qara dənizdən keçməklə Bolqarıstan və Yunanıstanda bitməli idi.

...dördüncüsü, bəlkə də ən əsası, Zəngəzur dəhlizi təşəbbüsü Laçın dəhlizinin qeyri-müəyyən müddətə mövcudluğunu şərtləndirir və mahiyyətcə, ərazisinin bütövlüyünü təsdiqləməyə çalışan Azərbaycanın maraqlarına indiki halda zidd idi.

...beşincisi, Ukraynada müharibə qlobal siyasi səhnədə kartları əməllicə arışdırıb, zaman Azərbaycanın əleyhinə işləyə bilərdi. Qərb-Rusiya ziddiyyətlərinin hərbi toqquşma dərəcəsinə çatdığı, qarşılıqlı sanksiyalar, məhdudiyyətlərin qüvvəyə mindiyi, maliyyə kanalları və nəqliyyat xətlərinin nəzarətə götürüldüyü bir zamanda daha etibarlı və təhlükəsiz dəhlizlərə üstünlük verilməsi çox məntiqlidir. Məhz buna görə Zəngəzur dəhlizi əvəzinə, QAM qəfil ildırım kimi çaxdı.

Yeri gəlmişkən, “qam” farsca “addım” deməkdir.

Əsas odur ki, Azərbaycan və İran bu mühüm addımı zamanında atdı. 

Əziz Rzazadə

 

İrandan keçən "Z dəhlizi" - Bu təşəbbüs 30 il əvvəl səslənmişdi